Görkəmli şərqşünas Aida
İmanquliyevanın xatirəsi anılmışdır
Sentyabrın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anmışlar.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və başqaları çıxış edərək 18 il öncə dünyasını dəyişmiş böyük elm adamının həm alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd etmişlər.
Çıxışlarda Aida xanımın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açılmış, Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyi xatırladılmışdır. Aida İmanquliyeva itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğu vurğulanmışdır.
Alimin məzarı önünə hər iki kollektiv adından əklillər qoyulmuşdur.
Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 6.