Müdrikliyin və mənəviyyatın zirvəsində
Tarix boyu hər bir millətin bəşəri miqyasda tanınmasında, məşhurlaşmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışıb, dövlətin mütərəqqi yolla inkişafına töhfə verib, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzində olublar. Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin - həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilib.
Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı "sürət əsri"ndə saf həyat idealı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür. Xalqımız belə ləyaqətli ziyalıları, elm xadimləri ilə bu gün də qürur duyur, onları özünün milli sərvəti kimi zamanın amansız təlatümlərindən, sərt fırtınalarından qorumağa çalışır. Qarşıya qoyduqları ülvi məqsədlərlə tamamilə təmənnasız olan belə dəyərli insanlar xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində, müdrik əməllərində təcəssüm etdirirlər.
Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biri də akademik Bəkir Nəbiyevdir. Ömrünün mudriklik çağında olan görkəmli alimin istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq elm kəhkəşanında sahib olduğu zirvəyə uzun illərin gərgin zəhməti, yuxusuz gecələri, məqsədə doğru əzmlə irəliləməsi sayəsində yetişən, ömrünün 60 ildən çoxunu peşəkar elmi fəaliyyətə həsr edən Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslıq elmində özünəməxsus irs yaradıb, milli humanitariyanın sanballı ədəbi incilərlə zənginləşməsinə əvəzsiz töhfələr verib.
Əsl elm xadimi bütün ruhu ilə yaradıcı şəxsiyyət olduğu üçün daxildən gələn tükənməz enerjiylə çalışır, qarşıya qoyduğu hədəflərə yetişmək üçün hər cür əziyyətə qatlaşır, zəhmətdən usanmır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti həyat amalından, daxili aləmindən qaynaqlanaraq onu həm də əbədi məsuliyyətə məhkum edir. Bu məsuliyyəti dərk edərək elmi potensialı ilə millətə, dövlətə layiqli xidməti qarşıya qoyan kamil yaradıcı insan isə ziyalılıq məqamına ucalır. Səmimiyyətlə deyə bilərəm ki, akademik Bəkir Nəbiyev tək mənim deyil, ümumiyyətlə, onu yaxından tanıyanların nəzərində məhz belə bir zirvəyə ucalıb!
Elm pillələrində irəliləmək hər bir tədqiqatçı-alimin arzusudur. Lakin bu nəcib istəyi, niyyəti xalqın, dövlətin mənafeyi naminə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad, qabiliyyət və zəhmətsevərlik tələb edir. Akademik Bəkir Nəbiyev ömrünün 80-ci pilləsinə bu və digər keyfiyyətləri ilə yanaşı, həm də yüksək mənəviyyatı, xeyirxahlığı, təmənnasızlığı ilə yetişib, bu fani dünyada yeganə iddiası başqalarına yaxşılıq etmək olub!
Məktəb müəllimliyindən akademik zirvəyədək şərəfli yol keçmiş, qəlbinin odunu və hərarətini, mənalı ömrünün qaynar illərini milli ruhlu tədqiqatçı nəslinin yetişdirilməsinə həsr etmiş Bəkir müəllim saysız-hesabsız fundamental əsərlər, proqram və dərsliklər yazıb. Ədəbiyyatşünaslıq sahəsində özünəməxsus məktəb yaradıb, sağlığında özü üçün böyük mənəvi abidə ucaldıb. Tanınmış alim çoxsaylı əsərlərində Azərbaycan əbədiyyatını, folklorunu, poetik düşüncə sistemini özünəməxsus tədqiqatçılıq metodu ilə araşdırmaqla yanaşı, həm də bu sahədə qarşıda duran vəzifələri göstərib, maraqlı fikir və mülahizələr irəli sürüb.
Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır. 1930-cu il avqustun 21-də Ağdaş rayonunda dünyaya göz açmış Bəkir Nəbiyev də taleyin sərt qismətindən erkən yaşlarında atasını itirərək anasının himayəsində böyüməli olub. Rejimin 30-cu illərdə "xalq düşməni" elan edərək repressiyaya məruz qoyduğu atasını 7 yaşında itirməsi ilə həyatının məşəqqətli, ağır günləri başlayıb. Ata itkisi kimi acı taleyi yaşamalı olsa da, həyat yolunu düzgün müəyyənləşdirən gənc Bəkir əzmlə məqsədlərinə doğru addımlayıb, iti və parlaq zəkası, kristal, bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxıb. Doğrudur, uşaqlığın qaynar, unudulmaz illəri, sevinci ehtiyac dolu günlərin qayğılarında itib-batıb. Müstəqil həyata atılmaq, özünü həyatda təsdiq etmək istəyi Bəkir Nəbiyevi erkən yaşlarından çətinliklərə hazırlayıb. Qarşıya qoyduğu məqsədlərə yalnız yüksək təhsillə, elmlə qovuşa biləcəyini bildiyindən orta məktəb illərindən səylə çalışıb, biliklərə yiyələnmək üçün gecəsini gündüzünə qatıb. İntellekti, savadı, nizam-intizamı ilə seçilən gənc Bəkir ictimai fəallığı və nitq qabiliyyəti ilə də müəllimlərinin nəzərində ucalıb. Yaradıcılığa böyük həvəs göstərərək hələ orta məktəb illərindən rayondakı radio qovşağı ilə sıx əməkdaşlıq edib. Böyük Vətən müharibəsinin qələbə müjdəsini də ağdaşlılara 1945-ci ilin mayında ilk olaraq 15 yaşlı radio diktoru Bəkir Nəbiyev çatdırıb!
1947-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Ağdaşın Yeniarx kəndində iki il müddətində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Daha sonra ülvi arzularının ardınca paytaxt Bakıya üz tutaraq 1949-cu ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə verib. Qəbul imtahanlarından uğurla çıxaraq tələbə adını qazanıb. İlk gündən filoloji elmin dərinliklərinə vaqif olmaq, Azərbaycan ədəbiyyatını dərindən öyrənmək üçün səylə oxuyub. Bir tərəfdən tələbəlik dövrünün ehtiyacları, digər tərəfdənsə daxilindən saf çeşmə tək çağlayan yaradıcılıq həvəsi elə tələbəlik illərindən onu dövri mətbuata üz tutmağa sövq edib. Universitetin ikinci kursunda oxuyarkən - 1951-ci ildə respublikanın sanballı nəşrlərindən biri olan "Ədəbiyyat qəzeti" ilə əməkdaşlığa başlayıb. Gənclik əzmi, yüksək poetik ruh və yaradıcı enerji ilə qələmə aldığı məqalələri, ədəbiyyatşünaslıq məsələlərinə dair sanballı araşdırmaları, ədəbi tənqidləri oxucularda böyük maraq və rəğbət hissi doğurub. İllər ötdükcə qələmi daha da püxtələşib, jurnalistika peşəsinin incəliklərinə dərindən bələd olub.
Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra taleyini bir müddət qəzetçiliklə bağlayaraq 1954-1957-ci illərdə "Azərbaycan gəncləri" və "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində çalışıb. 1959-1961-ci illərdə dövrünün ən nüfuzlu mətbuat orqanı olan "Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləyib. Qısa müddətdə qələmi respublika miqyasında tanınıb, məşhurlaşıb. Bəkir Nəbiyev publisistikasını oxuculara sevdirən ən başlıca amil isə onun mövzu çevrəsinin, toxunduğu məsələlərin xalq ruhuna yaxınlığı, jurnalist yaradıcılığı üçün mühüm cəhət olan ahəngdar üslubu, dəst-xətti olub. Məhz bu xüsusiyyətlərinə görə də yaradıcılığı yüksək dəyərləndirilərək 1958-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1960-cı ildə isə Jurnalistlər Birliyinə üzv qəbul edilib.
Elmi tədqiqatlara ciddi maraq göstərsə də, atasının haqsız yerə repressiyaya məruz qalması üzündən universitet aspiranturasının qapıları bir neçə il Bəkir Nəbiyevin üzünə bağlanıb. Nəhayət, inadlı səyləri ilə bütün baryerləri aşaraq 1957-ci ildə aspiranturaya qəbul olunub, görkəmli alim Cəfər Xəndanın elmi rəhbərliyi altında "Firidun bəy Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində tədqiqatlar aparıb. Gərgin araşdırmalarının nəticəsi kimi ərsəyə gətirdiyi dissertasiya işini 1960-cı ildə müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. 1961-ci ildən Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayan Bəkir Nəbiyevin zəngin və mənalı ömür yolunun 50 ili məhz bu elm müəssisəsi ilə sıx şəkildə bağlıdır.
