Azərbaycan yoxsulluq problemini uğurla həll edir

 

Ötən ilin yekunları ölkəmizdə yoxsulluq səviyyəsinin inkişaf etmiş əksər Qərb ölkələrindən aşağı olduğunu göstərdi

 

Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq. Azərbaycan beynəlxalq arenada özünə layiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın.

İlham ƏLİYEV

 

Dinamik sosial-iqtisadi inkişaf tempinə malik olan Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin əsas xüsusiyyətlərindən biri də yaşanan tərəqqinin ölkə əhalisinin həyatında da öz əksini tapmasıdır. Bunun nəticəsidir ki, hər keçən il ölkəmizdə insanların yaşayış səviyyəsi yüksəlməkdə, əldə etdikləri maddi gəlirlərin həcmi artmaqdadır. Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli ölkəyə çevrilməsi yoxsulluq səviyyəsinin də sürətlə azalmasına təkan verərək bu sahədə qazanılan uğurların miqyasına görə ölkəmizin dünya dövlətləri cərgəsində seçilənlər sırasında yer almasını şərtləndirib.

Son illərin təhlili göstərir ki, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində əhalinin gəlirlərinin artması və rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşması fonunda yoxsulluq səviyyəsinin azalma tempi digər dünya dövlətləri ilə müqayisədə xeyli yüksək olub. Ötən il özünün zirvə nöqtəsinə çatan qlobal maliyyə böhranı isə dünyanın bir çox ölkələrində yoxsul səviyyədə yaşayan insanların sayını yenidən artırdığı halda, Azərbaycanda bu prosesin tamamilə əksi müşahidə olunub. Bunun nəticəsi olaraq Azərbaycanda yoxsulluq həddində yaşayan insanların faiz göstəricisi inkişaf etmiş ölkələr kateqoriyasında yer alan ABŞ-dan, Avropa İttifaqına üzv ölkələrdən, eləcə də əksər MDB ölkələrindən, o cümlədən Rusiyadan azdır.

Bu sahədə mövcud vəziyyət bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət Azərbaycanın daha sürətli inkişafını təmin etməklə bərabər, insanların maddi rifah halının yüksəlməsində də vacib rol oynayır. Ölkəmizdə yoxsulluq səviyyəsinin azalma tempi isə 2003-cü ildən etibarən özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. Həmin ilin fevralında ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" bu sahədə xüsusi əhəmiyyətə malik oldu. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirildi. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artdı və 2007-ci ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 15,8 faizə düşdü. Bundan sonra da yoxsulluğun azaldılması ilə bağlı həyata keçirilən tədbirlər yüksək nəticələr verməkdə davam etdi və Azərbaycanda bu sahədə olan göstəricilər inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırıldı.

Yoxsulluğun azaldılması istiqamətində atılan ən mühüm addımlardan biri Prezident İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq edilməsi oldu. Sözügedən Dövlət Proqramı özündə əsas 9 strateji məqsədi əks etdirir. Makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi Dövlət Proqramının əsas strateji istiqamətlərindəndir. Bununla yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi, gender bərabərliyinin dəstəklənməsi, institusional islahatların davam etdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi də əsas strateji istiqamətlər sırasında yer alır.

Proqrama əsasən, həyata keçiriləcək məqsədyönlü tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi minimal həddə çatdırılacaq. Artıq ötən illərin yekunları bu sahədə Azərbaycanın böyük nailiyyətlərə imza atdığını təsdiq edir. Belə ki, 2008-ci ilin yekunları Azərbaycanda yoxsulluq səviyyəsinin 13,2 faizə düşdüyünü meydana çıxardı. Növbəti ildə isə Azərbaycan bu göstəricini 2 faizdən çox azaltmağa nail oldu və yoxsulluq həddi 11 faizə endirildi. Bu isə ondan xəbər verirdi ki, qlobal maliyyə böhranının tüğyan etdiyi 2009-cu ildə də Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb və praktiki nəticələr əldə olunub. Məhz bu səbəbdən Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsi ötən illərlə müqayisədə daha da yüksəlib.

