Dahilərə güllə atmazlar və ya Üzeyir bəyin görmədiyi Qarabağ
Nə vaxtsa doğulub boya-başa çatdığı torpaqlarda indi yağılar at oynadır, müqəddəs şəhərini, evini murdar ayaqlar tapdalayıb xaraba qoyur, heykəlini, bir də xatirəsini güllələyirlər. Ümumiyyətlə, dahilərə, bir də peyğəmbərlərə güllə atmazlar! Hansı dövrdə yaşamasından, hansı xalqa, millətə mənsubiyyətindən asılı olmayaraq, onları güllələmək, zəhərləmək günahdır, nadanlıqdır, təkcə cinayət deyil!
Ötən əsrin 30-cu illərində SSRİ adlanan nəhəng bir dövlətin başında duran Stalin Moskvada Azərbaycan incəsənəti ongünlüyündə Üzeyir bəyin şərəfinə ziyafətdə demişdi: "Biz Bakıda, Tiflisdə sizin "Arşın mal alan"ı oxuya-oxuya gəzərdik".
İnanmaq olmur, Üzeyir bəyin bu qeyri-adi musiqilərini gürcülər oxusun, Andranikin, Mikoyanın nəvə-nəticələri oxumasınlar. Bir də qafqazlı olub, bunları oxumamaq mümkün deyil: "Arşın mal alan"! Biz ən yaxşı halda onlara həmişə arşınla mal təklif etdik, onlar isə bütün dövrlərdə mümkün olub-olmayanın hamısını etdilər ki, bizdən torpaq alsınlar - pulla, qanla, yalanla, qadınla...
Üzeyir bəyə atılan erməni güllələri hər dəfə yan keçib. Bu, əsrin əvvəllərində gənc ikən Qarabağda müəllim işləyərkən, bir də 1918-ci ilin mart qırğınları vaxtı baş tutmalı idi. Hər iki halda Üzeyir bəyi Allah, bir də onu və sənətini sevənlər ölümdən qoruya bildilər. 1918-ci il hadisələri vaxtı o hətta dostlarının təkidi ilə bir neçə ay İranda yaşamalı oldu.
1918-ci ilə kimi Üzeyir bəyin ayrı-ayrı qəzetlərdə rus şovinizmi, bolşevizm təhlükəsi, erməni millətçiliyi barədə yazıları publisistikamızın və ictimai-siyasi fikrimizin nadir inciləri olaraq qiymətləndirilməkdədir.
Azərbaycan milli hökumətinin yaranması ilə fəaliyyətə başlayan "Azərbaycan" qəzetində Üzeyir bəyin müxtəlif mövzularda məqalələri, publisist yazıları ardıcıl surətdə çap olunub. Bunların içərisində Qarabağ hadisələri ilə bağlı yazdığı məqalələr öz aktuallığı və qeyri-adi yazı, üslub xüsusiyyətləri ilə nəzər-diqqəti cəlb edir.
Üzeyir bəy xalqımız, millətimiz haqqında xarici ölkələrdə hansı yanlış fikirlərin, təsəvvürlərin və iftiraların mövcud olduğunu gözəl bilirdi. Bu iftiraların kimlər tərəfindən uydurulduğu da ona yaxşı məlum idi: "Ermənilər cəngavərlikdən artıq böhtan və iftira qurmaq bacarığı ilə məşhurdurlar".
1918-ci ilin noyabrında hadisələrin çox sürətlə dəyişdiyi - Osmanlı ordu hissələrini əvəz edərək ingilis generalı Tomsonun müttəfiqlər ordusunun Azərbaycana gəldiyi bir dövrdə Üzeyir bəy böyük uzaqgörənliklə yazırdı: "Bizi vəhşi bilənlər və bizdən yalnız qaniçicilik gözləyənlərlə və bizim vicdanımızın aləmi-mədəniyyəti üçün təhlükəli ədd edənlər ilə bir balaca təmas lazım imiş ki, bu fikrin və bu nəzərin sırf yalan və yanlış olduğu meydana çıxsın. İngilislər bizim içimizə bir ovçu vəziyyətində saxlamaq ehtiyatına heç bir lüzum olmadığını bir-iki gündən sonra kamali-təəccüblə anladılar və həqqimizdə bəsləməkdə olduqları nəzəri və təsəvvüratın bilməməzlik və ya düşmənlər təbliği nəticəsi olaraq xəta və yanlış olduğunu da dərk etdilər. Əminəm ki, bunu da dərk etdilər ki, istibdad altında tərəqqi və təaladan səbri məhrum və cəhalətə məhkum edilmiş olan bir millət azad olduqdan sonra çox çəkməz ki, aləmi-mədəniyyət bazarlarında öz milliyyətləri təqazası ilə əmələ gəlmiş mədəni mətalarını nizami-bəşəriyyətə təqdim ilə mədəniyyəti qoca olan millətləri də heyran qoyarlar".