Açıq deyək, bizdə müəyyən karyera qurduqdan sonra arxayınlaşan, dərin tədqiqatlardan, araşdırmalardan uzaq düşən, süstləşən elm xadimləri az deyil. Belələri respublika hüdudlarını aşmayan, praktik tətbiq imkanları böyük olmayan elmi nəticələrini "xərcləməklə", dinamiklik və çeviklik tələb edən elmi mühitdə mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Əsl alim üçün elmdə son hədd, zirvə anlaşıyı yoxdur: o öz elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə çıxarıb isbatlamağa, əldə etdiyi faydalı nəticələri praktik surətdə gerçəkləşdirməyə, cəmiyyətə fayda verməyə çalışır. Akademik Bəkir Nəbiyev də qəyyum himayəsinə tapınan alimlərdən olmadığı kimi, həyatda məqsədlərinə daim halal zəhmətlə, işgüzarlıqla, məqsədyönlülüklə çatıb, əldə etdiyi nəticələrlə qürrələnməyib.
Məşhur jurnalistika nəzəriyyəçisi, publisist M.S.Çerepaxovun sözüdür - "Publisistika bir ayağı ilə elmdə durur, o biri ayağı ilə incəsənətdə dayaq tapır". Həqiqi elm adamı, şübhəsiz, yaradıcı potensiala, güclü qələmə sahib olmalıdır - belə keyfiyyətlərə malik olmayan şəxsin alimliyi cəmiyyətə fayda verə bilməz. Adətən, jurnalistikadan elmə adlamış ziyalılarda tədqiqatçılıq keyfiyyətləri özünü daha qabarıq göstərir. Bəkir Nəbiyev də istedadlı publisist olmaqla, elmi tədqiqatlarını kifayət qədər səlis, oxunaqlı, maraqlı üslubda auditoriyaya çatdırmaq xüsusiyyəti ilə fərqlənir.
Elmi fəaliyyəti sabit və ardıcıldır: 1961-1971-ci illərdə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində çalışıb, 1971-1987-ci illərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə rəhbərlik edib. Elmdə təsadüfi adam olmadığını hər addımda fitri istedadı, yaradıcı axtarışları ilə sübuta yetirərək 1970-ci ildə "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edib. İş əsasında hazırladığı monoqrafiyalar Azərbaycan və rus dillərində çap olunmuş, 1978-ci ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. 1987-ci ildən akademiyanın Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi seçilmiş Bəkir Nəbiyev 2003-cü ildən eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışır. Ötən illərdə onun rəhbərliyi altında institutda Azərbaycan ədəbiyyatının qaymaqları, tarixi mərhələ təsnifi və inkişaf qanunauyğunluqları silsiləsindən, habelə milli ədəbi abidələrin elmi ictimaiyyətə çatdırılması istiqamətində 100-ə yaxın kitab çap olunub.
Bütün yaradıcı şəxsiyyətlər kimi, akademik Bəkir Nəbiyev də mənalı həyatının bütün sevincini, şirinliyini istedadın onu məhkum etdiyi ağır zəhmətdən alır. Əbədiyyatşünaslığın ayrı-ayrı aktual problemlərinin tədqiqi, habelə Azərbaycanın görkəmli yazıçı və şairlərinin yaradıcılığının hərtərəfli araşdırılması görkəmli akademikin elmi fəaliyyətindən qırmızı xətt kimi keçir. Elm aləminə ilk kitabını 1963-cü ildə təqdim edən Bəkir müəllimin ötən müddətdə 40-dan artıq kitabı çapdan çıxmışdır. Həmin kitabların əksəriyyəti Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş monoqrafiyalardan ibarətdir.
Görkəmli akademikin müxtəlif illərdə işıq üzü görmüş "Görkəmli tənqidçi və ədəbiyyatşünas", "Müasirlik və sənətkarlıq uğrunda", "Süngüyə çevrilmiş qələm", "Ədəbi düşüncələr", "Tənqid və ədəbi proses", "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı", "Təzə izlər sorağında", "Kamalın təntənəsi", "Müasirlərimiz bədii ədəbiyyatda", "Söz ürəkdən gələndə", "Mənalı ömürdən səhifələr. Firidun bəy Köçərli", "Roman və müasir qəhrəman", "Əhməd Cavad", "Almas İldırım" və digər sanballı əsərləri həm də onun tənqidçilik istedadı, elmi təhlil, şərh mədəniyyəti haqqında əhatəli söhbət açmağa və yüksək elmi meyarlarla dəyərləndirməyə imkan verir. Yaradıcılığının ümumi ruhu ilə tanışlıq bir daha göstərir ki, Bəkir Nəbiyev müasir ədəbi prosesi, milli bədii düşüncənin inkişaf meyillərini və istiqamətlərini ardıcıllıqla, diqqətlə izləyən, ona bütöv bir tam kimi baxan tənqidçidir.
