"Neftçilər günü" münasibətilə Dənizkənarı Milli Parkda sərgi təşkil olunmuşdur

 

Sentyabrın 20-də Dənizkənarı Milli Parkda "Neftçilər günü" münasibətilə sərgi təşkil olunmuşdur.

Baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, paytaxt sakinləri və qonaqlar burada təşkil olunmuş pavilyonlarda ölkənin neft sənayesinin inkişafını əks etdirən sərgilərə maraqla tamaşa etmişlər.

Neftçıxarma və neftayırma sənayelərinin müxtəlif mürəkkəb qurğularının, Xəzər Dəniz Neft Donanması gəmilərinin maketləri, rəngarəng stendlər və fotoşəkillər tamaşaçılarda şərəfli peşə sahiblərinin əməyi haqqında aydın təsəvvür yaradırdı. Sərgi boyunca quraşdırılmış monitorlarda Azərbaycan neftçilərinin rəşadətli əməyini, ümummilli lider Heydər Əliyevin müdrikliyinin, uzaqgörənliyinin, qətiyyətinin və iradəsinin təntənəsi olan yeni neft strategiyasının reallaşmasını, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişini, habelə Prezident İlham Əliyevin neft-qaz sənayesinə aid müxtəlif zavodların açılışlarında iştirakını əks etdirən sənədli kadrlar nümayiş etdirilirdi.

ARDNŞ-in tabeliyində olan müxtəlif zavod, idarə və müəssisələrin dinamik inkişafını əks etdirən filmlər sərgi ilə tanış olanlara onların həm tarixi, həm də bugünü haqqında ətraflı məlumat verirdi.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ARDNŞ tərəfindən bölgələrdə aparılan tikintiquruculuq işləri barədə məlumatların toplandığı stendlərdə 2003-cü ildən başlayaraq şirkət tərəfindən inşa olunmuş müxtəlif sosial təyinatlı obyektlər - məktəblər, uşaq bağçaları, müalicə-diaqnostika mərkəzləri və xəstəxanalar haqqında tam informasiya almaq olurdu. ARDNŞ-in Sosial İnkişaf İdarəsinin tabeliyində olan uşaq bağçalarında tərbiyə alan balacaların əl işləri də tamaşaçılar tərəfindən maraqla qarşılanmış, bu məktəbəqədər tərbiyə müəssisələrinin balaca rəqqaslarının çıxışları alqışlarla müşayiət olunmuşdur. "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin gənc idmançılarının nümunəvi çıxışları mərkəzdə qabaqcıl idman ənənələrinin uğurla davam etdirilməsinin təsdiqinə çevrilmişdir.

Şirkətin beynəlxalq əlaqələrini, həyata keçirdiyi müxtəlif, o cümlədən ekoloji layihələri əks etdirən stendlər tamaşaçılarda xoş ovqat yaratmışdır.

 

 

Azərbaycan.- 2010.-21  sentyabr.- S. 6.