Lakin bu sahədə qazanılan nailiyyətlərin miqyasını daha da genişləndirmək, Azərbaycanda, ümumiyyətlə, yoxsulluğun ləğv edilməsi qarşıya qoyulan əsas məqsədlərdən birini təşkil edir. Hələ cari ilin aprelində Salyan rayonunun ictimaiyyəti ilə görüşündə Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Azərbaycanda, əlbəttə ki, yoxsul təbəqə də vardır. Onların sayı ildən-ilə azalır. Bu gün yoxsulluq şəraitində yaşayanlar 11 faizdir. Yəni bu, demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxındır. Ancaq o da çoxdur. Baxmayaraq ki, biz bu göstəricini 49 faizdən 11 faizə endirə bilmişik, 11 faiz də çoxdur. Mən istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda yoxsul və işsiz olmasın".

2009-cu ildə də yoxsulluq səviyyəsinin azalmaqda davam etməsi bir daha Azərbaycan iqtisadiyyatının düzgün inkişaf istiqamətinin və onun uğurlu bir modelə çevrilməsinin əyani təsdiqi oldu. Bu sahədə Azərbaycan əksər dünya ölkələrindən müsbət mənada fərqləndi. Bunu müqayisəli təhlillər əsasında da əyani görmək mümkündür. Məsələn, ABŞ-ın Əhalinin siyahıya alınması bürosunun cari ilin sentyabrın 16-da açıqladığı hesabatdan belə məlum olur ki, ötən ilin yekunlarına əsasən, bu ölkədə yoxsulluq həddində yaşayan insanların sayı ümumi əhalinin 14,3 faizinə bərabər olub. Burada qlobal maliyyə böhranının ABŞ iqtisadiyyatına göstərdiyi təsirdə az rol oynamayıb. Çünki 2008-ci ildə ABŞ əhalisinin 13,2 faizi yoxsulluq həddində yaşayıb. Ötən il ərzində isə belə həddə yaşayanların sayı 39 milyondan 43,6 milyona yüksəlib. İşsizlər üçün nəzərdə tutulan güzəştlər və digər dövlət proqramları bu göstəricinin daha yüksək olmasının qarşısını alıb.

Avropa İttifaqı daxilində yer alan əhalinin 17 faizinin ötən il ərzində yoxsulluq həddində yaşadığı məlum olub. Bəzi Avropa ölkələrində bu göstərici ötən il üçün daha yüksək rəqəmlərlə ifadə olunub. Misal üçün, Latviyada bu göstərici 26 faiz, Rumıniyada 23 faiz, Bolqarıstanda 21 faiz olub. MDB ölkələrinin əksəriyyətində də yoxsulluq səviyyəsi ötən il üçün Azərbaycanla müqayisədə yüksək həddə yer alıb. Məsələn, MDB-nin ən böyük dövləti olan Rusiyada belə insanların sayı 13,1 faiz, yaxud 18,5 milyona çatıb. Bu sahədə ən pis göstəricilərdən biri isə Ermənistana məxsusdur və burada yoxsul insanların sayı 30 faizdən artıq olub. Müstəqil ekspertlər isə reallıqda Ermənistanda yoxsulluq həddində yaşayan insanların sayının bundan ən azı iki dəfə çox olduğunu bildirirlər. Gürcüstan, Ukrayna və bir sıra MDB dövlətləri ilə müqayisədə isə Azərbaycanın yoxsulluq həddinin azaldılmasında daha böyük uğurlara imza atması aydın görünür. Bu, həm də ölkəmizdə əhalinin sosial müdafiəsinə və sosial təminat tədbirlərinin həyata keçirilməsinə xərclənən büdcə vəsaitlərinin həcminin ildən-ilə artması ilə bilavasitə bağlıdır. Məsələn, ötən il bu məqsədlə xərclənən büdcə vəsaitlərinin həcmi 2008-ci illə müqayisədə 24,6 faiz çox olub. Cari il üçün də bu istiqamətdə dövlət büdcəsindən xeyli miqdarda vəsait xərclənib və yenə də xərclənməkdədir.

Ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi 2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq həddinin bir qədər azalacağını, bu sahədə qazanılan nailiyyətlərə görə Azərbaycanın yenə seçilən dövlətlər sırasında yer alacağı isə heç bir şübhə doğurmur.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 22 sentyabr.- S. 1.