Üzeyir bəy ermənilərin məkrli siyasətini yaxşı başa düşürdü. Gənc dövlətimizə qarşı onların qiyam və itaətsizliklərinin kökündə nələrin dayandığını, kimlərə, nələrə ümidli olduqlarını gözəl anlayırdı. Məhz ona görə "Avropaya ümidvar" məqaləsində erməni xislətinin bu iyrənc tərəflərini açıb göstərirdi: "Ümidvar olmaqlarının əsası dəxi budur ki, guya onlar müharibə əsasında müttəfiqlərə "kömək durub, düşmən qarşısında duruş gətirib, qılınc vurublar", bunun əsasında müttəfiqlərdən ənam gözləyirlər".
Bu, elə-belə söz deyildi. Üzeyir bəyin möhtəşəm publisist qələmi erməni tarixinin, erməni xislətinin elə nöqtələrinə toxunur ki, bugünkü faciələrimizin səbəbləri, kökləri məhz ordan qaynaqlanır.
Hələ 30-cu illərdə Buxarinin redaktorluğu ilə "Böyük Sovet Ensiklopediyası"nda "Erməni məsələsi" adlı bir məqalə də vardı. Məqalə müəllifi ermənilərin bütün dövrlərdə Türkiyədə rahat yaşayıb, ticarətlə məşğul olduqlarını vurğulayaraq 1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda onların Osmanlı dövlətinə qarşı oynadıqları məkrli siyasətdən, türklərə və digər yerli əhaliyə qarşı törətdikləri vəhşiliklərdən geniş söhbət açır. Türk hökumətinin səylərinə baxmayaraq, ermənilərin sakitləşmədiyini, qırğınlarla, yanğınlarla əraziləri türklərdən təmizləməyə çalışdıqlarını da nəzərə çatdırır. Müəllif türk sultanının qərarını da açıqlayır: "Erməni məsələsini həll etməyin bir yolu var - gərək erməni qalmasın". Bunun ardınca Türkiyənin müxtəlif ərazilərindən - Qarsdan, Ərzurumdan, Vandan və digər yerlərdən itaətsizlik göstərən ermənilər Osmanlı imperiyasının ayrı-ayrı hissələrinə - Suriya, İraq, Livan və Fələstinə göçürüldülər. Bu köçürülmə prosesində türklərlə bərabər soyqırıma məruz qalmış kürd silahlıları da fəal iştirak edirdilər. O vaxt törədilən qiyamların da bir məqsədi vardı - Türkiyəni parçalamaq, Qafqazda Azərbaycan torpaqları da daxil olmaqla "dənizdən dənizə böyük Hayastan" yaratmaq. Onda arzuları gözlərində qalan ermənilər başqa bir ideoloji silahı işə saldılar - 1915-ci il hadisələrini soyqırım kimi dünyaya sırımağa çalışdılar. İldən-ilə bu hadisələrdə ölənlərin sayı "artdı", ermənilərin fantastik sayda məhvindən söhbət getməyə başladı. O vaxtkı kimi indi də ayrı-ayrı ölkələrin siyasətinə bu anlayışı "bəşəri faciə" kimi pərçim etməyə çalışırlar. Ancaq son nəticədə yerindən-yurdundan, dinc həyatından qopmuş çoxlu erməni dünyanın müxtəlif ölkələrinə səpələnib. Nə vaxtsa müəyyən qüvvələrin əlində oyuncaq olan ermənilər yəqin səhvlərini hələ bundan sonra anlayacaqlar.
Yeri gəlmişkən, Qarabağ savaşının ideoloqlarından biri olan V.Petrosyan Nyu-Yorkda mehmanxanada rastlaşan iki erməninin söhbətini yada salır. Bir vaxtlar Qarsdan qovulan erməni köks ötürərək o birinə deyir: "İndi erməni üçün Qarsa getmək - Marsa getməkdən çətindir".
Üzeyir bəyin 1918-1919-cu illərdə yazdığı məqalələr, publisistik qeydlər ardıcıllıqla Qarabağda, Naxçıvanda baş verənlərin bir növ xronikasıdır. Bu məqalələrdə həm də gənc dövlətimizin qərarları, təhəddüdləri də öz əksini tapıb.