Xarici ölkələrdə hər bir alimin elmi tədqiqatlarının ictimai əhəmiyyəti və dəyəri ilk növbədə onlara istinadlar əsasında müəyyənləşir. Yəni, aktuallığı, elmi siqləti, ideya məzmunu ilə seçilən elmi əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan bir çox dünya ölkələrinin alimləri üçün maraqlı istinad mənbəyinə çevrilir. Bu baxımdan akademik Bəkir Nəbiyev də tədqiqatları ilə ölkə hüdudlarını adlamış alimlərdəndir. Onun milli ədəbiyyatşünaslıq sahəsindəki sanballı əsərləri əcnəbi tədqiqatçılar üçün də maraqlı və zəngin mənbə rolunu oynayır. İndiyədək akademikin türk, rus, fars, ingilis, Çin dillərində məqalələri və kitabları işıq üzü görmüşdür. 2001-2007-ci illərdə Türkiyədə nəşr olunmuş 30 cildlik "Türk dünyası ədəbiyyat tarixi"nin Azərbaycan üzrə koordinatoru və aparıcı müəlliflərindən biri olan Bəkir Nəbiyev ədəbiyyatımızın və ədəbiyyatçılarımızın uğurlarının beynəlxalq səviyyədə təbliği sahəsində də böyük işlər görmüşdür.
Bu, bir həqiqətdir ki, bizim bəzi alimlər müəyyən obyektiv və subyektiv səbəblərdən müasirlərinin, bütövlükdə cəmiyyətin bilavasitə şahidi olduğu çağdaş tarixi, siyasi, yaxud ədəbi prosesləri araşdırmağa, obyektiv şəkildə qələmə almağa elə də maraqlı görünmürlər. Bu istiqamətdə tədqiqatın dolğun, səhih ola bilməyəcəyi, cəmiyyətdə birmənalı qarşılanmayacağı ehtimalı və digər amillər bəzən həmin alimləri müəyyən çərçivəyə salır. Fəqət, əminliklə demək olar ki, Bəkir Nəbiyev yaradıcılığı ilə bu psixoloji baryeri çoxdan adlayıb. Bəkir Nəbiyevin yaradıcılığında Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsirəddin Tusi, Yunus Əmrə, Seyid İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hacı Rza Sərraf, Hacı Əbülhəsən Raci və digərləri ilə yanaşı, Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə, Firidun bəy Köçərli, Əhməd Cavad, Almas İldırım, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Mir Cəlal, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və başqaları geniş təhlil olunur, obyektiv qiymətini alır.
Hər bir alimin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli davamçılar yetişdirmək əzmində ifadə olunur. Ədəbiyyatşünas elmi kadrların hazırlanmasında müstəsna xidmətləri olan akademik Bəkir Nəbiyevin ürəyinin odundan, gözünün nurundan, yüksək intellektindən indiyədək 40 nəfər tədqiqatçıya pay düşmüşdür. Bu sıraya namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə edənlərlə yanaşı, akademikin onlarla qeyri-rəsmi tələbələrini, yetirmələrini də əlavə etmək mümkündür. Onun rəhbərliyi altında aparılmış tədqiqatların xarakterik cəhətlərindən biri də onlarda problem müxtəlifliyinin olması, rəhbərin özünün tədqiqat obyekti ilə məhdudlaşmamasıdır. Aktuallığı, miqyası ilə seçilən bu tədqiqatlardan əldə olunan nəticələr və elmi yeniliklər çağdaş ədəbi düşüncənin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Vaxtilə Şeyx Məhəmməd Xiyabani yazmışdı ki, "ictimai həyata laqeydlik ölümə bərabərdir". Əsl ziyalı üçün vacib keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mənəvi dünyasının, vicdanının səsi Bəkir Nəbiyevi yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa qoymayıb. O, ətrafda baş verən hadisə və proseslərə biganəlik, laqeydlik nümayiş etdirməyib. Əsl ziyalılara xas tərzdə dövrünün ictimai-siyasi hadisələrinə laqeyd olmayıb, fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın gələcəyini düşünüb.
