İşıqlı insan
Böyük şəxsiyyətlər, həqiqi elm fədailəri yaşadıqları mühitin hüdudlarına sığmırlar. Onlara insanlığın zirvəsi, bitib-tükənməyən örnək məktəbi desək, yanılmarıq. Çünki belə şəxsiyyətlər həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Bu baxımdan Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan yüksək intellekt sahibi, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir.
Zərifə xanım Əliyeva gözlərə nur bəxş edən görkəmli həkim-oftalmoloq idi. Sənətinə sevgisi onu bu sahənin dərinliklərinə varmağa sövq etmiş, gərgin elmi axtarışları bir sıra göz xəstəliklərinə çarə tapılmasına səbəb olmuşdu. Bu, eyni zamanda, alimin özünə şan-şöhrət qazandırmış, elm yollarında akademikliyə qədər yüksəltmişdi.
Zərifə xanım Əliyevanın istər bir həkim və alim, istərsə də bir şəxsiyyət kimi həyatı öz xalqının həyatından, bir az da dəqiq ifadə etsək, xalqının tarixindən ayrılmazdır. Ola bilsin ki, onun özü yaşadığı illərdə baş verən böyük ictimai-siyasi hadisələrin heç də hamısında bilavasitə iştirak etməyib. Amma bu hadisələrin əksəriyyəti Zərifə xanımın həyatından qırmızı xətlə keçib. Çünki Zərifə xanım görkəmli ictimai-siyasi xadim, bir-birinin ardınca böyük vəzifələr daşımış və öz dövrünün kəşməkəşlərini yaşamış Əziz Əliyevin övladı idi.
Çünki Zərifə xanım dünya səviyyəli siyasətçi, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı idi.
Zərifə Əliyeva ana idi. Övladlarını ilahi bir məhəbbətlə sevən, oğul-qız qayğısı və cəfası çəkən, onların təlim-tərbiyəsinə ömrünü həsr edən bir ana!
Həkimliyə məhəbbəti
atasından əxz etmişdi
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR-in Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Uşaqlığı bu kənddə keçsə də, sonradan onlar ailəliklə Bakıya köçüblər. 1942-ci ildə orta məktəbi qurtarıb Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və oranı 1947-ci ildə bitirib. Sonra Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.
Zərifə xanım həkim ailəsində böyümüşdü, sənətinə vurğunluğu atası Əziz Əliyevdən əxz etmişdi. Onun həyat fəlsəfəsi ilk növbədə, uşaqlıq çağlarından qaynaqlanırdı. Sonradan özü də etiraf edirdi ki, uşaqlıq çağları insanın özünü dərk etməsində həlledici mərhələdir və insanın bütün ömrü boyu müraciət etdiyi uşaqlıq dünyasını heç nə ilə əvəz etmək mümkün deyil. İnsan məhz uşaqlıqda xeyrin və şərin nə olduğunu anlayır.
Zərifə xanımın dünyaya göz açdığı ailə Azərbaycanın əsil-nəcabətli, soylu-köklü ailələrdən biri idi. Elm və mədəniyyət xadimlərinin çoxu onun ata evinin daimi qonaqları olurdu. Əziz Əliyevin ailəsində uşaqların tərbiyəsinə böyük diqqət yetirildiyini sonralar şahidlərin hamısı xüsusi vurğu ilə qeyd ediblər.
Bu böyük şəxsiyyətin həyatının bütün mürəkkəb mərhələləri, onun övladları üçün əslində, həyat dərsləri idi. Şəxsi nümunəsi ilə övladlarına mübariz olmağı aşılamışdı. Bunu inam və ümid dərsi də adlandırmaq olar.
Elmi tədqiqatlara
olan maraq və irsən qanına-iliyinə hopmuş həmin
inam Zərifə Əliyevanı Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat
İnstitutuna gətirir. Orada həkim-ordinator kimi işə
başlayır. 1950-ci ildə aspiranturaya daxil olur. İnstitutda elmi işçi kimi
çalışır.
