Haqqın və ədalətin
keşiyində
Haqq-ədalətə, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən insanlığı səciyyələndirən, onu dünyanın ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb. Yaşadığı zaman və məkandan asılı olmayaraq vicdanının səsi ilə hərəkət edən, daxilindəki həqiqət işığına boylanan, bütün varlığı ilə düzgünlüyə, ədalətə can atan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətlərin, yüksək mənəvi idealları ilə tanınan nəcib insanların həyat amalı ilk növbədə, onların cəmiyyətə fayda verməyə hesablanmış fəaliyyətində təcəssümünü tapıb.
Ədalət meyarının hər bir cəmiyyətdə bərqərar olması, uca tutulması tarixən qanunçuluğun keşiyində dayanan, hüququn aliliyini rəhbər tutan səlahiyyət sahiblərinin - ilk növbədə insan taleyi ilə bağlı qərar qəbul edən hakimlərin fəaliyyətindən asılı olub. Vaxtilə böyük yunan mütəfəkkiri Sokrat hakimləri ədalət mücəssəməsi kimi səciyyələndirərək yazırdı ki, bunun üçün onların 4 şərtə əməl etmələri vacibdir: hakim nəzakətlə dinləməli, ağılla düşünməli, müdrik cavab verməli, qərəzsiz qərar qəbul etməlidir. Minilliklər keçsə də, bu müdrik deyimin söykəndiyi ali həqiqət öz gücünü, aktuallığını qoruyur. Həqiqətən də ədalət meyarı yalnız haqqa, insanpərvərliyə, humanizmə tapınan hakimlərin prinsipial fəaliyyəti nəticəsində cəmiyyətdə layiqli yerini tapır. 10 ildən çox müddətdə hakim kürsüsündə çalışan, peşə şərəfini daim uca tutan, bütün varlığı ilə haqqın, ədalətin təntənəsinə töhfə verən belə insanlardan biri də Səadət İnayət qızı Bəktaşidir.
Hər bir kamil insan onu əhatə edən cəmiyyətdən əvvəl məhz ailədə yetişir, formalaşır, özünü tanıyır, gələcək həyat yolunu düzgün müəyyənləşdirə bilir. Görünür, müdriklərimiz əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. Səadət Bəktaşi 1960-cı il sentyabrın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Cəmiyyət üçün layiqli vətəndaş, faydalı insan kimi yetişməsində elmin yüksək pillələrinə ucalmış valideynlərinin böyük rolu olub. Səadət xanım görkəmli ədəbiyyatşünas - alim, tanınmış pedaqoq İnayət Bəktaşinin övladı, bəktaşilər nəslinin layiqli davamçısıdır.
Həyatda yaxşı mövqe qazanmaq, özünü təsdiq etmək hər bir qadının arzusudur. Amma bunun üçün heç də hamı lazımi iradəni, zəhmətsevərliyi, işgüzarlığı, məqsədyönlülüyü nümayiş etdirə bilmir. Milli-mənəvi dəyərləri uca tutan ziyalı ailəsində boya-başa çatan Səadət Bəktaşi isə erkən yaşlarından həyat yolunu düzgün müəyyənləşdirərək cəmiyyət, dövlət üçün faydalı olmağın yeganə yolunu yüksək təhsil almaqda görüb. 1967-1976-cı illərdə Bakıdakı Hüseyn Cavid adına 132 saylı orta məktəbdə yüksək təhsil alıb, istedadı, savadı ilə müəllimlərinin rəğbətini qazanıb. 1977-ci ildə 51 saylı fəhlə-gənclər qiyabi orta məktəbini əla qiymətlərlə bitirib.
1976-1977-ci illərdə Bakı şəhəri Kirov rayon xalq məhkəməsində iclas katibi vəzifəsində çalışıb. Ədalət adlı ucalığa qovuşmaq ümidilə ədalət ilahəsi Femidanın vurğununa çevrilən gənc Səadətin gələcəyə yönəlmiş yolunun bələdçisi isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almaq istəyi olub. 1977-ci ildə qəbul imtahanlarını uğurla verərək Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Onun bu cəhdinin universitetlərin nüfuzlu fakültələrinin yalnız yüksək intellektinə, biliyinə güvənən gənclərin üzünə açıldığı, qəbul prosesində obyektivlik, şəffaflıq prinsipinin qorunduğu bir dövrə təsadüf etməsi də taleyin xoş ərmağanı idi. Ötən əsrin 70-ci illərində hüquq təhsili almış digər həmkarları kimi, Səadət Bəktaşi də hüquq fakültəsinə qəbul prosesində şəffaf və ədalətli mühit formalaşdırmış ulu öndər Heydər Əliyevi daim böyük minnətdarlıq, ehtiram hissi ilə xatırlayır.
