Görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin xatirəsinə
dərin ehtiram
Bakıda Milli
Musiqi Günü təntənə
ilə qeyd edilmişdir
Sentyabrın 18-də Bakı Musiqi Akademiyasının qarşısında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə və Milli Musiqi Gününə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər düzmüşlər.
Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət, incəsənət xadimlərinin də məzarları ziyarət edilmişdir. Dahi bəstəkarın məzarı önündə Dövlət xor kapellasının ifasında "Leyli və Məcnun" operasından bir parça ifa olunmuşdur.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında - dahi bəstəkarın abidəsi önündə davam etdirilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək demişdir ki, bu gün təkcə musiqisevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderimiz 1995-ci ildə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Nazir vurğulamışdır ki, dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli sərəncamına əsasən, sentyabrın 18-dən 28-dək Azərbaycanda Beynəlxalq musiqi festivalı keçiriləcəkdir. Builki festivalın proqramı olduqca zəngindir. Festival çərçivəsində dünya şöhrətli rusiyalı dirijor Vladimir Spivakov, İsveçrədən "Amaltea" ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan "T`ANG" simli kvarteti, Türkiyədən "Orfeon" xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının konsertləri təşkil ediləcək, müxtəlif tədbirlər keçiriləcək, Ü.Hacıbəylinin səhnə əsərləri nümayiş olunacaqdır.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi dahi musiqiçinin çoxşaxəli yaradıcılığından danışmışlar.
Bildirilmişdir ki, Üzeyir Hacıbəyli Azərbaycan xalqının iftixarıdır. Onun yaradıcılıq irsi olduqca geniş və zəngindir. Üzeyir bəy təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur. Azərbaycan musiqi sənətində elə bir sahə yoxdur ki, orada Üzeyir bəyin izi olmasın.
Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 18-də Bakıda, H.Z.Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Üzeyir bəy "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları ilə Şərqdə musiqili teatrın banisi kimi tanınmışdır. Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi, şah əsəri olan "Koroğlu" operası Azərbaycan musiqi sənəti tarixində yeni bir səhifə açmışdır. Üzeyir Hacıbəyli Azərbaycanda musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətimizin inkişafına rəhbərlik etmişdir. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar.
Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir dünyası" layihəsi çərçivəsində "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası" kitabları, onun "Bədii və publisistik əsərləri", "Leyli və Məcnun", "Koroğlu" operalarının, "O olmasın, bu olsun" musiqili komediyasının klavir, libretto və CD-ləri işıq üzü görmüşdür.
Üzeyir bəyin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərini xatırladan natiqlər bildirmişlər ki, onun musiqisi bütün dünyada sevilir və maraqla dinlənilir. Təsadüfi deyildir ki, Avropanın musiqi beşiyi sayılan Vyanada Üzeyir Hacıbəylinin əsərləri tamaşaya qoyulmuş, dahi bəstəkarın abidəsi ucaldılmışdır.
Üzeyir Hacıbəylinin yaradıcılıq yolu bu gün də uğurla davam etdirilir. Onun yaratdığı bəstəkarlıq məktəbinin yetirmələri sayəsində Azərbaycan musiqisi dünyada tanınır və sevilir. Azərbaycan musiqiçilərinin nüfuzlu beynəlxalq festival və müsabiqələrdə qazandıqları mükafatlar bunu bir daha təsdiq edir.
Mərasimdə Ü.Hacıbəyli adına Dövlət simfonik orkestrinin, Dövlət xor kapellasının, Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən parçalar səslənmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 7.