Macarıstan mətbuatı Bakıda keçirilmiş AGRİ sammitini geniş işıqlandırmışdır

 

Macarıstan kütləvi informasiya vasitələri sentyabrın 13-14-də Bakıda keçirilmiş AGRİ sammitinə böyük maraq göstərmişlər. Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətinin KİV-lə apardığı işin nəticəsi olaraq AGRİ sammiti ölkə mətbuatında geniş işıqlandırılmışdır. KİV tərəfindən bu layihə Macarıstanın enerji təhlükəsizliyinin təminatına töhfə verəcək və ölkənin Rusiyadan asılılığını azalda biləcək layihə kimi qiymətləndirilmişdir.

Səfir Vilayət Quliyev ölkənin ən yüksək tirajlı qəzetlərindən olan "Nepsabadşaq" qəzetinə müsahibə verərək AGRİ layihəsi ilə bağlı məsələləri, habelə Baş nazir Viktor Orbanın Azərbaycana səfərini şərh etmişdir. Həmin qəzetin 13 və 14 sentyabr tarixli nömrələrində AGRİ sammitinə, habelə Azərbaycan-Macarıstan əlaqələrinə həsr edilmiş geniş məqalələr nəşr edilmişdir.

Qəzet tərəfindən AGRİ layihəsi, həyata keçirilməsi planlaşdırılan digər təbii qaz nəqli layihələri ilə müqayisə edilmiş, onun ölkə üçün faydalılığı və bu layihənin "Nabukko"nu əvəz edə bilməsi ehtimalı təhlil olunmuşdur. Qəzet səfir V.Quliyevin sözlərinə istinad edərək Azərbaycanın "Nabukko" layihəsini də dəstəklədiyini və hər iki layihədə iştirak etməyə hazır olduğunu, "Nabukko" layihəsindən fərqli olaraq AGRİ-nin yaxın iki il ərzində reallaşmasının mümkünlüyünü bildirmişdir. Eyni zamanda, Macarıstan tərəfi üçün AGRİ-yə qoşulmağın "Nabukko"dan imtina etmək olmadığı, Macarıstan hökumətinin ölkənin enerji təhlükəsizliyini təmin edə biləcək bütün enerji nəqli layihələrinə dəstək verdiyi vurğulanmışdır.

Həmçinin qəzetdə AGRİ layihəsinin Macarıstanı qaz istehlakçısı deyil, həm də təbii qaz nəqli layihələrində tranzit ölkəyə çevirə biləcəyi qeyd olunmuşdur. Qəzetin fikrincə, AGRİ layihəsi, Avropaya böyük həcmdə təbii qaz nəql etməsi nəzərdə tutulan iki böyük layihəyə - Avropa İttifaqı tərəfindən dəstəklənən "Nabukko"ya və Rusiyanın təşəbbüskarı olduğu "Cənub axını" layihəsinə rəqib olmayacaqdır. Məqalələrdə Viktor Orbanın AGRİ-yə digər iştirakçı dövlətlərlə bərabər əsaslarda qoşulmaqda israrlı olduğu qeyd edilmişdir. AGRİ layihəsinin uğurla həyata keçirilməsinə Rusiyanın mümkün təsirinə toxunan qəzet səfir V.Quliyevə istinadən bildirmişdir ki, AGRİ Rusiyaya zərər vurmurAGRİ-nin reallaşdırılması üçün Rusiyanın razılığı lazım deyildir.

Macarıstanın digər yüksək tirajlı qəzetləri "Macar Nemzet" və "Macar Hirlap" AGRİ sammiti çərçivəsində imzalanmış Bakı bəyannaməsini təhlil etmiş, layihənin texniki tərəfləri barədə oxuculara ətraflı məlumat vermişdir. Məqalələrdə bu layihənin yaxın zamanlarda reallaşması imkanına diqqət çəkilmiş, layihə həyata keçirildikdən sonra Rusiya qazını əvəz etməsə də, Rusiyadan asılılığın nisbətən azalacağı qeyd olunmuşdur. Hər iki qəzet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilmiş ikitərəfli görüşə diqqət yetirmiş, müzakirə olunmuş məsələlər haqqında məlumat vermişdir.

Macarıstan Baş naziri Viktor Orbanın Azərbaycana səfəri macar telekanalları tərəfindən geniş işıqlandırılmış, Baş naziri müşayiət edən müxbirlər keçirilmiş sammit, Azərbaycan Prezidenti ilə Macarıstan Baş nazirinin görüşü, habelə Azərbaycan haqqında tamaşaçılara geniş məlumat vermişlər. Macarıstanın ictimai televiziyası olan "Duna TV" telekanalının internet səhifəsində yayımlanmış məqalədə Macarıstanın AGRİ layihəsinə qoşulması ilə Azərbaycan təbii qazının Avstriya sərhədinə qədər gəlməsinin qarşısında heç bir maneə qalmadığı bildirilmişdir.

Beləliklə, Macarıstanın AGRİ layihəsinə qoşulması Macarıstan KİV tərəfindən ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və Rusiyadan asılılığının azaldılması baxımından mühüm hadisə kimi qiymətləndirilmişdir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2010.-19 sentyabr.- S. 6.