Həmin illərdə
Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. Üstəlik
də, xəstəliyə qarşı təsirli müalicə
üsulları yox idi. Odur ki, onunla
mübarizə təkcə oftalmologiya elmi üçün
deyil, bütünlükdə respublikanın səhiyyəsi
üçün mühüm əhəmiyyət
daşıyırdı. Belə bir
dövrdə Zərifə xanım traxoma xəstəliyinə
qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin
təşkilində və keçirilməsində fəal
iştirak edirdi. Həkim Bakıda
insanları müalicə etməklə kifayətlənmir, Azərbaycanda
traxoma xəstəliyinin daha geniş yayıldığı
rayonlara gedir, oftalmoloqlara mühazirələr oxuyur, əhali
arasında söhbətlər aparırdı.
Başqa
sözlə, Zərifə xanımın ilk elmi
araşdırmalarının mövzusunu həyat özü
diktə etmişdi. Alim tədqiqat işini traxomanın
müalicəsi ilə bağlı məsələlərə,
daha doğrusu, traxomanın müalicəsində və onun
ağırlaşdığı hallarda daha təsirli vasitələrin
öyrənilməsinə, o dövr üçün yeni olan
antibiotikdən - sintomitsindən istifadə olunmasına həsr
etdi. Çünki sintomitsin geniş
antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa
malik idi. Bu tədqiqatların nəticələri
Zərifə Əliyevanın 1960-cı ildə uğurla
müdafiə etdiyi "Traxomanın digər terapiya
üsulları ilə birlikdə sintomitsinlə müalicəsi"
mövzusunda namizədlik dissertasiyasının əsasını
təşkil etdi. Alim qlaukomanın öyrənilməsi
ilə bağlı sonralar da bir sıra tədqiqat işləri
aparır.
1967-ci ildə
Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri
kafedrasına dosent vəzifəsinə dəvət alır. Həmin
dövrdə həkimlik fəaliyyəti ilə məşğul
olur, bir çox cərrahiyyə əməliyyatları
aparır, xəstələri qəbul edirdi. Bir sözlə, fəaliyyəti təkcə klinikada
qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını
əhatə edirdi. Göz xəstəlikləri üzrə
təkmilləşdirmə kurslarının dinləyici həkimləri
ilə pedaqoji iş aparır, elmi tədqiqatları üzərində
çalışırdı.
Getdikcə
oftalmologiyanın bir sıra aktual məsələlərinə
daha çox diqqət yetirirdi. Bu məsələlər
sırasında diaqnostika, qlaukomanın və görmə
orqanının iltihabının müalicəsi və s.
xüsusi yer tuturdu. Çox keçmir ki, alimin diqqətini
oftalmologiyanın elmi cəhətdən az
araşdırılmış sahəsi - görmə
orqanının patologiyası cəlb edir. Bu
problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin
geniş inkişafı ilə yox, həm də bir çox
yeni kimyəvi birləşmələrin görmə
orqanına təsirinin elmi şəkildə demək olar ki, tədqiq
olunmaması ilə əlaqədar idi.
1968-ci ildən
Zərifə Əliyeva məqsədyönlü şəkildə
görmə orqanının patologiyası ilə məşğul
olmağa başlamışdı. Ümumiyyətlə,
bir sıra ciddi elmi məsələlərlə yanaşı,
görkəmli alim bütün ömrü boyu peşə ilə
əlaqədar əmələ gələn göz xəstəliyi
probleminə xüsusi maraq göstərmişdir. Eyni zamanda, Zərifə xanım yod-sənaye müəssisələrində,
neft-kimya sənayesində çalışan şəxslərin
görmə orqanına təsir edən amillərə əsas
diqqət yetirmişdir.
Alim bu problem üzərində
iş apararkən çox vaxt sənaye müəssisələrində
olmuş, zərərli peşə sahələrində
çalışan şəxsləri oftalmoloji müayinədən
keçirmişdir. Bununla yanaşı,
Bakının və Sumqayıtın bir sıra sənaye
müəssisələrinin, o cümlədən şin
zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr
aparmışdır. Genişmiqyaslı
klinik və təcrübi tədqiqatlar nəticəsində
alim zərərli maddələrin görmə orqanına təsirinin
əsas qanunauyğunluğunu aşkara çıxara
bilmişdir.