1982-ci ildə universitetin hüquq fakültəsini bitirdikdən sonra təyinatla Ədliyyə Nazirliyinə işə göndərilib. 1984-cü ilin aprel ayınadək nazirliyin Notariat və Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində stajor-notarius vəzifəsində çalışıb. İlk gündən ciddi nizam intizamı, işə məsuliyyətli yanaşması, peşəsinin incəliklərinə dərindən bələd olmaq istəyi ilə rəhbərliyin rəğbətini qazanıb. Qanun yaradıcılığı sahəsində yüksək hüquqi bilikləri və bacarığı nəzərə alınaraq, 1984-cü ilin aprelində Ədliyyə Nazirliyinin Qanunların sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması idarəsində məsləhətçi vəzifəsinə irəli çəkilib. Cəmi bir ay sonra baş məsələhətçi təyin olunaraq 1991-ci ilədək həmin vəzifədə çalışıb, nümunəvi fəaliyyəti ilə ona göstərilən etimadı doğruldub. 1991-1992-ci illərdə nazirliyin Sovet Qanunçuluğu İdarəsində "Qanunlar Toplusu" redaksiya qrupunun aparıcı mütəxəssisi, habelə İctimai birliklərin qeydiyyatı və işin təşkili şöbəsinin baş mütəxəssisi vəzifələrində işləyib. 1992-ci ilin noyabr ayından 1997-ci ilin mart ayınadək Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin qeydiyyatı idarəsində rəis müavini vəzifəsində çalışıb.
1997-ci ilin mart ayından 1998-ci ilin may ayınadək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, 2000-ci ilin sentyabr ayınadək isə Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb. Səadət Bəktaşi Prezidentin İcra Aparatında çalışdığı illəri həyatının ən mühüm mərhələsi, habelə böyük məktəb kimi minnətdarlıqla xatırlayır. O illərdə topladığı təcrübə, şəxsi məsuliyyət hissi, insanlarla işləmək və onları tanımaq, qiymətləndirmək bacarığı bu gün hər addımda Səadət xanımın köməyinə çatır.
İşlədiyi bütün vəzifələrdə özünü doğruldan Səadət Bəktaşinin həyat yolunun 2000-ci ilin sentyabr ayından hakimliklə bağlanması da məhz ümummilli lider Heydər Əliyevin məhkəmə-hüquq sistemində həyata keçirdiyi mütərəqqi islahatların nəticəsi idi. Həmin il "Məhkəmələr və hakimlər haqqında" qanunun tələblərinə müvafiq olaraq hakimlərin test üsulu ilə, tamamilə şəffaf, demokratik şəraitdə seçilməsi kimi mütərəqqi ənənənin əsası qoyulub. Bu ciddi imtahanda iştirak edərək yüksək intellektual, hüquqi bilik səviyyəsi ilə uğur qazanan Səadət Bəktaşi ulu öndər Heydər Əliyevin 2 sentyabr 2000-ci il tarixli sərəncamı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin hakimi və sədri vəzifəsinə təyin olunub. 2007-ci ilin iyul ayınadək həmin məhkəmənin sədri vəzifəsində çalışaraq qanunların alililiyinin təmin olunması, vətəndaşların iqtisadi maraq və mənafeyinin qorunması sahəsində əlindən gələni əsirgəməyib.
Milli Məclisin 16 iyul 2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin hakimi təyin olunan Səadət Bəktaşi 2010-cu ilin avqust ayınadək bu vəzifədə çalışıb və daim hakim peşəsinin ümdə prinsiplərinə sadiqlik göstərib. O burada vətəndaşların qanuni hüquq və mənafeyinin təmin olunmasına çalışıb. Milli Məclisin 22 iyun 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunan Səadət Bəktaşi hakimlik fəaliyyətini bundan sonra da qanunların tələblərinə müvafiq şəkildə həyata keçirmək əzmindədir.
İnsan taleyi ilə bağlı qərar vermək çox çətindir. Ulu öndər Heydər Əliyev bu gerçəklikdən çıxış edərək müdrikliklə deyirdi: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda". Bu mənada, Səadət Bəktaşi hakimlik fəaliyyətinin necə ağır yük olduğunun fərqindədir. Lakin fitri işgüzarlıq bu ağırlığın öhdəsindən gəlməkdə, insan taleyində misilsiz rol oynayan hökmün ədalətli seçimini tapmaqda ona daim yardımçı olur. Hər dəfə məhkəmə proseslərində özü ilə ani dialoqa girir, iti fəhmi, həyat təcrübəsi, bir də qanunların aliliyi müstəvisində düzgün qərar qəbul etməyə çalışır. Daxilindən gələn səslə müttəhim kürsüsündə dayanan insana, ilk növbədə, çətin vəziyyətə düşən, hiss və duyğuları ilə yanaşı, faciələri olan tale sahibi kimi baxır. Ədalət mühakiməsinin tərbiyəvi əhəmiyyətini yaxşı dərk edir, insan taleyi ilə bağlı son qərarı verəndə humanizm örnəyi kimi yüngülləşdirici halları nəzərə alır. Xarakterindəki bu insanpərvərlik onun prinsipiallığına, qətiyyətinə əsla xələl gətirmir - Səadət Bəktaşi icraata aldığı, baxdığı hər bir işdə ədaləti, haqqı, düzgünlüyü, obyektivliyi axtarır.
