"Azərbaycanın neft tarixi" sənədli filmlər toplusunun təqdimatı olmuşdur

 

Sentyabrın 20-də Bakı Biznes Mərkəzində "Azərbaycanın neft tarixi" sənədli filmlər toplusunun təqdimatı olmuşdur. Azərbaycanın neft tarixinin 1898-2010-cu illərini əhatə edən topluda ölkəmizdə neft sənayesinin inkişafı faktlarla əks olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə birgə hazırlanan kitab Azərbaycan neft tarixinin müxtəlif dövrlərini əks etdirir. Sənədli filmlər toplusu Azərbaycan neftinin tarixi haqqında yol xəritəsi kimi istifadə olunacaqdır.

AMEA Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd etmişdir ki, dünya tarixində ilk neft hasilatının mərkəzi Azərbaycan olmuşdur. Azərbaycan neftinin faşizm üzərində Qələbənin qazanılmasında xüsusi rolu olmuşdur. "Azərbaycanın neft tarixi" toplusu Dövlət Neft Şirkətinin neft sənayesinin tarixinə ucaltdığı bir abidədir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu neft strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını vurğulamışdır.

Dövlət Film Fondunun direktoru Cəmil Quliyev isə toplunun hazırlandığı zaman müxtəlif dövlətlərin arxivlərindən dəyərli materialların əldə olunduğunu söyləmişdir. Moskva arxivlərində saxlanılan 1908-ci ildə "Neft mədənləri" səssiz filmitopluya daxil edilmişdir.

Cəmil Quliyev Ukrayna arxivlərində saxlanılan 1920-ci ildə Bibiheybətdəki neft mədənlərini əks etdirən fotonu Dövlət Neft Şirkətinə hədiyyə etmişdir.

Topluda ilk dəfə ölkəmizdə neft quyusunun qazılması, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması və ümummilli lider Heydər Əliyevin neft strategiyası barədə geniş məlumatlar öz əksini tapmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 6.