Zərifə Əliyevanın
elmi nailiyyətlərinin bir çoxu Azərbaycan Elmlər
Akademiyasının Fiziologiya İnstitutu ilə
bağlıdır. Onun yüksək elmi təşkilatçılığı,
təşəbbüsü və rəhbərliyi ilə
1979-cu ildə burada yaradılmış göz xəstəliklərinin
professional patologiyası laboratoriyası Azərbaycan
oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi
olmuşdur. İndi də bu məktəbin
yetirmələri Zərifə xanımın elmi ənənələrini
davam və inkişaf etdirirlər. Həmin
laboratoriyanın tədqiqat bazası Bakı Məişət
Kondisionerləri Zavodu olmuşdur. Burada elmi
tədqiqatlarla yanaşı, müalicə işləri də
aparılmışdır. Zərifə
xanım Əliyeva alimlik istedadı ilə həkimlik
bacarığını mahir şəkildə özündə
birləşdirirdi. Akademik həm görmə
patologiyasının müalicə metodlarını təkmilləşdirmiş,
həm də özünün kəşf etdiyi görmə
aparatı vasitəsilə kompleks diaqnostika və erkən cərrahi
müalicə üsullarını müvəffəqiyyətlə
tətbiq etmişdir.
Alimin
çoxillik elmi araşdırmalarının nəticəsi
olaraq kimya sənayesi işçilərinin göz xəstəliklərinin
tədqiqini ümumiləşdirən, ciddi elmi nəticələr
doğuran işi 1976-cı ildə doktorluq dərəcəsinə
layiq görülmüşdür. Görmə orqanının vəziyyəti
və funksiyasının dərin və hərtərəfli nəzərdən
keçirilməsi zamanı şin və yod istehsalı sahəsində
çalışan 1500-dən çox insan üzərində
müşahidələr aparılmış, spesifik iş
şəraitinin, sanitar-gigiyenik durumun görmə
orqanlarına mənfi təsiri elmi dəlillərlə
sübuta yetirilmişdir. Mövzunun
aktuallığı, qarşıya qoyulmuş məqsədin
uğurla reallaşdırılması, ən yeni nəzəri
müddəaların meydana çıxarılması, hər
şeydən əvvəl, elmi işin tətbiqi xarakteri alimə
halal doktorluq haqqı qazandırmışdır.
Zərifə xanımın
tibb elmləri doktoru adına layiq
görülməsinə hamı bir nəfər kimi səs
vermişdi. Opponentlər bu işi dərin təhlilə
söykənən, elmi kəşf kimi qiymətləndirilən
bir iş olduğunu söyləmişdilər. Elə
Zərifə xanımın müdafiədəki
çıxışının özü də dərin
mütəxəssis biliyindən, dissertasiya üçün seçilmiş
materialların zənginliyindən xəbər verirdi.
Elmi axtarışlardan yorulmaq bilmirdi
Doktorluq dissertasiyasını
müdafiə etdikdən az sonra Zərifə
xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir,
1983-cü ildə isə həmin kafedranın müdiri olur. Görkəmli alim öz ətrafına istedadlı həmkarlarını
toplayaraq elmi-tədqiqat işini, kadrların və elmi
işçilərin hazırlanmasını yüksək səviyyədə
təşkil edirdi.
1977-ci ildə
professor Zərifə Əliyevanın təklifi ilə Bakı
şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti
İdarə Heyətinin plenumu keçirildi. Plenuma
hazırlığın və onun təşkilinin
bütün ağırlığı da elə Zərifə
xanımın öz üzərinə düşdü. Bu, çox əhəmiyyətli bir tədbir idi.
Belə ki, Azərbaycanda, eləcə də keçmiş SSR
İttifaqının oftalmologiya xidmətinin inkişafına və
elmi-pedaqoji kadrların hazırlanmasına öz töhfəsini
verdi.
Elmi araşdırmaları nəticəsində
Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən
"Şin istehsalında gözün peşə
patologiyası", "Xroniki yod intoksikasiyası ilə
bağlı oftalmologiya", "Yod sənayesində
gözün peşə xəstəliyinin profilaktikası"
monoqrafiyalarını çap etdirdi. Bunlar
dünya elmi ictimaiyyətinin diqqətini cəlb edən əsərlər
idi.
Özünün zəngin
iş təcrübəsinə və həyat müdrikliyinə
əsaslanan Zərifə xanım həkimin xəstə ilə
necə davranmasına aid tövsiyələr verir, bu
münasibətlərdə həkimin "söz"lə
müalicə edə bilmək bacarığını önə
çəkirdi. Onun fikrincə, səhiyyə
işçisinin əxlaqının əsaslarını səmimiyyət,
xəstəni başa düşmək bacarığı,
xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq
təşkil edir.