15 dekabr 1918-ci ildə yazdığı "Andranikin məsələsi" məqaləsi bu baxımdan olduqca maraqlıdır: "İngilis komandasının və qismən bizim hökumətimizin təhriri və şifahi tədbirinə rəğmən Qarabağ əhalisinin dadü-fəryadını yenə də eşitməkdəyik.
Aşkardır ki, Bakıdan deyilən sözlər, nəsihətlər və xəbərdarlıqlar, hətta general Tomsonun təhdidi belə Andranikə heç də əsər eyləmir. O, öz işindədir. Müsəlman kəndlərini dağıdır, əhalisini öldürür, ya qaçırdır, arvadların irzü namusuna sataşır, əsir edir, ərzi-qüvvətcə yerlərimizə soxulub bildiyini edir və Bakıdan gedən sifarişlərə - aşkardır ki, məhəl-güzar olmayır".
Üzeyir bəy Andranikin Qarabağda törətdiyi vəhşiliklərdən danışarkən haqlı olaraq soruşur: Andranik kimdir? Kimin əmrini yerinə yetirir?
"Məsələn, deyirlər ki, Andranik türklərlə ermənilər arasında vaqe olmuş müsalihədən dolayı erməni hökumətindən küsüb, "özbaşına" olubdur. Və məsuliyyəti öz öhdəsinə almaq üzrə cürbəcür işləri də özbaşına görür.
Ola bilər, kim bilir? Bəlkə Andranik erməni hökumətindən küsüb də, erməni camaatı içində şöhrət qazanmaq istəyir və şöhrətə malik olmaq yolunun ən rastını tapıb müsəlmanların əlsiz-ayaqsız qisminin üzərinə top və tüfənglə hücumlar edib "rəşadət" göstərir".
Belə olan halda Üzeyir bəy yazır ki, bu "avantürüstün" ürəyindən hər şey keçə bilər. O, padşah olmaq da istəyər. "Vaqeən əgər iş belə isə, yəni Andranikin qonşu erməni hökumətinə heç bir dəxli yoxsa və gördükləri vəhşiliklərin cavabdehliyi dəxi məhz öz boynuna isə, o halda bu Andranik erməni camaatının gözündə "igid" olsun, "qəhrəman" olsun, nə olur-olsun, bizim gözümüzdə adi bir quldurdur, çünki bir şəxs ki başına adam yığıb, kənd-kəsək üstə tökülüb qətli-qarətlə məşğul ola, o şəxsə quldur deyərlər".
Üzeyir bəy Andranikin kimliyindən danışarkən daha iki məqama toxunur: "Bu da ola bilər ki, Andranik erməni hökumətindən heç də küsməyibdir, özü də haman hökumətin məhfi və ya ələni bir ajanı, bir məmurudur və ya daha açığı, təhti-komandasında hökumətin rəsmi qoşunu olan bir nəfər erməni generalıdır. Sərhəd məsələsini Tiflis komandasında sülh və sazişlə həll etmək istəməyən erməni hökuməti həmin bu məsələni qılınc zoru ilə qurmağa qərar verib, general Andraniki də göndəribdir ki, hüdudumuzu keçib müsəlmanları tədhiş ilə pərakəndə qılmaqla arzu etdikləri yerləri təhti-təsəllüt və təsərrüfə keçirib Ermənistan torpağına qatışdırsınlar. Deməli, bu surətdə Andranikin hərəkəti - vəhşiyanəsindən məsul tutulacaq adamlar əvvəlcə erməni hökumətinin başında duran şəxslər olur".
Və yaxud: "Bir də o mümkündür ki, Andranik nə quldurdur, nə də erməni hökumətinin rəsmi məmuru, bəlkə məhz müsəlman qanı tökməkdən xüsusi bir ləzzət hiss etmək mərəzinə mübtəla olan bir nəfər erməni mütəəssibidir ki, bunun bu vəhşi hərəkətinə Ararat hökuməti də razı deyil, lakin ipini çəkməyə qolunda güc yoxdur".
Bundan sonra Üzeyir bəy çox böyük uzaqgörənliklə qeyd edir: "Şübhəsiz, bu üç zəndən başqa Andranik məsələsinin qaranlıq yollarına işıq salan dördüncü, beşinci və doqquzuncu zənlər iradı dəxi mümkündür. Fəqət bizcə, zənni-qalib bu üçdədir. Ondan əlavə, bizdən ötrü vacib olan dəxi budur ki, görək Andranik quldurmu, rəsmi məmurmu və ya təkrar qırğın salmağa bais olan bir nəfər mütəssib ermənimi? Çünki ciddi tədbirin itxaz və tətbiqi bu üçdən birinin təyininə bağlıdır".
