Qəhrəman kəşfiyyatçının
dastanı
Ötən əsrin 90-cı illərinin əvvəlləri idi...
Savaşın ən qanlı günləri bu məmləkəti, milləti qeyrət sınağına çəkirdi.
Xocavəndin
Muğanlı kəndinin yağı tapdağına
çevrilməməsində Mövsüm Hüseynovun
oğulları böyük igidlik göstərmişdi. Ailənin böyük oğlu Eyvazın sayəsində
kənd camaatı düşmənin qarşısını
almaqdan ötrü əvvəlcədən yaxşı təşkilatlanmışdı.
Elə bu addım kənddə yenə Eyvazın rəhbərliyi
altında könüllü özünümüdafiə dəstələrinin
yaradılmasını olduqca asanlaşdırmışdı.
Ailənin digər oğulları İlyasla Əbülfət həmin vaxt Ukraynada yaşayaraq böyük hörmət sahibinə çevrilmiş, özlərinə yaxşı güzəran qurmuşdular. Hətta burada məskunlaşmış soydaşlarına da imkan daxilində yardım göstərirdilər. Elə işlətdikləri ticarət müəssisələri və digər obyektlərdə çalışanların çoxu da azərbaycanlılar idi. Ancaq Vətənin dar günü İlyasın da, Əbülfətin də Ukraynadakı rahat həyatlarını zindana döndərmişdi. Odur ki, hər iki qardaş böyüyüb boya-baş çatdıqları doğma yurd yerlərinin, bütövlükdə Vətən torpaqlarının müdafiəsində iştirak etmək üçün Qarabağ münaqişəsinin daha ağır bir mərhələyə keçdiyi vaxt Azərbaycana döndülər. İlyas gətirdiyi pulları yalnız özünümüdafiə dəstələri üçün silah-sursat alınmasına sərf edirdi. Əsgərliyini sovet ordusunun artilleriya polkunda çəkdiyindən bu qoşun növünün döyüşdə hansı rol oynadığını yaxşı bilirdi. Buna görə də Azərbaycanda olan rus əsgərlərindən artilleriya silahları alınmasına xüsusi diqqət yetirirdi.
Kənddə yaradılan özünümüdafiə dəstəsinin yüksək döyüş ruhunda olması və fiziki cəhətdən yaxşı hazırlanmasında əsas məsuliyyət idmançı olan Əbülfətin üzərinə düşmüşdü. Əsgərlikdən yenicə qayıtmış İbad isə hərbi formasını əynindən çıxarmağa macal tapmamışdı. Sovet ordusunun motoatıcı briqadasında xidmət etməsi onun döyüşlərə peşəkar hərbçi kimi qatılmasına imkan verirdi. Üstəlik, yaxşı idmançı olması onu dəstədə əvəzedilməz əsgərə çevirmişdi. Qardaşlardan ən kiçiyi olan Fizuli isə hərbi xidmətinə ilk dəfə olaraq elə özünümüdafiə dəstəsinin tərkibində başlamışdı.
İndi Muğanlıda Vətənin müdafiəsi üçün bu beş qardaşın gördüyü işlər əsl əfsanəyə çevrilmişdi. Onların sayəsində müharibənin ilk dəhşət dolu illərində yaradılan özünümüdafiə dəstəsi sonradan nəinki doğma kəndlərinin, ətrafda olan digər ərazilərin də düşmən əlinə keçməməsində elə igidliklərə, rəşadətlərə imza atdı ki...
Qardaşlar arasında İbad dəli-doluluğu ilə seçilirdi. Tez-tez ermənilərin nəzarətində olan ərazilərə keçərək mövqelərini müşahidə edib heç bir iz qoymadan geri dönürdü. Əslində, bu, onun peşəkar kəşfiyyatçı olmasından xəbər verirdi. İbadın bu cəsarəti kəndin digər gəncləri üçün də nümunəyə çevrilir, onlara cürət verirdi. Artıq gənclərin bir çoxu onunla birgə düşmən arxasına keçməyi, yağının nəzarətində olan ərazilərdə kəşfiyyat aparıb məlumat toplamağı özü üçün fəxr sayırdı.
İbadın rəhbərlik etdiyi dəstə düşmən nəzarətində olan ərazilərdə bəzən ermənilərlə üz-üzə gəlirdi. Bir dəfə belə qarşılaşma zamanı əlində avtomat olan erməni öz silahını işə salmağa macal tapmamış İbadın ayaq zərbələrinə tuş gəldi. Düşməni cəhənnəmə vasil etdikdən sonra avtomat silahı qənimət kimi götürüldü. Bu, İbadın başçılıq etdiyi dəstənin ilk odlu silahı idi. Kəşfiyyat əməliyyatlarını davam etdirən İbad və onun dəstəsi tədricən ermənilərin qorxunc kabusuna çevrilirdilər. İbad isə ermənilər üçün yeni kəşfiyyat sürprizləri hazırlamaqda, onlara yaddan çıxara bilməyəcəkləri dərslər verməkdə idi.
