Azərbaycan Prezidenti
Administrasiyasının şöbə müdiri
Əli Həsənov Moskvada Rusiya dövlət hakimiyyətinin nümayəndələri
ilə görüşlər keçirmişdir
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Prezidenti Administrasiyasının dəvəti ilə Moskvada səfərdədir.
Sentyabrın 21-də Əli Həsənov Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, RF Prezidentinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr idarəsinin rəisi Sergey Vinokurov, Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Aleksey Qromov və Rusiya Prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə səmərəli görüşlər keçirmişdir.
Əli Həsənov Rusiyanın dövlət hakimiyyəti nümayəndələri ilə keçirilmiş görüşlərin və aparılmış danışıqların yekunlarını Azərbaycan KİV-ləri üçün şərh etmişdir. O, aparılmış danışıqlardan məmnun qaldığını bildirmiş, qeyd etmişdir ki, bu danışıqlar səmimi və konstruktiv şəraitdə keçmişdir. Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında ictimai, siyasi, mədəni sahələrdə münasibətlər, informasiya sahəsində, diasporla iş üzrə əməkdaşlıq həmişə aktual olmuşdur və aktual olaraq qalacaqdır. Şöbə müdiri demişdir: "Rusiya Azərbaycanın ən böyük qonşularından biridir, bu ölkədə çoxsaylı Azərbaycan diasporu yaşayır və ölkələrimizi sıx və uzunmüddətli humanitar-mədəni, ictimai-siyasi əlaqələr birləşdirir".
Ə.Həsənov bildirmişdir ki, qarşılıqlı maraq doğuran məsələlərin bütün spektri üzrə geniş fikir mübadiləsi aparılmışdır. O cümlədən konkret müştərək layihələr müzakirə edilmiş, ölkələrimiz arasında gələcək əməkdaşlığın konturları müəyyənləşdirilmişdir. O demişdir: "Rusiya-Azərbaycan münasibətlərinin müxtəlif sahələri, o cümlədən qarşılıqlı ictimai-siyasi və mədəni əlaqələr, informasiya əməkdaşlığı, diaspor quruculuğu sahəsində vəziyyət həmişə aktual olmuşdur və gələcəkdə də aktual olaraq qalacaqdır. İkitərəfli münasibətlərin strategiyası həm də prezidentlər İlham Əliyev və Dmitri Medvedev tərəfindən, o cümlədən bu yaxınlarda Bakıda imzalanmış sənədlərlə və onlardan irəli gələn çox mühüm qərarlar və məsələlərlə müəyyən edilir".
Əli Həsənov demişdir: "Dövlətlərimizin başçıları tərəfindən müəyyən edilmiş fəaliyyət xəttinə və rəhbərlik etdiyimiz qurumların səlahiyyətləri çərçivəsində səfərimin və RF rəsmi hakimiyyət nümayəndələri ilə danışıqların əsas məqsədi bütün sahələrdə dövlətlərarası münasibətləri daha da inkişaf etdirmək, ölkələrimiz arasında ictimai-siyasi, mədəni, informasiya və digər əlaqələrin cari vəziyyətini müzakirə etmək və prezidentlərimiz tərəfindən qarşımızda qoyulmuş məsələlərin və vəzifələrin həllini reallaşdırmaqdır. Sabah Rusiya KİV-lərinin - televiziya kanallarının, qəzetlərin və informasiya agentliklərinin rəhbərləri ilə görüşlər planlaşdırılmışdır. Bu görüşlərin mahiyyəti həm də ölkələrimiz arasında ictimai-siyasi, mədəni əlaqələrin və informasiya mübadiləsinin hazırkı vəziyyətini müzakirə etmək, gələcək əməkdaşlığın bir sıra proqramlarını hazırlamaqdır".
Müzakirə edilən müştərək layihələr məsələsinə toxunan Ə.Həsənov bildirmişdir ki, eyni geosiyasi məkanda yerləşən ölkələrimiz sıx əməkdaşlıq edir, aktual məsələlərə dair "dəyirmi masa"lar, forumlar və digər iri tədbirlər keçirirlər. Bu, ikitərəfli münasibətlərdə çox perspektivli məqamdır.
Rusiya Prezidenti Dmitri Medvedevin bu yaxınlarda Azərbaycana rəsmi səfərindən danışan Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri bildirmişdir ki, bu səfər, həqiqətən, tarixi əhəmiyyətə malik olmuşdur. O demişdir: "Rusiya ilə Azərbaycan arasında ilk dəfə sərhədlərin delimitasiyası haqqında beynəlxalq hüquqi sənəd imzalanmış, dövlətlərimizin başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair mühüm bəyanatlar vermişlər. Biz də öz növbəmizdə dövlətimiz arasında strateji tərəfdaşlıq ruhuna uyğun olaraq rəhbərlik etdiyimiz qurumların səlahiyyətləri çərçivəsində hər iki ölkə üçün əhəmiyyətli olan bu və ya digər layihələri həyata keçiririk. Müştərək layihələr çoxdur və biz onların əksəriyyətini müzakirə etmişik".
Əli Həsənov xatırlatmışdır ki, cari ildə Bakıda birinci Azərbaycan-Rusiya humanitar forumu, daha sonra hakimiyyətin, özünüidarə orqanlarının, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, Rusiya regionları KİV-lərinin nümayəndələrinin iştirakı ilə regionlararası forum keçirilmişdir. Həştərxanda buna oxşar Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi planlaşdırılır.
Əli Həsənov demişdir: "Biz informasiya sahəsində Rusiya ilə sıx əməkdaşlıq edir, müasir Azərbaycanda gedən proseslərin, islahatların və ölkənin inkişafının, vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlərin işıqlandırılmasında Rusiya KİV-lərinin imkanlarından istifadə edirik. Eyni zamanda, Rusiya hökuməti də Rusiyanın Azərbaycanda təbliğ edilməsində maraqlıdır. Məsələn, "Bakinski raboçi" qəzetində xüsusi daycest buraxılır, biz də gələcəkdə bu sahədə birgə fəaliyyətin davam etdirilməsində maraqlıyıq. Müxtəlif yönümlü, o cümlədən ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin ruhuna uyğun layihələr də vardır. Məsələn, diaspor quruculuğu, Rusiyada Azərbaycan diasporunun imkanlarından istifadə edilməsi, onun Azərbaycanın problemlərinin həllinə cəlb olunması və bir sıra başqa layihələr bu qəbildəndir".
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2010.- 22 sentyabr.- S. 3.