Səadət Bəktaşinin fəaliyyəti yalnız peşə çərçivəsi ilə məhdudlaşmır, tanınmış hakim bir sıra ictimai işlərdə də fəal iştirak edir. 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyası hakimləri birləşdirmək, onların müstəqilliyinin daha da möhkəmləndirilməsinə kömək etmək, yüksək iş təcrübəsini yaymaq, xarici ölkələrin məhkəmə praktikasını öyrənmək, müsbət meyilləri təbliğ etmək, habelə hüquqi maarifləndirmə işi aparmaq istiqamətində uğurlu fəaliyyət göstərir. Birlik dövlət səviyyəsində həyata keçirilən bu və digər tədbirləri dəstəkləyir, eyni zamanda onların ictimai rəyə dolğun şəkildə, mahiyyəti üzrə çatdırılmasına çalışır.
Təqdirəlayiq məqam həm də bundan ibarətdir ki, tanınmış hakim cəmiyyətin hüquqi cəhətdən yetkinləşməsinə, ölkənin məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi ruhlu islahatların vətəndaşlara adekvat şəkildə çatdırılmasına çalışır. Cəmiyyətin hüquqi maarifləndirilməsi prosesində yaxından iştirak edən Səadət Bəktaşi ayrı-ayrı məqalələrində Azərbaycanın qısa dövr ərzində keçdiyi hüquqi islahatların mahiyyətini, ölkəmizdə liberal dəyərlərin təminatını sürətləndirən proseslərin xüsusiyyətlərini açıb göstərməyə çalışır. Bundan başqa, o həm də məhkəmə hakimiyyəti sahəsində elmi tədqiqatlar aparır və onları elmi-kütləvi jurnallarda dərc etdirir. Tanınmış hakim indiyədək Fransa, Rumıniya və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda respublikamızı layiqincə təmsil etmişdir.
Həmkarları, tanışları arasında səmimi, mehriban, lakin eyni zamanda prinsipial və qətiyyətli insan kimi tanınan Səadət Bəktaşinin hakimlik karyerasında qazandığı uğurların əsasında mənəvi təmizliyi, müntəzəm şəkildə üzərində işləməsi, qanunçuluğa və dövlətçiliyə sədaqəti durur. İnsan kimi alicənab, humanist xarakterə malik olan, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti ilə seçilən Səadət xanım hakim kürsüsünə insanlara layiqli xidmət vasitəsi kimi yanaşdığını ötən 10 ildə tam sübuta yetirib.
Yaxından tanıyanlar yaxşı bilirlər ki, Səadət Bəktaşi məişətdə, ailədə son dərəcə sadə, mehriban, qayğıkeş insandır. Ailəsinə qəlbən bağlılığı ilə əsl Azərbaycan qadınına xas dəyərləri xarakterində təcəssüm etdirir. İşinin gərginliyinə, çətinliyinə baxmayaraq evdə qadın və ana olduğunu heç zaman unutmur. Daim bu fikirdə olub ki, ailəsinə məhəbbəti, diqqəti azalan qadın əsl qadınlıq hisslərini itirə bilər. İki övladı hüquqşünas kimi onun yolunu uğurla davam etdirirlər. Səadət xanım onu da gözəl anlayır ki, həyat anadan və onun övladlarına verdiyi sevgi payından başlayır. Ana məhəbbəti bütün insanları bir-birinə bağlayır, onları daim xeyirxahlaşdırır.
Böyük yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir. Mənalı ömrünün 50-ci pilləsinə adlamış Səadət Bəktaşi bu gün Azərbaycanın sayılıb-seçilən qadın hüquqşünaslarından, hakimlərindən biri kimi əldə etdiyi nailiyyətlərlə arxayınlaşmır, yorulmadan çalışır, vətənə, xalqa, dövlətə xidmət məramı ilə yaşayır.
Rauf ŞƏMSİZADƏ,
hüquq elmləri üzrə
fəlsəfə doktoru
Azərbaycan.- 2010.-22 sentyabr.- S. 5.