Sovet dönəmində Martuni adlanan Xocavənd rayonunun ermənilərdən geri alınmasında İbadın göstərdiyi şücaət və bunun müqabilində sağ qalması isə əsl möcüzə sayıla bilər. Həmin vaxt Muğanlıdakı kiçik bir dəstənin böyük sayda erməni qüvvəsi cəmləşmiş Xocavəndə hücum edə biləcəyini düşmən heç xəyalına da gətirə bilməzdi. Xocavənddə düşmənə sürpriz zərbənin endirilməsi isə azərbaycanlıların məskunlaşdığı Əmralılar kəndinin xilası demək idi. Çünki ermənilər gecə-gündüz bu kəndi atəş altında saxlayır və onu ələ keçirmək istəyirdilər.
...İbadın da daxil olduğu dəstəni ermənilər pulemyot atəşləri ilə qarşıladılar. Düşmənin atəş nöqtələrini susdurmadan irəliyə getmək mümkün deyildi. Bu vəzifənin öhdəsindən isə İbad gəldi. Kəşfiyyatçı məharəti ilə ermənilərin atəş nöqtəsinə yaxınlaşaraq əl qumbarasını onlara tərəf atdı. Bir anın içində toz dumana qarışdı, erməni pulemyotu susdu. Bu, Xocavəndə hücuma keçmiş dəstənin işini xeyli asanlaşdırdı. İbad eyni qaydada düşmənin daha bir neçə atəş nöqtəsini susdurdu. Gecənin düşməsi isə Xocavənddəki düşmənin daha çox sayda itkiyə məruz qalması ilə nəticələndi.
Artıq kiçik bir dəstə ermənilərin əsas qüvvələrinin cəmləşdiyi rayonu ələ keçirmişdi. Təşviş içində qaçan düşmənin gücü yalnız əlavə kömək çağırmağa yetirdi. Bu mənzərəni seyr edən İbad ürəyinin dərinliyində bir rahatlıq tapır, düşmənin qaçmasından zövq duyurdu. Sonrakı əməliyyatların birində ermənilərə növbəti zərbə vuruldu...
Xocavənddəki hərbi qarnizonun qazandığı uğurlarda Avo ləqəbli birisinin adı hallanırdı. Tutulan ratsiya danışıqları, toplanan kəşfiyyat məlumatları erməni döyüşçülərinin Avodan əməlli-başlı çəkindiyini göstərirdi. O da məlum idi ki, bu şəxs Xocavənd rayonundakı hərbi qarnizonunun komandiridir. Əsir götürülmüş ermənilər bildirirdilər ki, olduqca əzazil və qəddar Avoya dəhşətli dərəcədə nifrət edirlər. Lakin onun bir sözünü iki edənlər ən ağır formada cəzalandırılırdı. Kim idi bu Avo?
Əsl adı
Monte Melkonyan olan Avo ABŞ-da dünyaya göz açıb. Professional
terrorçu kimi ad çıxarıb. Terror
təşkilatı ASALA-ya daxil olub, sonradan onun hərbi
qanadını yaradıb. Məşhur
terrorçu Karlos Şakaldan dərs alıb. Dünyanın bir çox bölgələrində,
o cümlədən Livanda, Yunanıstanda, İtaliyada törədilən
terror aktlarında yaxından iştirak edib. Terror hədəfinə çevirdiyi şəxslər
sırasında türk mənşəlilər xüsusi yer
alıb. 1985-ci ildə Parisdə qanunsuz silah və
narkotik saxladığına görə 6 il
müddətinə həbs cəzasına məhkum olunub. Lakin erməni lobbisinin və digər himayədarlarının
təsiri ilə vaxtından əvvəl həbsdən azad
olunaraq Cənubi Yəmənə göndərilib.
Daha sonra
Qarabağ döyüşlərinə qatılan Melkonyanın
əli günahsız azərbaycanlıların qanına
bulaşıb.