Siyasi baxışlarında hər zaman sabit, prinsipial olan Bəkir Nəbiyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu hər zaman dönmədən müdafiə edib, eyni zamanda, dahi rəhbərin zəngin siyasi irsinin ictimaiyyətə çatdırılmasında yaxından iştirak edib. Bu mənada, görkəmli alimi xarakterizə edən cəhətlər təkcə onun elmi yaradıcılığı yox, həm də prinsipiallığı, yüksək idarəçilik qabiliyyəti, zamanın nəbzini tutmaq bacarığı, təşkilatçılığı, ən əsası vətəndaş mövqeyidir. Akademik Bəkir Nəbiyevin rəhbərliyi altında işıq üzü görərək 2010-cu ildə Dövlət Mükafatına layiq görülmüş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabının ictimai əhəmiyyəti də bu baxımdan xüsusi vurğulanmalıdır. Kifayət qədər dərin elmi araşdırmaların nəticəsi kimi ərsəyə gəlmiş kitabda ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərindən etibarən milli ədəbiyyatın, folklorun qorunması və inkişafı, klassik ədəbi irsin təbliği sahəsindəki xidmətləri elmi-analitik prizmadan təhlil edilmişdir. Akademik Bəkir Nəbiyev əsərin girişində yazır: "Az qala 80 illik ömrümdə mən Azərbaycanda və xaricdə dəfələrlə böyük alimlər, məşhur ədiblər, mədəniyyət xadimləri, dövlət adamları, bəzi ölkələrin başçıları ilə görüşüb həmsöhbət olmuşam. Onlardan çox şey öyrənmişəm. Amma bu gün bütün varlığımla məmnun-məmnun etiraf edirəm ki, həyatın ən müxtəlif sahələrinə dair biliyin zənginliyi, maraq dairəsinin vüsəti, yaddaşının itiliyi, ana dilimizdə və rusca nitqlərinin rəvanlığı baxımından Heydər Əliyevə bərabər olan ikinci bir şəxsiyyəti mən təsəvvürümə gətirə bilmirəm. Onunla çoxsaylı mənəvi təmaslar nəticəsində büllurlaşmış qənaətim budur ki, XX əsrlə XXI əsrin, ikinci minilliklə üçüncü minilliyin qovuşuğunda Heydər Əliyev doğma Azərbaycanımızın həqiqətən ən böyük tarixi şansı olmuşdur".
Rus pedaqoqu Uşinksinin sözüdür - "Böyük pedaqoq olmaq üçün həm də gözəl insan olmaq lazımdır". Etiraf etməliyik ki, alimliyi ilə vətəndaşlığı arasında kəskin ziddiyyət təşkil edən elm adamları ilə az qarşılaşmırıq. Akademik Bəkir Nəbiyev isə bu iki ucalığı parlaq şəxsiyyətində bir araya gətirməklə özü də bir zirvəyə cevrilib. Akademik son dərəcə nəcib, sadə, səmimi, humanist xarakteri ilə onu yaxından tanıyanların qəlbini fəth edib. Akademiklə uzun illər ünsiyyətdə olmuş bir şəxs kimi əminliklə deyə bilərəm ki, insanlara sevgi, humanizm, alicənablıq, xeyirxahlıq Bəkir Nəbiyevin şəxsiyyətində parlaq cizgilər kimi nəzərə çarpır. Haqqın, ədalətin yerini tutması üçün o zəhmət sərfindən qətiyyən usanmır, öz prinsiplərindən bir addım da geri çəkilmir. Minlərlə insan kimi, Bəkir müəllimin mənim də taleyimdə əvəzsiz yeri, rolu olub. Bütün bunları daim minnətdarlıq və razılıq hissi ilə xatırlayıram.
Xalqına xidməti özünün həyat kredosuna çevirmiş nəcib şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, hansısa məqsəd güdməmişlər. Fəqət, onların mənəvi yüksəlişə xidmət edən çoxşaxəli məhsuldar fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv sosial tələbata çevrilir. Akademik Bəkir Nəbiyev hələ ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmanla "Şöhrət" ordeni ilə təltif edilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev elm sahəsindəki xüsusi xidmətlərinə görə Bəkir Nəbiyevi 2005-ci ildə "İstiqlal" ordeni, 2010-cu ildə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif etmiş, həmçinin fərdi təqaüdə layiq görmüşdür.
Ömrünün müdriklik
zirvəsində olan Bəkir Nəbiyev bütün varlığı, ruhu
ilə yaradıcı insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən
gələn tükənməz bir enerji ilə çalışır, üzərinə
götürdüyü çətin və
məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf
və ali məqsədlərə pillə-pillə
yetişmək üçün zəhmətdən
çəkinmir. Yüksək alimlik,
tədqiqatçılıq keyfiyyəti onun
fitrətindən, məqsədə doğru
inamla irəliləmək, hədəfə
yetişmək əzmindən qaynaqlanır. Bütün
bu keyfiyyətlər isə onun daha böyük
həyat və yaradıcılıq uğurlarına möhkəm
zəmin yaradır.
Bəkir Nəbiyevin geridə qalan 80 illik həyatı onun şərəfli ömür yolunu, sanballı elmi tədqiqatçılıq məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan akademik, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, elmi fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Gülağa TƏNHA,
şair-publisist
Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 6.