Sualtı abidələrimiz qorunmalıdır

 

Füzuli şəhəri yaxınlığında Alt paleolit dövrünə aid Azıx mağarasından qədim insanın alt çənə sümüyünün aşkar edilməsi dünyada üçüncü tapıntı hesab edilir. Bu nadir tapıntı nəticəsində Azərbaycan qədim insanların formalaşdığı əraziyə daxil olmuşdur.

Sevindirici haldır ki, arxeoloqlarımız bu günə qədər qazıntılar zamanı minlərlə zəngin maddi-mədəniyyət nümunələri, mağaralar, yaşayış məskənləri, şəhər xarabalıqları aşkar edərək, elmi nailiyyətləri ilə dünya alimlərinin diqqətini cəlb etmişlər.

Xəzərin transqresiyareqresiya prosesi alimlərin həmişə maraq dairəsində olmuşdur. Dəniz səviyyəsinin enib-qalxma mərhələlərinin əsas dövrlərinin təyin olunması, alimlərin fikrincə, iki mərhələdən ibarət olmuş və 500 illik dövr ərzində dəyişmişdir.

Arxeologiya elminə daxil olan sualtı arxeologiya da dəniz, çay, göl altındakı qədim və orta əsr abidələrinin tədqiq olunması ilə məşğul olur. Məhz transqresiya prosesində, zəlzələyə və digər təbii fəlakətlərə məruz qalan tarixi abidələr, gəmilər, yaşayış əraziləri, qəsrlər, araba yolları, şəhərlər, limanlar sonradan sualtı arxeologiyanın tədqiqatları nəticəsində öyrənilir.

1968-ci il 9 avqust tarixində Xəzər dənizində sualtı tarixi-arxeoloji abidələrin qorunması məsələsi qarşıya qoyuldu. İlkin mərhələdə elmi məsləhətçi Z.İ.Yampolski olmuş, praktiki sualtı çöl-tədqiqat işləri V.A.Kvaçidze tərəfindən aparılmışdır. Azərbaycan Tarix Muzeyi nəzdində yaranan Sualtı arxeoloji ekspedisiyanın fəaliyyətinin başlanğıc dövrü həmin ilə düşür. 1968-ci ildən etibarən ilk stasionar sualtı çöl-tədqiqat işləri nəticəsində Bakı buxtası, Abşeron arxipelaqı, Xəzərin qərb sahillərində və digər aqvatoriyalarda maraqlı arxeoloji tapıntılar üzə çıxarıldı. Təəssüf ki, 1980-ci illərin sonunda bu sahədə elmi işlər dayandırıldı.

Azərbaycan Respublikasının iqtisadi inkişafı nəticəsində ölkə başçısının qayğısı ilə sahillər arxeologiya elminin yüksəliş dövrü başlayıb. Belə ki, tarixi mədəni irsin öyrənilməsi və qorunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutu birgə səy göstərir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunda sualtı abidələrin öyrənilməsi üçün kadrların və texniki bazanın hazırlanması işləri aparılır. Sahilboyu ərazilərdə kəşfiyyat işləri aparılaraq, Xəzərdə baş verən təbii hadisələrin elmi mənbələri öyrənilir. Həmçinin Xəzər dənizində sualtı abidələrin öyrənilməsi istiqamətində birgə tədqiqat işləri həyata keçirmək üçün xarici ölkələrdə fəaliyyət göstərən elmi təşkilatlarla da danışıqlar aparılır.

Bugünə qədər aşkar olunan sualtı abidələrə Bakı buxtasındakı Bayıl qəsri, Bilgəh limanı, qədim qəbiristanlıqlar, Salyan rayonunun Şirvan qoruğu ərazisindəki IX-XIV əsrlərə aid Muğan şəhərinin qalıqları, Səngi-Muğan adasının cənub hissəsindəki gəmi lövbərləri, Gürgan burnu yaxınlığındakı Gürganşəhr adlanan yerdə suyun altında orta əsrlərə aid yaşayış yerinin qalıqları və sairə daxildir.

2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sualtı mədəni irsin qorunması üzrə Azərbaycanın YUNESKO Konvensiyasına qoşulması imkanları ilə bağlı araşdırmalara başlanılmışdır. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutu ilə birgə sualtı abidələrin öyrənilməsi məqsədilə hazırlıq işlərinə başlayarkən, təəssüf ki, texniki bazanın, mütəxəssis kadrların az olması ilə üzləşdilər. Bu səbəbdən zəngin sualtı mədəni irsə malik olan mədəniyyət abidələrimizin qorunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Dövlət Sərhəd Xidmətinə rəsmi müraciət etdi. Məktubda eyni zamanda sualtı sərvətlərin qorunması üçün mütəxəssis kadr-dalğıc hazırlanması da diqqətə çatdırıldı.

Son illərdə dünya alimləri Xəzər dənizində hələ də sirri açılmayan sualtı abidələrimizə böyük maraq göstərirlər. Bəzən də avropalı alimlər texniki avadanlıqlarını, xüsusi təlim keçmiş dalğıclarını səfərbərliyə alaraq Azərbaycanda sualtı arxeologiya üzrə elmi tədqiqatlarını aparmaq niyyətlərini də gizlətmirlər. Amma bu məsələyə özümüzdə də böyük maraq var.

Sualtı abidələrin öyrənilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin göstərişi ilə Sahil Mühafizə Xidmətinin "N" saylı hərbi hissəsində dalğıc hazırlanması məqsədilə təlim məşqlərinə başlanılıb. Təlim zamanı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun bir qrup əməkdaşları da yaxından iştirak edirlər.

Sualtı arxeologiya üzrə mütəxəssis hazırlığı zamanı yüksək professional biliyə, tələbkarlığa malik olan hərbi heyətin köməkliyi ilə təlim dərsləri yüksək səviyyədə təşkil edilmişdir. Dərslər zamanı kadrların fizikitexniki hazırlığı, suyun 20 metr dərinliyində sərbəst üzmək bacarığı, dalğıc avadanlığından səmərəli istifadə qaydalarının öyrənilməsi ön planda olmuşdur.

Nəhayət, adları yuxarıda çəkilən təşkilatların birgə əməli fəaliyyəti nəticəsində sualtı abidələrimizin öyrənilməsinə milli kadrlarımız cəlb edilir.

İnanırıq ki, Azərbaycanın tarixi keçmişinin öyrənilməsində, sualtı abidələrimizin qorunmasında həmin kadrlar uğurlar əldə edə biləcəklər.

 

 

Təranə CƏBİYEVA,

Tarixçi

 

Azərbaycan.- 2010.-22 sentyabr.- S. 7.