Xəstələr
professor Zərifə xanımdan üzlərində təbəssüm,
ürəklərində sağalmaq ümidi ilə
ayrılırdılar. Zərifə xanım xəstəyə
tez diaqnoz qoymağa tələsmirdi. İlk
növbədə, xəstənin daxili aləmini öyrənməyə
çalışırdı. Bir həkim
kimi onun yaşayış tərzini, vərdişlərini,
şikayətini və xəstəliyin başvermə səbəblərini
aydınlaşdırmağa səy göstərirdi. Professorun fikrincə, yalnız belə olduqda obyektiv
klinik müayinə əsasında düzgün müalicə
təyin etmək mümkündür.
1983-cü ildə
Zərifə Əliyeva "Həkimin əxlaqi tərbiyəsi,
deontologiya, səhiyyə etikası və əxlaq məsələləri"
əsərini nəşr etdirir. Burada da məhz Zərifə
xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə
və ümumən ətrafdakılara münasibəti bir daha
öz əksini tapıb. Əsər elmi
olsa da, mahiyyət etibarilə daha geniş əhəmiyyət
kəsb edir. O, səhiyyə mövzusu çərçivəsindən
çıxaraq məişət və ailə əlaqələri
də daxil olmaqla bütövlükdə insanların
qarşılıqlı münasibətlərinin öyrənilməsində
mühüm əhəmiyyət daşıyır.
Zərifə Əliyeva
tibb işçisinin ətrafdakıların tərbiyəsində
böyük rol oynadığını, cəmiyyətin əxlaq
etalonu olduğunu qeyd edirdi. Akademik haqlı olaraq belə hesab
edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə
münasibətini müəyyənləşdirən
başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir
ki, xəstənin ağrılarını məhz
özünün ağrıları hesab edir. Belə
bir həkim üçün hər dəfə xəstəni
qəbul etmək, hər dəfə xəstəliyə
düçar olmuş insanla söhbət etmək həm xəstə
qarşısında, həm də cəmiyyət
qarşısında, ən başlıcası isə öz
vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir".
Cazibəli
şifahi nitq mədəniyyətinə malik olan Zərifə
xanım həkim-oftalmoloq üçün Azərbaycan və
rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək
elmi səviyyədə mühazirələr oxuyurdu. Milliyyətcə
rus olanların özləri də onun həmin dildəki
şifahi danışığına, elmi kürsülərdən
yüksələn çıxışlarındakı dəqiq
və aydın tələffüzünə heyran
qalırdılar. Professor tribunada
özünəməxsus danışıq manerası ilə fərqlənir,
möhkəm yaddaşına güvənərək bir qayda
olaraq yazılı mətnə baxmadan əhatə etdiyi
mövzunu rəngli slaydlar və cədvəllərlə əsaslandıra
bilirdi.
1981-ci ildə
oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə
- görmə orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva
o zaman oftalmologiya aləmində ən yüksək mükafat
sayılan SSRİ Tibb Elmləri Akademiyasının akademiki
M.İ.Averbax adına mükafata layiq
görüldü. Zərifə xanım həmin
mükafatı alan ilk qadın idi.
Lakin professorun
elmi maraqları yalnız görmə orqanının peşə
patologiyası problemləri ilə məhdudlaşmırdı. Alimin görmə
orqanının virusla zədələnməsinə həsr
olunmuş silsilə işləri də elmi ictimaiyyətə
yaxşı məlumdur. Həmin elmi
işlərin tətbiqi bir sıra xəstəliklərin
differensial diaqnostikasını
yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini
yüksəltmişdir. Həkim-oftalmoloqlar
üçün nəzərdə tutulmuş "Herpetik
göz xəstəliyi", "Ağır virus konyuktivləri"
və digər dərs vəsaitləri məhz bu məsələyə
həsr olunmuşdu. Bu dövrdə alim həmçinin
qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi
məsələlərinə həsr olunmuş xeyli tədqiqatlar
aparmışdır. Sonralar bu tədqiqatların
nəticəsində bir sıra məqalə və
monoqrafiyalar yazıb çap etdirmişdir.
Zərifə Əliyeva
həm də gözün zədələnməsinin
profilaktikası və müalicəsi imkanlarını öyrənmişdir. Görkəmli
alim bir sıra elmi işlərində görmə orqanı zədələndikdə
mövcud olan cərrahiyyə əməliyyatları
üsullarını araşdırmış, həmin
üsulların təkmilləşdirilməsi
üçün faydalı tövsiyələr işləyib
hazırlamışdır. Bu tövsiyələr
cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş
gözün müalicəsini xeyli yüngülləşdirmişdir.