Qaradağlı faciəsinin əsas müəlliflərindən
biri məhz Melkonyandır. Bu kəndin ələ
keçirilməsi zamanı əsir götürülən
xeyli sayda günahsız azərbaycanlının qətlə
yetirilməsində, o cümlədən başlarının kəsilməsində,
benzin tökülərək yandırılmasında, müxtəlif
bədən əzalarının kəsilməsində bilavasitə
iştirak edib. Xocalı
soyqırımında qadınları, körpələri,
qocaları, günahsız insanları ən
ağlasığmaz vəhşiliklə qətlə yetirən
ermənilər arasında yenə də xüsusilə fərqlənən
Melkonyan olub. "Sevimli" məşğuliyyətlərindən
biri əsir götürülən dinc azərbaycanlılara ən
amansız yollarla işgəncələr vermək, onları
xüsusi qəddarlıqla qətlə yetirmək idi. Ermənistanda mifikləşdirilən Melkonyanla
düşmən dövlətin keçmiş və indiki
prezidentləri Robert Koçaryanla Serj Sarkisyan da birmənalı
hesablaşırdı. Erməni işğalı
və vəhşiliyinin əsas ideoloqlarından olan Zori Balayan
isə bu beynəlxalq terrorçunun şərəfinə
möhtəşəm təriflər yağdırır, ona həsr
olunmuş şeirlər və publisistik məqalələr
yazırdı. Bu amansız qatili erməni
mətbuatı "ən böyük erməni" kimi
fanatikcəsinə mədh edirdilər.
...Yeni açılan gün
gedişi və nəticəsi məlum olmayan savaş vəd
edirdi. Şəhidlərin xatirə lövhəsinə
vurduğu şəklini diqqətlə gözdən
keçirdikdən sonra İbad dəstəsi ilə birlikdə
bu vaxta qədər qatıldığı döyüşlərin
bəlkə də ən mühümünə, ən vacibinə
yollanırdı.
İbad nə
vaxtdandır ki, Avonu məhv etmək arzusu ilə
yaşayırdı. Avonu ələ keçirmək
üçün indiyə kimi düşmən arxasında həyata
keçirilən kəşfiyyat əməliyyatları istənilən
nəticəni verməmişdi. Bu dəfə
isə Avo mütləq zərərsizləşdirilməli
idi. Ürəyində "ya sənə
verə Allah, ya mənə" deyib qardaşlarının,
bütün döyüşçü yoldaşlarının
xeyir-duası ilə gecənin zülmətində yola
düşdü. Plan Avonu İbadın erməni
işğalı altına düşmüş doğma kəndi
olan Muğanlıda zərərsizləşdirmək idi. Səhərə yaxın kəndə çatıb əvvəlcədən
müəyyənləşdirdikləri yerdə durdular. Axşama kimi gözləsələr də, hədəf
hələ görünmürdü. İbad
hər qarışına bələd olduğu doğma kəndini
gecə qaranlığında xeyli gəzdi. Bir vaxtlar sevinc, toy-büsat səsləri ucalan kənddən
indi heç bir əsər-əlamət qalmamışdı.
Hər tərəfdə uçulmuş,
yandırılmış evlər idi. Ertəsi
gün də hər şey təkrar olundu. İbad yenə Avonu ələ keçirə bilmədən
qayıdacaqlarından narahat idi. Amma
sonrası gün vəziyyət dəyişdi.
Uzaqdan sarı
rəngli UAZ maşını Muğanlı kəndinə
doğru gəlirdi. Avonun üç gündən bir sarı
UAZ-da gəzərək postları, döyüş xəttini
yoxlaması kəşfiyyatçılara məlum idi. Şübhə yox idi ki, UAZ-da gələn Avodur.
Sürətlə onlara tərəf irəliləyən
UAZ dar keçiddə qurulan "tələdə"
ilişib qaldı. Az keçmiş
onun içindən bir nəfər düşərək piyada
Muğanlıya doğru hərəkət etməyə
başladı.
Avonun hərəkət
istiqamətini kəşfiyyatçı dəqiqliyi ilə
hesablayan İbad kəndin köhnə məktəb
binasının yanında onunla üz-üzə gəldi. Bu qəfil
görüşü İbad nə qədər
arzulamışdı... Avo üçün isə
tam gözlənilməz idi. Maddım-maddım
İbada baxan Avo azərbaycanlı kəşfiyyatçıların
günün günorta çağı onun
qarşısını kəsmələrinə hələ də
inana bilmirdi. İbadın silahı isə
düz ona tuşlanmışdı. Artıq
bir hərəkətin həyatına son qoyacağını
yaxşı başa düşən Avo durduğu yerdə
donub qalmışdı. İbad
çiynindəki avtomatı yerə tullamağı əmr
etdi, bunu həm Azərbaycan, həm də rus dilində təkrarladı.