Üzeyir bəy bu məsələ ilə əlaqədar tez-tez ingilis komandanlığına müraciət edib kömək gözləməyin gənc dövlətimizin adına yaraşmadığını, bu qulduru öz qüvvəmizlə dayandırmağın vacib olduğunu da bəyan edir: "Zatən bu müraciətlərin nəticəsi o ola bilər ki, öz-özümüzü qorumaq qabiliyyəti və qüvvəmizə şübhə edənlər olar. İngilisləri əhvalatdan vaqif etmək, əlbəttə, borcumuzdur. Qafqazda nizam və asayişin bərqərar edilməsi, işlərinin icrası da ingilislərin borclarıdır. Bunu özləri elan edibdirlər. Və ola bilər ki, ingilislər andraniklər hərəkatını böyük nüfuzları sayəsində mənəvi bir qüvvə ilə də dayandırmağa müqtədirdirlər, lakin biz dəxi bu cürə hərəkətləri cismani qüvvələrimiz ilə durdurmağa müqtədir olduğumuzu lazım olan dərəcəyə qədər bildirməliyik. Andraniklər dəxi türklər gedəndən sonra baş qaldırıb zənn etməsinlər ki, biz qoşunsuz və əsgərsiz qalmışıq. Lazım olan yerdə hamımızın arvadlarımıza qədər əsgər olduğumuzu andraniklər içində bilənlər yox deyil zənn edirəm".
Erməni məkrini, xəyanətini böyük yazıçı, publisist qələmi ilə açıb ortaya qoyan Üzeyir bəy dövrün canlı salnaməsini yaradır: "Bir ay bundan əvvəl qonşuluq təriqinə müvəffəq sülh və sazişlə yaşamaq naminə xanımlarımıza müraciət edən erməni xanımları, fəhlələrimizi çağıran erməni fəhlələri, əminəm ki, andraniklərin bu yolu çox haqq şikənənə hərəkətlərindən son dərəcə dilgir olmaqla bərabər, müraciət etdikləri və çağırdıqları qonşuları qabağında "qəhrəman" andraniklərin xəcalətini çəkirlər".
1919-cu il yanvarın 30-da Üzeyir bəy "Azərbaycan" qəzetində sanki bu mövzunun davamı olaraq "Qarabağ haqqında" adlı məqaləsini çap etdirir. Bu məqalə həm də onunla əlamətdardır ki, Üzeyir bəy bir daha Andranikin quldur dəstəsinin törətdiyi vəhşilikləri yada salır, qısa bir müddətdə hökumətimizin gördüyü və görməyə hazırlaşdığı tədbirlərə də toxunur: "Təqribən bir ay əvvəl idi ki, Qarabağdan gələn ahu-fəryadlar həm hökumətimizi, həm də cəmiyyətimizi təchiz etməklə Azərbaycan torpağının bu hissəsinə xüsusi bir nəzər yetirilməsini tələb edirdi. Nə olmuşdur orada?
Ermənilərin generalı ədd olunan Andranik öz xunxar dəstəsi ilə Qarabağın Zəngəzur adlanan uyezdi üzərinə tökülüb müsəlman əhalisini qətli-qarət kimi quldurlara məxsus əməlləri ilə tədhiş edib oraları "müsəlmanlardan təmizləmək" istəyirdi.
Şübhəsizdir ki, hökumətimiz Azərbaycan türklərinə qarşı icra edilən və rəva görülən bu vəhşiliklərə göz yuma və istimdad fəryadlarına qulaq asmaya bilməzdi. Hökumətimiz ingilis komandasının nəzərini dəxi bugünə, vəhşi əməllərə cəlb edib Andranikin əməli-vəhşiyanəsinə, nəhayət, çəkdirdi".