Akademikin bir
sıra elmi işləri isə görmə orqanında bədxasiyyətli
şişlərin diaqnostikasına və müalicəsinə
həsr olunmuşdu. Onun daktriologiyadan bəhs edən
"Göz sulanmasının fiziologiyası". "Göz sulanmasının müasir cərrahiyyə
üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə
oftalmoloqların deyil, həm də fizioloqların diqqətini
özünə cəlb etmişdi.
Bu gün də
oftalmoloqların stolüstü kitablarından olan fundamental
"Terapevtik oftalmologiya"nın müəlliflərindən
biri Zərifə xanımdır.
Təbiət onu xoş çağında yaratmışdı
Zərifə
xanım hələ uşaqlıq illərindən elmə və
incəsənətə eyni dərəcədə meyilli idi. Atası Əziz
Əliyev də bütün varlığı ilə
övladlarına bir həqiqəti aşılaya bilmişdi
ki, elm insanlara sadəcə olaraq elmi həqiqətləri dərk
etdirə bilər. Odur ki, tez-tez bu sözü təkrar
etməyi xoşlayardı: "Əgər həkim təkcə
həkimdirsə, deməli, o, pis həkimdir". Bu mənada Zərifə xanım yüksək
peşəkarlıqla yanaşı, səmimi insani münasibətləri
üstün tuturdu.
Təbii ki, Üzeyir bəy
Hacıbəyli, Müslüm Maqomayev, Əbülfəs
Qarayev, Mirəsədulla Mirqasımov, Mustafa bəy
Topçubaşov, Bülbül, Səməd Vurğun və
başqa görkəmli şəxsiyyətlərlə ailəvi
və mənəvi yaxınlıq telləri ilə sıx
bağlı olan mühitdə boya-başa çatmış Zərifə
xanım özündə azərbaycanlı ziyalı
qadınının ən gözəl nümunəsini təcəssüm
etdirirdi.
Əziz Əliyevin
daşıdığı vəzifələrlə əlaqədar
müxtəlif coğrafi məkanlarda yaşaması
övladlarının başqa xalqların dilini öyrənməsinə,
mədəniyyətinə bələd olmasına imkan verirdi. Ailənin daim
bir yerdən başqa yerə köçməsi Zərifə
xanımın da dünyagörüşünün
genişliyinə səbəb olmuşdu. Uşaqlıqdan
rus, tatar, özbək, ləzgi, avar dilini və nəğmələrini
eşitmişdi. Lakin bütün bunlardan
öncə, onun daxili dünyasını Azərbaycan mədəniyyəti,
musiqisi bəzəyirdi. Zərifə
xanımın alimliyi də, xarici görünüşü də,
daxili aləmi də ata-anasından əxz etdiyi əmanət
idi.
Zərifə Əliyevanın
hərtərəfli istedadı incəsənət sahəsində
də üzə çıxmışdı. O, fortepiano sinfi üzrə
musiqi təhsili almışdı. Həm klassik,
həm də populyar musiqini ifa edirdi.
Professor A.Dobromıslov
yazır: "Mən Zərifə xanımın təkcə
musiqi ifa etməsini yox, həm də musiqiyə necə qulaq
asmasını görmüşəm. Sanki ifa
olunan musiqi onun sifətində öz əksini tapırdı.
Tamaşanın gedişində onun üzünə
baxmaq kifayət idi ki, tamaşanı bəyənib-bəyənmədiyini
müəyyənləşdirəsən. Həmişə
baxışlarından ətrafda baş verən hadisələrə
fəal münasibət bəslədiyini oxumaq olardı. Onun gözləri valeh olur, təsdiq edir,
gülür, bəzən də təəccüblənir,
narazılığını və
barışmadığını büruzə verirdi. Fəqət heç zaman laqeydlik ifadə etmirdi.