Erməni xisləti
burada da özünü göstərdi. Onu
öldürməməsi üçün yalvarmağa
başlayan, sonra isə silahını işə salmaq istəyən
Avonu İbadın atdığı güllə sinəsindən
yaraladı. Aldığı yaradan
qıvrılan və geriyə dönən Avo yenə də
avtomatını İbada sarı tuşlamağa cəhd edirdi.
İkinci güllə isə mənfur
düşməni yerə sərdi. Ayağa
qalxmağa cəhd edən Avo taqəti olmadığından
dizləri üstə sürünməyə başladı.
Xırıltılı səsinin tonundan onu öldürməməsi
üçün İbada yalvardığı aydın hiss
olunurdu. Əsir götürdüyü azərbaycanlıları
aman vermədən əzazilliklə qətlə yetirən, azərbaycanlı
başı kəsməsi ilə öyünən, qan tökməkdən
həzz duyan Avo indi qanının tökülməməsi
üçün durmadan yalvarmaqda davam edirdi. Azərbaycanlı gəncə zillənən gözlərində
bir məzlumluq, yazıqlıq oxunurdu. İbadın
gözləri önündə isə Xocalı vəhşəti,
Qaradağlı faciəsi canlanır, qulaqlarına zülmlə,
işgəncə ilə öldürülən körpələrin,
qadınların, qocaların, uşaqların ah-naləsi,
hayqırtısı gəlirdi...
1993-cü ilin 12 iyunu...
Xocavəndin işğal
altındakı Muğanlı kəndi...
Gənc azərbaycanlı kəşfiyyatçı
və onun qarşısında ən böyük erməni
terrorçusunun başsız bədəni...
Qisas
alınmışdı!!!
Təkcə
Qarabağda yox, bütün Ermənistandakı, hətta xaricdəki
ermənilər Avonun öldürülməsindən bir-birinə
dəymişdi. Düşmən ölkə qəhrəman
saydığı terrorçunun xatirəsinə 3 gün rəsmi
matəm saxladı, mənfur lobbi isə bütün dünya
boyu ermənilər üçün bir ay yas elan etdi. Avonun dəfnində Ermənistanın ovaxtkı
Prezidenti Levon Ter-Petrosyan, dünya erməni lobbisinin
bütün rəhbərləri şəxsən iştirak
etdilər, bu beynəlxalq terrorçunu başsız şəkildə
birdəfəlik torpağın altına gömdülər.
İbad isə
ermənilərlə amansız mübarizəni davam etdirirdi. Ancaq Bakıda
kreslo uğrunda mübarizə aparanların, yad qüvvələrin
diqtəsi ilə hərəkət edənlərin xəyanəti
nəticəsində itirilən ərazilər içini
yandırırdı. Axı xəyanət
olmasaydı, istədikləri silah-sursat onlara vaxtında verilsəydi,
ermənilərlə çox asanlıqla haqq-hesab
çürüdərdilər. Bütün
üzbəüz döyüşlərdə olduğu kimi,
onları yenə qaçmağa, böyük sayda itki verməyə
vadar edərdilər.
İndiyədək
qatıldığı bir çox təhlükəli əməliyyatlardan
sağ-salamat qayıtmasına bəzən özü də
inana bilmirdi. Bəlkə də qoruyucu mələyi vardı.
Amma yeni kəşfiyyat əməliyyatından
qayıdanda bu dəfə mələyi onu qoruya bilmədi.
İbadın içində olduğu
maşın tank əleyhinə minaya düşdü. Bu xəbər bütün
döyüşçü yoldaşlarını, onu
tanıyan hər kəsi sarsıtdı.
Hospitalda həkimlər
də ümidverici heç nə demədilər. Ondan əlini
üzən qardaşları dəfnə hazırlıq
görürdü. İbad isə koma vəziyyətində
ölümlə çarpışırdı. Artıq çoxdan hazırlaşdığı
şəhidlik zirvəsinin mehi saçlarını
oxşayırdı. Düşməndən
bacardığı qədər qisas almışdı, həyatla
üzüağ vidalaşa bilərdi! Lakin bir nisgili var idi: Vətən
torpaqları, doğma kəndi hələ işğaldan azad
edilməmişdi! Elə bu nisgil, qəlbində yanan Vətən
eşqi onu yenidən həyata qaytardı! 17
gün koma vəziyyətində yatan İbad artıq
özünə gəlirdi. Düşdüyü
mina onu birinci qrup Qarabağ əlilinə çevirsə də,
ordu sıralarından ayrılması üçün edilən
çağırışları eşitmək belə istəmirdi.
