Nazirlər Kabinetinin
iclasında 2011-ci il və sonrakı üç il üçün dövlət, icmal
büdcələrinin layihələri, iqtisadi
və sosial inkişaf
konsepsiyası müzakirə edilmişdir
Sentyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmiş, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilmişdir.
2011-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının müvafiq qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə əhalinin maddi rifah halının yaxşılaşdırılması, iqtisadiyyatda əldə olunan nailiyyətlərin qlobal maliyyə böhranı şəraitində qorunub saxlanması, ölkənin sosial-iqtisadi kursunun ardıcıl davam etdirilməsi zəminində, həmçinin dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilmişdir.
Layihə hazırlanarkən dövlətin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq surətdə büdcənin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilmişdir.
Dövlət büdcəsinin gəlirləri
12 milyard 61 milyon manat təşkil edir. Xərclər hissəsi
isə 12 milyard 748 milyon manat proqnozlaşdırılmaqla,
ümumi daxili məhsulun (ÜDM) 31,7 faizi
həcmində nəzərdə
tutulur.
Sosialyönümlü xərclərin büdcədəki
xüsusi çəkisi
cari illə müqayisədə artımla
proqnozlaşdırılır. Məqsədli dövlət proqramlarının
və tədbirlərin
maliyyə təminatı
üçün xərclərin
həcminin artırılması
ilə yanaşı,
elm, təhsil, səhiyyə,
mədəniyyət, ekologiya,
kənd təsərrüfatı,
sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclərin də artımı nəzərdə
tutulur.
2011-ci il
üçün icmal
büdcənin gəlirləri
15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129,4 milyon manat proqnozlaşdırılır.
Konsepsiya və proqnozların hazırlanması
prosesində ötən
ilin yekunları və sosial-iqtisadi nəticələri, aiddiyyəti
dövlət orqanlarının,
iri müəssisələrin
təklifləri, eləcə
də ölkə iqtisadiyyatının gələcək
inkişafına təsir
edə biləcək amillər, o cümlədən
inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və
s. nəzərə alınmışdır.
2011-2014-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları
hazırlanarkən beynəlxalq
təşkilatların, habelə
bank və maliyyə qurumlarının proqnozları,
bu proqnozlara təsir edə biləcək hallar təhlil edilmişdir. Məlum olduğu
kimi, həmin beynəlxalq qurum və təşkilatların
Azərbaycan iqtisadiyyatının
inkişaf tempi ilə
bağlı proqnozları
müsbətdir. Müzakirəyə
çıxarılan əsas
makroiqtisadi göstəricilərin
proqnozlaşdırılması məqsədilə 2011-ci il
üçün ÜDM-in real artım tempi 3,8 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 7,2 faiz, neftin bir
barelinin dünya bazar qiyməti 60 dollar, inflyasiyanın səviyyəsi
isə 5 faiz həcmində nəzərdə
tutulur.
İclasa yekun vuran Baş nazir Artur Rasizadə
qeyd etmişdir ki, ölkədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində
əldə olunan nailiyyətlər Azərbaycanın
gələcəkdə də
siyasi, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanacağına əminlik
yaradır.
İclasın sonunda Nazirlər Kabineti dövlət büdcəsi layihəsinin
Azərbaycan Prezidentinə
təqdim olunması barədə müvafiq qərar qəbul etmişdir.
Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 1.