Milli Kitabxanada "Üzeyir Hacıbəyli - 125" mövzusunda "dəyirmi masa" keçirilmişdir

 

Sentyabrın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə "Üzeyir Hacıbəyli - 125" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr edilmiş tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Vilayət İsmayılov dahi musiqiçinin çoxşaxəli yaradıcılığından danışmışdır.

Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir dünyası" layihəsi çərçivəsində "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası" kitabları, onun "Bədii və publisistik əsərləri", "Leyli və Məcnun", "Koroğlu" operalarının, "O olmasın, bu olsun" musiqili komediyasının klavir, libretto və CD-ləri işıq üzü görmüşdür. Bu istiqamətdə işlər indiuğurla davam etdirilir.

Tədbirdə fəlsəfə elmləri doktoru, Bakı Musiqi Akademiyasının (BMA) professoru Mina Hacıyeva "Üzeyir Hacıbəylinin musiqi təfəkkürü", sənətşünaslıq namizədi, BMA-nın professoru Cəmilə Həsənova "Üzeyir Hacıbəylinin yaradıcılığında milli musiqinin nəzəri əsaslarının tədqiqi məsələləri" və sənətşünaslıq namizədi, BMA-nın dosenti Turan Məmmədəliyeva "Üzeyir Hacıbəylinin elmi fikirləri musiqi təhsilində" mövzusunda məruzələrlə çıxış etmişlər.

Məruzəçilər vurğulamışlar ki, Üzeyir Hacıbəyli Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir töhfədir. Onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Ona görədir ki, zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Dünyanın ən möhtəşəm teatrlarının səhnəsində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər bu əsərləri sevə-sevə oxuyurlar. Üzeyir bəyin əsərləri milli olduğu qədər də bəşəridir.

 

 

Azərbaycan.- 2010.- 22 sentyabr.- S. 7.