Elə bu şəkildə də daha 3 il
orduda qulluğunu davam etdirdi.
1994-cü il
aprelin 10-da Silahlı Qüvvələrin Ali Baş
Komandanı, Prezident Heydər Əliyev cəbhə zonasına
səfəri çərçivəsində İbadın
xidmət etdiyi hərbi hissəyə gəlmişdi. Səngərdə əsgər və zabitlərlə
görüşən Ali Baş Komandan onların vəziyyəti,
problemləri ilə maraqlanırdı. Burada alay komandiri İbad Hüseynovun qəhrəmanlığı
barədə ümummilli liderə məlumat verdi, onun
hazırda ağır yaralı olduğu söylənildi. Cəbhə zonasından Bakıya qayıdan kimi Heydər
Əliyev Vətənin igid oğlunun qəhrəmanlıqlarını
yüksək qiymətləndirərək onun "Azərbaycan
Bayrağı" ordeni ilə təltif edilməsinə dair fərman
imzaladı. Ancaq ulu öndərin qəhrəman
Azərbaycan oğluna diqqəti bununla yekunlaşmadı.
1999-cu il
noyabrın 13-də - toy günündə İbada zəng gəldi:
Danışan Ali Baş Komandan idi! İbadı
ailə həyatı qurması münasibətilə təbrik
edirdi, onun igidliyini yüksək qiymətləndirirdi.
Elə həmin gün
İbad aşağıdakı məzmunda bir məktub da
aldı:
"Bakı şəhərinin Yeni Günəşli
massivində yaşayan keçmiş
döyüşçü, "Azərbaycan
Bayrağı" ordenli İbad Mövsüm oğlu
Hüseynova
Hörmətli İbad
Hüseynov!
Azərbaycan
torpaqlarının erməni işğalçılarından
müdafiə edilməsində göstərdiyin igidlik və
şücaətə görə mən öz fərmanımla
səni "Azərbaycan Bayrağı" ordeni ilə təltif
etmişəm.
Sənin kimi şanlı döyüş yolu
keçmiş bir gəncin ailə qurmasına, əlbəttə,
sevinirəm.
Sevib-seçdiyin
gözəl azərbaycanlı qızı ilə birlikdə səni
ürəkdən təbrik edir, sizə xoşbəxt həyat,
ailə səadəti arzulayıram. Bu şad
gününüzdə hər ikinizin valideynlərinə,
qohum-əqrəbalara göz aydınlığı verir,
onları səmimi-qəlbdən təbrik edirəm. Arzu
edirəm ki, gənclərimizin belə xoş günləri
çox, qəm-qüssələri az
olsun.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti"
Bu məktub Ali
Baş Komandanın öz əsgərinə, Prezidentin vətəndaşına,
ulu öndərin qəhrəman Azərbaycan oğluna diqqətinin
aydın təzahürü idi. İbad bilirdi ki, aradan
uzun illər ötməsinə baxmayaraq, Heydər Əliyevin
yadında, daim diqqətindədir. Toy günündə
ona bundan böyük hədiyyə ola bilməzdi!
Keçdiyi qanlı
döyüş yolundan İbadı 17 il
ayırır. Lakin o, yenə diqqət mərkəzindədir,
yazdığı qəhrəmanlıq tarixi unudulmur,
çünki bu tarixdən yetişən yeni gənc nəslin
xəbər tutması da vacibdir. Bu
yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi İbadın
döyüş yolundan bəhs edən "Əsgər" sənədli
filmini hazırlayıb.
İbadın
isə bir arzusu var. Vətən torpaqlarını
işğaldan azad görmək. İndiki Azərbaycan Ordusunun buna
çox asanlıqla nail ola biləcəyini
dönə-dönə vurğulayır. Ali Baş Komandan,
Prezident İlham Əliyevin Silahlı Qüvvələrə
diqqətindən olduqca razıdır: "Mən Azərbaycanın
qələbəsinə inanıram. Qalib gəlmək
üçün Azərbaycanın bütün imkanları
var: güclü rəhbərimiz, qüdrətli
iqtisadiyyatımız, peşəkarlaşan ordumuz və ən
nəhayət, Mübariz İbrahimov kimi Vətən
uğrunda hər cür şücaətə hazır olan qəhrəman
gənclərimiz!"
Ali Baş
Komandan İlham Əliyev tərəfindən Qarabağda
bayrağımızın yenidən dalğalanacağına
tam əmin olan İbad Hüseynov da son döyüşünə
hazırlaşır. Bu dəfə düşməndən qisası daha
ağır, daha amansız olacaq! .
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 5.