TürkPA-ya üzv
dövlətlərin parlament
aparatlarının rəhbərləri İçərişəhərdə
olmuşlar
Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbərinin müavini Berik Arın sentyabrın 20-də İçərişəhərlə tanış olmuşlar.
Qonaqlara məlumat verilmişdir ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər 2000-ci ildən YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmişdir.
Qonaqlar ilk növbədə Şirvan hakimlərinin iqamətgahı, orta əsr abidəsi - "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuş və burada sərgilənən rəsmlər və tarixi eksponatlara tamaşa etmişlər. Kompleksin XVI əsrə aid olan yeganə tikilisi "Murad" darvazası qonaqların marağına səbəb olmuşdur.
Tanışlığa Kiçik Qala küçəsi ilə davam edən qonaqlar, Qoşa Qala Qapıları meydanından keçərək ölkəmizin Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara və Multanı karvansaralarına, sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənətinin nümunələrinə baxmışlar.
Qonaqlara Bakı səhərinin simvolu və nadir memarlıq quruluşuna malik Qız Qalası abidəsi barədə də ətraflı məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 2.