Üzeyir bəy təkcə söz, nüfuz sahibi kimi məqalələrini yazmaqla kifayətlənmir, o həm də hadisələrin gedişinə çox böyük təsir göstərirdi. Bəzən hətta hadisələrin önündə gedirdi. "Mərkəzi hökumətin ümumməmləkət qeydkeşliyi işinə xələl gəlməsin" deyə, bu mühüm məsələnin həlli istiqamətində Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir uyezdlərindən ibarət olan Qarabağ qubernatorluğunun yaradılmasını vacib sayırdı: "Hökumət bütün diqqəti yalnız bir Qarabağa münhəsir etmək məcburiyyətində qalmasın və saniyə Qarabağ dəxi fövqəladə halətinə görə lazım olan xüsusi tədbirlər ittixazindən məhrum edilməsin, o idi ki, hökumət Qarabağı xüsusi bir general-qubernator şəklinə salmaq əmrini lazım və vacib bildi. Mərkəzi hökumətin vəkili yerində olan general-qubernatora hökumətdən bir para fövqəladə ixtiyarat veriləcəkdir ki, Qarabağın fövqəladə halətini adi bir surətə salmaq yolunda o ixtiyaratdan istifadələr etsin".
Üzeyir bəy bunun ardınca Azərbaycan hökumətinin bu qəti addımlarına xor baxanlara, "demokratik imicimizə xələl gəlir" deyənlərə müraciətlə yazırdı: "Təkrar edirik ki, aclıq, azar, yolsuzluq, əmniyyətsizlik, şuriş narazılıq və sair bu kimi hadisələrdən əmələ gələn bu fövqəladə halət Andranik avantürasının nəticəsindən nəşət edən bir vaqeədir, binaənileyhə, hökumətimizin Qarabağda general-qubernator təşkil etmək tədbirinə dəxi Andranik hərəkatı səbəb olmuşdur".
Yeri gəlmişkən, həmin dövrdə Qarabağ general-qubernatorluğunun yaradılması bölgədə hadisələrin inkişafına çox böyük təsir göstərdi. General-qubernator Xosrov bəy Sultanov (o, Andranikin Qarabağın içərilərinə - Şuşaya yolunu kəsən məşhur Sultan bəyin qardaşıdır) Qarabağda erməni qiyamlarının yatırılmasında, qırğınların qarşısının alınmasında, əmin-amanlığın bərpa olunmasında müstəsna rol oynadı. 1920-ci ilin aprelində Azərbaycanda bolşevik çevrilişi baş tutduqdan sonra yeni hökumətin rəhbəri Nəriman Nərimanov tələbə dostu doktor Xosrov bəy Sultanovu Şuşadan Bakıya gətirdir, sonra İrana yola salır...
Son olaraq Üzeyir bəy sanki bugünümüzə baxaraq peyğəmbərliklə yazırdı: "Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu elə bir möhkəm vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanları müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin".
Bakının mərkəzində Şuşadan gətirilmiş, üç güllələnmiş heykəl var - Natəvan, Bülbül, bir də Üzeyir bəy. Üzeyir bəy bu dəfə erməni gülləsindən yayına bilmədi. Bu qədər itkidən, ağrı-acıdan sonra yayınmaq istəmədi yəqin.
1995-ci ildə Üzeyir bəy Hacıbəylinin ad günü tədbirlərində ümummilli lider Heydər Əliyev sanki bunları nəzərdə tutaraq deyirdi: "1992-ci ilin may ayında Şuşa Ermənistan tərəfindən işğal olundu. İşğalçılar çox şeyləri dağıtdılar, o cümlədən mədəniyyətimizin abidələrini də. Onlar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın heykəllərini nəinki dağıtdılar, hətta vəhşiliyi o qədər büruzə verdilər ki, heykəlləri güllələdilər. Çox böyük iş oldu ki, o heykəllər əsirlikdən xilas edildi. Gürcüstan vasitəsilə Azərbaycana gətirildi, indi İncəsənət Muzeyində nümayiş etdirilir. Oranı ziyarət edənlər görürlər ki, Üzeyir Hacıbəylinin heykəlinə nə qədər avtomat, tüfəng gülləsi vurulub. O düşmənlər vaxtilə bu güllələri Üzeyir bəy Hacıbəylinin özünə vurmağa çalışırdılar, ancaq vura bilməyiblər. İndi isə onlar bu güllələri onun heykəlinə vurublar. Bunlar bizim üçün ağır, əzabverici hadisələrdir. Ancaq bu həqiqətdir və bu həqiqət də onu göstərir ki, nə qədər vəhşilik ola bilər. Faşistliyin, vəhşiliyin dərəcəsi yoxdur. Erməni işğalçılarının hərəkətləri məhz bunu sübut edir.
Ancaq erməni işğalçıları heç də belə bilməsinlər ki, bu güllələr Üzeyir bəy, Bülbül, Natəvan yaradıcılığını sarsıda bilər, yox! Elə düşünməsinlər bu güllələr Azərbaycan xalqının mənəviyyatını sarsıda bilər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox, ola bilməz!"
Bəxtiyar QARACA
Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 7.