Zərifə xanımın gözləri sanki
"danışan gözlər" idi. Bir dəfə estrada konsertinə qulaq asırdıq. Hiss
olunurdu ki, müasir ansamblın gur səsi, onu müşayiət
edən səs-küyü, ifaçının oxumağı
Zərifə xanımın xoşuna gəlmir. Lakin onun alicənablığı,
tərbiyəsi əsərdən və onun ifasından
narazı qaldığını söyləməyə imkan
vermədi: o, sadəcə, zövqlərin müxtəlif
olduğunu, həmin musiqinin də kiminsə xoşuna gəlməsinin
mümkünlüyünü qeyd etməklə kifayətləndi".
Zərifə
xanım hər zaman - siyasət, mədəniyyət, incəsənət
barəsində söhbət gedərkən öz dərin
duyumu, həssaslığı ilə hamını heyran edirdi. Onun bədii
duyumu, istedadı da bənzərsiz idi. Sənət
haqqında söhbətlərindən doymaq mümkün
deyildi.
Görkəmli
alim ünsiyyətdə nəzakətli və mülayim idi,
eyni zamanda, öz prinsiplərini müdafiə edəndə
inadkarlığı və mübarizliyi də üzə
çıxırdı. İnsani münasibətlərdə kimin
səmimi və ya qeyri-səmimi olduğunu dərhal hiss edirdi.
Professor, əməkdar elm
xadimi N.Şulpina öz xatirələrində yazır: "Azərbaycanda
Ukrayna incəsənəti ongünlüyü keçirilərkən
onun etdiyi parlaq çıxışı xatırlayıram.
Ukrayna artistləri ilə bir dəstədə Xəzər dənizinin
məşhur "Neft Daşları"na
getmişdik. Zərifə Əziz qızı da
bizimlə idi. Bu, mənim həyatımın
ən unudulmaz səhifələrindən biridir. Hər
şey gözəl idi, dənizin coşqun dalğaları da,
sənət adamlarının həmişə maraq doğuran
dünyası da, "Neft Daşları" da, orada
toplaşdığımız salon da... Amma ki o
günə Zərifə xanım xüsusi rövnəq
verirdi.
Sanki hamı tərəfindən
kəşf olunan Zərifə xanım masa arxasında
çıxış etdi, respublikanın qazandığı
uğurlardan, səhiyyə və mədəniyyət sahəsindəki
önəmli hadisələrdən danışdı. Onun
çıxışı həqiqətən, parlaq və
faktlarla zəngin idi. Mən eşitdiklərimə heyrət
edirdim... Fəxr edirdim ki, bizim aramızda təbiətin
xoş çağında yaranmış zəngin mənəviyyatlı
bir insan yaşayır".
Övladlarını Tanrının nurlu payı sayırdı
Və
bütün bunlarla yanaşı, bəlkə də
bütün bunlardan öncə Zərifə xanım sədaqətli
ömür-gün yoldaşı, qayğıkeş ana idi. Onun öz ailəsi
üçün necə əvəzsiz dəyər kəsb
etdiyini həyat yoldaşı - ulu öndərin özü də,
övladları da dəfələrlə söyləyib.
Bunu onların ailəsini yaxından
tanıyanların dili ilə çatdırmaq da çox
maraqlıdır.
Tibb elmləri doktoru, professor
A.İmaməliyev yazır: "İnsan taleləri bir-birinə
oxşayır, ancaq bir-birini təkrarlamır. Bir-birinin
tam eyni olan insanlar da yoxdur. Zərifə Əziz
qızı və Heydər Əlirza oğlu da bu mənada
istisna deyildilər. Onlar da hamı kimi
balalarını böyüdür, valideynlərinin
qayğısına qalır, hərdən sevinir, hərdən
də kədərlənirdilər. Xidməti
qulluqda da, ictimai işlərdə də uğurlar və
uğursuzluqlar bir-birini əvəz edirdi. Ancaq onlar
heç nəyə baxmadan bir-birini mənən zənginləşdirir,
çətinliklərə bir yerdə mərdliklə sinə
gərirdilər... Zərifə xanım
dünyamızdan vaxtsız köçdü. Ancaq onlar birlikdə həqiqətən də,
böyük və parlaq bir ömür yaşadılar".
Professor Fatma Abdullazadə
öz xatirələrində Zərifə xanımın fədakar
bir ana olduğunu vurğulayır: "Zərifə xanım
qeyri-adi bir ana idi və övladlarına olan münasibəti də
xüsusi idi. Belə münasibətin bənzərini
tapmaq çətindir. O, uşaqlarını sanki ulu
Tanrı tərəfindən bəxş olunan bir nur payı
kimi qəbul edirdi. O, özünə rəhm etmirdi, öz
analıq borcunu yerinə yetirməkdə də özünə
rəhmi gəlmirdi. Hərdən analar öz
uşaqlarına olan məhəbbətdə elə yüksək
dərəcələrə çatırlar ki, bununla
hamını heyrətə gətirirlər. Zərifə xanım belə analardan idi".
