"İki sahil" qəzetinin Neftçilər
Gününə həsr olunmuş xüsusi buraxılışı
"İki sahil" qəzetinin Neftçilər Gününə həsr olunmuş 148 səhifəlik xüsusi buraxılışı işıq üzü görmüşdür.
Xüsusi buraxılış Azərbaycan neft sənayesinin 1994-cü ildən bəri keçdiyi şanlı yolu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti çəkir. Ulu öndər Heydər Əliyevin böyük səyləri ilə 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarının neft-qaz ehtiyatlarının birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında "Əsrin müqaviləsi" adını almış sazişlər imzalanması, bunun nəticəsi olaraq ölkəmizin neft sənayesinin, bütövlükdə iqtisadiyyatının yüksək səviyyəyə qaldırılması xüsusi buraxılışın ana xəttini təşkil edir.
Xüsusi buraxılışın üz qabığında ulu öndər Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" sözləri, birinci səhifədə isə "Bizim bütün sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur" sözləri və Prezident İlham Əliyevin "Azərbaycanın neft gələcəyi çox parlaqdır. Hesab edirəm ki, respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyyatımızın bütün sektorları inkişaf edəcəkdir" tezisi öz əksini tapmışdır.
Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınır, 16 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır. Azərbaycan tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə dövlət müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyəti dərc olunan yazıların hər birində xüsusi vurğulanır.
"Sevindirici haldır ki, bu gün dərin bilik və bacarığa, zəngin təcrübəyə malik nefçilərimiz qazanılan nailiyyətlərin davamlı olması üçün səylərini əsirgəmir, ilbəil yeni uğurlara imza atırlar. Son 20 ildə ilk dəfə olaraq, ARDNŞ-in müstəqil şəkildə, daxili imkanlar hesabına "Ümid" perspektiv qaz-kondensat strukturunda kəşfiyyat qazma işlərini aparması buna bariz nümunədir". Bu sözlər ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbrikindəndir. ARDNŞ rəhbəri bildirir ki, şirkətimiz inkişaf etdikcə respublikamızın sosial-iqtisadi həyatında daha fəal iştirak edir. Ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verən neftçilərimiz dövlət və xalq qarşısında məsuliyyət daşıdıqlarını, respublikamızın iqtisadi yüksəlişinə cavabdeh olduqlarını heç zaman unutmur və ölkə rəhbərliyinin onlara bəslədiyi etimadı əməli işləri, istehsalat uğurları ilə doğrultmağa çalışırlar.
ARDNŞ-in prezidentinin "Neft strategiyası: işıqlı gələcəyə aparan yol" yazısında qeyd edilir ki, bu strategiyanın reallaşması, ilk növbədə, neft sənayesinin müasirləşməsinə, öz inkişafının keyfiyyətcə yeni mərhələsinə yüksəlməsinə səbəb olmuşdur. Bu gün dünyada Azərbaycanın nefti ilə yanaşı, zəngin qaz yataqlarına da diqqət böyükdür. Sözsüz ki, bu, uğurlu siyasətin nəticəsidir. Yazıda o da qeyd edilir ki, ölkə başçısı İlham Əliyevin şirkəti modern, çevik, beynəlxalq səviyyəli bir quruma çevirmək barədə qarşıya qoyduğu tapşırıq şərəflə icra edilir, ulu öndərimizin neft strategiyası çərçivəsində yeni-yeni uğurlar qazanmaq üçün ciddi səylər göstərilir. Ölkə daxilində və xaricdə həyata keçirilən neft-qaz və neft-kimya əməliyyatlarında Azərbaycanı layiqincə təmsil edən Dövlət Neft Şirkəti modern, müasir tələblərə cavab verən güclü və çevik quruma çevrilmək istiqamətində fəaliyyətini daha da genişləndirmişdir. Hazırda ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 16 əməliyyat şirkəti, 34 birgə müəssisə, 4 alyans, habelə xarici ölkələrdə malik olduğumuz 6 şirkət neft-qaz sənayesinin bütün sahələrində uğurla fəaliyyət göstərir. Yazının sonunda bu fikir bir daha xüsusi vurğulanır ki, görülən işlər çoxdur. Qarşımızda hələ böyük məsələlər dayanır. Ölkədə gedən müsbət proseslər, sürətli iqtisadi artım, neft-qaz sənayesinin nailiyyətləri sosial yüksəlişə, dövlətçiliyin daha da möhkəmlənməsinə, Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edir.
Qəzetin 20 sentyabr - Neftçilər Günü münasibətilə hazırladığı xüsusi buraxılış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təsəvvür yaradır. Şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin, vitse-prezidentlər Süleyman Qasımovun, Elşad Nəsirovun, David Məmmədovun, Mikayıl İsmayılovun, Qorxmaz Hüseynovun, Xalik Məmmədovun, Rəhman Qurbanovun, Soltan Əliyevin, Tofiq Qəhrəmanovun, "Azneft" İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədovun, "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyevin, "Azərikimya" İB-nin Baş direktoru Muxtar Babayevin, Heydər Əliyev adına Bakı neft emalı zavodunun direktoru Elman İsmayılovun, "Azərneftyağ" neft emalı zavodunun direktoru Rövşən Həsənovun, Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin, Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyevin, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin və başqalarının yazılarında əldə olunmuş böyük uğurlar diqqətə çatdırılır, bu nailiyyətlər ulu öndərimizin neft strategiyasının təntənəsi kimi dəyərləndirilir.
Xüsusi buraxılış ulu
öndər Heydər Əliyevin "Dünyada
neftin çıxarılması və hasil edilməsi, neftin emal təcrübəsi Azərbaycandan
başlanmışdır" fikri ilə
tamamlanır.
AzərTAc
Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 6.