"Üzeyir
Hacıbəyli-125" Beynəlxalq musiqi
festivalının təntənəli açılış mərasimi
olmuşdur
Sentyabrın 18-də Heydər Əliyev Sarayında "Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilmişdir.
Sarayın foyesində dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən fotoşəkillər, materiallar, kitablardan ibarət sərgi açılmışdır.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulamışdır ki, Üzeyir Hacıbəyli tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir töhfədir. Onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Ona görədir ki, zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Dünyanın ən möhtəşəm teatrlarının səhnəsində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər bu əsərləri sevə-sevə oxuyurlar. Üzeyir bəyin əsərləri milli olduğu qədər də bəşəridir.
Nazir diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Üzeyir irsinin öyrənilməsinə, tədqiqinə, əsərlərinin səhnəyə qoyulmasına və ekranlaşdırılmasına xüsusi diqqət göstərilmişdir. Ümummilli liderin təşəbbüsü ilə 1975-ci ildə Üzeyir bəyin ev-muzeyinin yaradılması bu istiqamətdə görülən çox əhəmiyyətli işlərdəndir. Məhz ulu öndərin təşəbbüsü ilə Üzeyir bəyin 90, 100, 110 illik yubileyləri böyük təntənə ilə keçirilmişdir. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını da ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Ə.Qarayev vurğulamışdır ki, dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Sərəncamına əsasən, sentyabrın 18-dən 28-dək Azərbaycanda Beynəlxalq musiqi festivalı keçiriləcəkdir. Builki festivalın proqramı olduqca zəngindir. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Kanada, Hollandiya, Almaniya və digər ölkələrdən görkəmli ifaçılar, musiqi kollektivləri iştirak edirlər.
Bildirilmişdir ki, bəstəkarın 22 yaşında qələmə aldığı "Leyli və Məcnun" operası nəinki Azərbaycanda, ümumiyyətlə, bütün müsəlman Şərqində opera sənətinin ilk nümunəsidir. Təsadüfi deyildir ki, bəşəri musiqi sırasında yer alan operanın 100 illiyi YUNESKO səviyyəsində, bütün dünyada qeyd edilmişdir.
Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir dünyası" layihəsi çərçivəsində "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası" kitabları, onun "Bədii və publisistik əsərləri", "Leyli və Məcnun", "Koroğlu" operalarının, "O olmasın, bu olsun" musiqili komediyasının klavir, libretto və CD-ləri işıq üzü görmüşdür. "Koroğlu" operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında hazırlanaraq 6 ölkədə nümayiş etdirilmişdir. Milli opera sənətimizin şah əsəri olan "Koroğlu" operasının ilk tamaşasından 73 il ötsə də, bu ölməz tamaşa Azərbaycan opera səhnəsinin tac əsəridir.
Gecə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında "Koroğlu" operasının uvertürası ilə başladı.
Tədbirdə dahi bəstəkarın "Leyli və Məcnun" operasından, "Arşın mal alan" musiqili komediyasından fraqmentlər, "Koroğlu" operasından Koroğlunun, Nigarın ariyaları və s. səsləndirilmişdir.
Mərasimdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda səfərdə
olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa, elm və
ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət
və incəsənət xadimləri iştirak
etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.-19 sentyabr.- S. 4.