Azərbaycan-Rusiya əlaqələri
bütün sahələrdə uğurla inkişaf edir
Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya ilə münasibətlər zəminində əldə edilmiş nəticələr son dərəcə əhəmiyyətlidir. Diplomatik münasibətlərin uğurla qurulmasında xalqların mədəni-tarixi bağlılığı da mühüm rol oynadığından rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlamışdır. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların bütün hüquqlarının yüksək səviyyədə qorunması, tolerantlıq mühitinin hökm sürməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət impulslar vermişdir.
Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə respublikadır. Qonşu ölkənin praqmatik siyasi dairələri Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirirlər. Rusiya ilə münasibətlərin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir.
Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev dünya siyasətində xüsusi yeri və çəkisi olan Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirmişdir. Azərbaycan Prezidentinin bu ölkəyə ardıcıl rəsmi səfərləri bir daha təsdiqləmişdir ki, Rusiya hakimiyyət dairələrinin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa olan marağı kifayət qədər səmimidir. Keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmamışdır. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir.
Azərbaycan-Rusiya əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad getdikcə güclənir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı hər iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.
Rusiya Prezidenti Dmitri Medvedevin bu günlərdə Azərbaycana rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev görüşdə ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışdılar. Tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə toxunmaqla yanaşı, siyasi, iqtisadi, energetika sahələri üzrə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdilər.
Rəsmi Moskvanın Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimad və inamı getdikcə möhkəmlənir. Prezident Dmitri Medvedevin Bakıya səfəri həm də ikitərəfli münasibətlərin genişlənməsində mövcud potensialdan daha səmərəli istifadənin zəruriliyini ön plana çıxarır. Son illər Rusiya ilə Azərbaycan arasındakı münasibətlər tamamilə yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq üçün real imkanlar açılmışdır.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Azərbaycan Prezidenti İlham Əliyev görüş zamanı bildirdilər ki, qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin inkişafına güclü təkan verir. Azərbaycan və Rusiya arasında siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurulub. 2009-cu ilin ağır iqtisadi böhranına baxmayaraq, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artması müsbət məqamdır. Səfər çərçivəsində iki ölkə arasında ən müxtəlif sahələrə dair imzalanan sənədlər əməkdaşlıq əlaqələrinin inkişafına böyük töhfə verəcəkdir. Prezident İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə"ni imzaladılar. Daha sonra "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısı üzrə müqaviləyə 4 saylı əlavə Sazişi", "Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında Saziş", "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin keçid xəttinin izahatı haqqında Sənəd" imzalandı.
Prezident İlham Əliyev Rusiya dövləti ilə imzalanan
sənədlərin perspektiv əməkdaşlığa
böyük töhfə
olacağını bildirmişdi: "Biz münasibətlərimizi strateji
tərəfdaşlar arasında, qonşular
və mehriban dostlar
arasında münasibətlər kimi səciyyələndiririk.
Rusiya Prezidentinin bugünkü səfəri, imzalanmış sənədlər,
habelə apardığımız fikir
mübadiləsi və danışıqlar bizim
münasibətlərin dinamik, səmərəli
və müsbət inkişafına əyani sübutdur.
Biz bu münasibətləri çox
yüksək qiymətləndirirk. Əminəm ki, bütün istiqamətlər
üzrə əlaqələrimizin gələcək
inkişafı da bu
günə qədər əldə edilənlər kimi səmərəli olacaqdır. Ölkələrimiz
arasında çox sıx siyasi
qarşılıqlı əlaqə vardır, çox tez-tez görüşürük, əlaqə
saxlayırıq. Rusiya Prezidentinin,
böyük bir
dövlətin Prezidentinin son
üç ildə Azərbaycana üçüncü dəfə səfər
etməsini xüsusi qiymətləndiririk.
Mən tez-tez Rusiyaya -
Moskvaya və başqa
şəhərlərə səfərlər edirəm. Bu, bir-birimizə olan
qarşılıqlı marağa, eləcə
də bizim münasibətlərin mövzusunun çox geniş olmasına dəlalət edir".
Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə çoxşaxəli olmaqla, bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı buna əyani misal ola bilər. Qarşılıqlı faydalı əməkdaşlığın mövcud durumu deməyə əsas verir ki, gələcəkdə də ölkələrimiz arasında dostluq əlaqələri daha da möhkəmlənəcəkdir. Dmitri Medvedev bu barədə bildirmişdir: "Bildiyiniz kimi, bu il Rusiya Federasiyasına fəlakət üz vermişdir. Çoxlu yaşayış məntəqəsi yanmış, insanlar zərər çəkmiş, həlak olmuş, çox evi alov bürümüşdü. Bu məqamda azərbaycanlı həmkarlarımız da bizə dost əlini uzatmış, bizim bir sıra yaşayış məntəqələrində yanğınların söndürülməsində iştirak etmişlər. Bu, həqiqətən, çox vacibdir. Xüsusən ona görə ki, bu cür fəlakətlər, adətən, gözlənilmədən baş verir və çox vaxt sürəkli xarakter daşıyır. Hətta indi, payızda da yanğınlar tüğyan edir. Dünən bizim iki vilayət yanğından zərər çəkmişdir, yaşayış məntəqələrinə, insanlara ziyan dəymişdir. Əlbəttə, biz bunların hamısını hökmən bərpa edəcəyik. Lakin bir məqam xüsusilə vacibdir ki, bu cür çətin şəraitdə, - hətta inkişaf etmiş iqtisadi potensiala malik olan Rusiya kimi böyük ölkə də çətin vəziyyətə düşə bilər, - yaxın dostlar kömək əlini uzadır. İlham Heydər oğlu, görülmüş işlərə görə bir daha sağ olun".
Azərbaycan və Rusiyanın dövlət başçılarının iştirakı ilə imzalanan sənədlər iki dost ölkə arasında münasibətlərin daha da inkişaf etməsi üçün möhkəm baza yaradacaqdır. Rusiya Prezidentinin ölkəmizə səfərinin yekunları bir daha təsdiq etdi ki, qonşu, dost ölkələr arasında münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir.
E.HACIALIYEV
Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 3.