Zərifə xanımın
dostu və həmkarı, professor Zəhra
Quliyeva onu belə xatırlayırdı: "Zərifə
xanım qeyri-adi bir qadın idi. O, heç də hamıya qismət
olmayan böyük bir qabiliyyətin sahibi idi. Bu,
sevə bilmək qabiliyyəti idi. Həyatda
nə edirdisə, sevgi ilə edirdi. Onun
sevgisinin qüvvəsi öz ailəsinin hüdudlarında daha
parlaq əks olunur, daha artıq duyulurdu. O,
uşaqlarına, sonra isə nəvələrinə sevgisində
özünü unudurdu. Zərifə xanım Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyevin ləyaqətli
ömür-gün yoldaşı, sədaqətli dostu, sevimli
qadını və əqidə yoldaşı idi. Bacımızın xatirəsi ilə bağlı
ötən günlərimiz heç vaxt yadımdan
çıxmır. Yaddaşımda tələbə Zərifənin
şən və qayğısız siması, gəlin Zərifənin
xoşbəxtliyi və həyəcanı, ana Zərifənin
nəvazişkarlığı, ictimaiyyətçi Zərifənin
ehtiraslı, alovlu fəaliyyəti, alim Zərifənin
müdrikliyinə aid nə qədər fakt və hadisələrlə
əyaniləşib".
Bütün bunlara görə
də ulu öndər deyirdi: "Zərifə xanımın həyatdan
getməsi bizim ailəmizi, şəxsən məni və mənim
övladlarımı çox sarsıtdı. Hər
bir ailə üçün itki itkidir. Burada
hər şeyə fərq qoymaq olmaz. Ancaq
hər bir insan da, ailə də özünün daxili mənəviyyatına,
yaxud xüsusiyyətinə uyğun olaraq ailəyə baş
vermiş faciəyə, bədbəxt hadisəyə, yaxud
itkiyə öz münasibətini bildirir. Ümumiyyətlə,
ailəmiz çox həssas ailə olduğuna görə Zərifə
xanımın vəfatı bizim üçün çox
ağır olmuşdur... Biz bu gün də
razılaşa bilmirik ki, onsuz yaşayırıq. Onun xatirəsi bizim qəlbimizdə, nəinki qəlbimizdə,
bizim ailənin bütün gələcək
davamçılarının qəlbində daim
yaşayacaqdır".
Zərifə
xanımı bu gün təkcə öz ailəsində və
öz vətənində deyil, bir çox başqa məmləkətlərdə
də yad edir, unutmurlar. Onun xeyirxah əməllərini, bir alim və
ictimaiyyətçi kimi görmüş olduğu gərəkli
işləri minnətdarlıqla xatırlayırlar.
"Zərifə
xanım Rusiya və Azərbaycan oftalmoloqları arasında
ünsiyyət körpüsü salmışdı. Oftalmoloqlar
bir-biri ilə sıx dostluq və əməkdaşlıq
edirdilər. Müştərək elmi əsərlər
çap etdirirdilər. Bir-biri ilə
xeyirxah münasibətdə olurdular". Akademik
Larisa Maşetova belə deyir.
Gürcüstanın
tanınmış oftalmoloqu İoni Beradze isə onun qonşu
ölkədə də hörmətlə yad edildiyini
vurğulayır: "Zərifə xanım Əliyevanı
Gürcüstanda çox yaxşı tanıyır, onu sevirlər
və yüksək qiymətləndirirlər. O, ölkələrimizin
oftalmoloqları arasındakı xeyirxah ənənələri
davam etdirmişdir".
Lakin öz
xalqı üçün Zərifə Əliyeva beşqat,
onqat əzizdir. Həm qoyduğu elmi xəzinəyə, həm də
ata-baba ənənəsini davam etdirərək
ömrünü, zəkasını, bütün qüvvə
və bacarığını xalqına, dövlətinə bəxş
edən bir ailənin Anası olduğuna görə!
İradə ƏLİYEVA
Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 4.