Türkiyə-Azərbaycan əlaqələrinin strateji səciyyəsi

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla bu günlərdə İstanbulda keçirilən görüşündə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın yeni format və məzmunu müəyyənləşdirilmişdir. Son günlər hər iki ölkənin mətbuatında geniş işıqlandırılan və birmənalı olaraq Türkiyə-Azərbaycan münasibətlərinə yeni rəng qatan bu müstəsna əhəmiyyətli olayla bağlı qardaş ölkədən mötəbər bir fikir eşitmək qərarına gəldik. Azərbaycanın böyük dostu, nüfuzlu Mərmərə Qrupu Vəqfinin rəhbəri, Qırğızıstanın Bişkek Universitetinin fəxri professoru adına layiq görülmüş doktor Akkan Suver bununla bağlı düşüncələrini "Azərbaycan" qəzeti ilə məmnuniyyətlə bölüşdü:

 

- Hesab edirəm ki, Türkiyə ilə Azərbaycanın dostluğunu sərhəd məftilləri, coğrafi yaxınlıq, iqtisadi mənfəət və bu kimi digər maddi təyinatlara müncər etmək düzgün olmazdı. Bu münasibətlərdə əsas söz sahibi iki qardaş millətin əsrlərin yaddaşından süzülüb gələn genetik doğmalığı, ruhən birgəliyi, amal, əqidə, məfkurə qardaşlığıdır. Bu, yaxın tariximizin sınağından çıxmış həqiqətdir. Tarix özü bizlərin sevinc və kədər payını tən bölüb. ÇanaqqalaGeliboluda Azərbaycandan qardaş köməyinə gəlmiş igid oğullarla Anadolu bahadırları yan-yana uyuyur. Bakının ən uca nöqtəsində, Vətən uğrunda canını fəda etmiş şəhidlərlə bir torpaqda ötən əsrin əvvəllərində Nuru paşanın başçılığı altında Bakını erməni-bolşevik qırğınından xilas etməyə gəlmiş türk əsgərlərinin nəşi yatır.

Türkiyə-Azərbaycan münasibətləri göstərilə və mülahizə edilə biləcək bütün rakurslardan yalnız pozitiv mizanda dəyərləndirilə bilər. Çünki bu qardaş dövlətlərin SSRİ-nin dağılması ilə aralarında yaranan bütün bağlar onların hər ikisinin inkişafında, eləcə də bir çox sferalar üzrə təhlükəsizliklərinin təmin edilməsində özünəməxsus rol oynayıb. Real həqiqətdir ki, bu gün Türkiyə-Azərbaycan münasibətlərinin analoquna digər başqa dövlətlərdə rast gəlinmir, buraya hətta müttəfiq dövlətləri də şamil etmək olar. Çoxşaxəli xarakter daşıyan, gündən-günə daha da möhkəmlənərək inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməklə iki dövlət arasında daha sıx münasibətlərin formalaşmasını təmin edib və etməkdədir. Soykökü, tarixi, dili, dini, mədəniyyəti bir olan Türkiyə və Azərbaycanın yaratdıqları dövlətlərin bir-birinə ümumi münasibəti əslində başqa cür ola da bilməz və hazırda ölkələrimiz arasında əlaqələrin mövcud səviyyəsi bunun ən əyani təsdiqi kimi çıxış edir.

O da nəzərə alınmalıdır ki, xalqlarımız arasında olan mənəvi bağlılıq və bundan irəli gələrək dövlətlərimizin bir-birilə ən yüksək səviyyəli münasibətlər qurmasında coğrafi yaxınlığımız da mühüm rol oynayıb. Məhz coğrafi yaxınlıq amili xalqlarımızın bir-birinə daha çox qaynayıb-qarışmasına, həmçinin dövlətlərimizin regionda hadisələrin inkişaf istiqamətinə yanaşmada eyni mövqe sərgiləməsinə səbəb olan əsas önəmli faktorlardan biridir. Bu, özünü regionun iqtisadi mənzərəsinin formalaşmasında daha qabarıq şəkildə büruzə verir. Məsələn, Cənubi Qafqazda artıq istifadəyə verilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan transmilli layihələrin həyata keçirilməsində mütləq Azərbaycanın və Türkiyənin tutacağı mövqe nəzərə alınır, buna əsasən proseslərin inkişaf axarı müəyyənləşdirilir.

İki ölkə arasında münasibətlərin daim yüksək səviyyədə saxlanması, milli maraqları əhatə edən məsələlərdə tərəflərin bir-birini təmənnasız müdafiə etməsi həm də Azərbaycan və Türkiyə rəhbərliyinin real şəraitdə həyata keçirdikləri uğurlu siyasətin məntiqi nəticəsidir. Bu hal hər iki ölkənin regional və beynəlxalq miqyasda mövqelərinin daha da güclənməsinə əhəmiyyətli dərəcədə təsir göstərməklə yanaşı, onların milli maraqlara xələl gətirəcək istənilən hərəkətə qarşı birgə mövqedən çıxış etməsində də mühüm rol oynayır. Yenə də mövcud reallıqlara nəzər yetirməklə bunun əyani təsdiqini görmək mümkündür. Məsələn, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən zəbt edilməsinə etirazqardaş dövlətə dəstək əlaməti olaraq Türkiyə 1993-cü ildən işğalçı ölkə ilə sərhədlərini bağlayıb. Bu vaxta qədər erməni lobbisinin, onların diktəsi ilə hərəkət edən, eləcə də öz maraqları çərçivəsində Türkiyəyə təzyiq edərək sərhədlərin açılmasına çalışan müxtəlif dövlətlərə, təşkilatlara, qüvvələrə Türkiyənin cavabı birmənalı olub: Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyənə qədər Ermənistanla sərhədlər açılmayacaq. Ötən dövr ərzində Türkiyə bu vədinə sadiq qaldığını ən yüksək səviyyədə nümayiş etdirib.

Qondarma erməni soyqırımının heç bir reallığa söykənmədiyi, belə bir hadisənin baş vermədiyi, ermənilərin sadəcə tarixi faktları təhrif edərək beynəlxalq ictimaiyyəti aldatmaq səylərinin dünyaya çatdırılmasında isə Türkiyəyə tam dəstək verən, bu istiqamətdə həm dövlət, həm diaspor, həm də digər səviyyələrdə konkret addımlar atan əsas ölkə qismində isə məhz Azərbaycan çıxış edir. Bütün bunlar böyük Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz", qardaş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "biz bir millət, iki dövlətik" kimi tarixi deyimlərinin yalnız sözdə yox, həm də əməldə özünün təsdiqini tapdığını əyani şəkildə göstərir.

Qarşılıqlı iqtisadi, siyasi, mədəni və digər məsələlərlə yanaşı, xarici siyasətdə də Türkiyə və Azərbaycanın maraqları xeyli dərəcədə üst-üstə düşür. Bunu enerji, enerji təhlükəsizliyi, regionalbir çox beynəlxalq proseslərə yanaşmada, o cümlədən erməni məsələsinə münasibətdə aydın müşahidə etmək olar. Bu bir həqiqətdir ki, Azərbaycanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında yaranan maneələrə qarşı hər iki ölkə birgə mübarizə aparıb. Bu mübarizənin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi möhtəşəm neftqaz kəmərləri ərsəyə gəlib. Gələcəkdə reallaşması nəzərdə tutulan Nabukko qaz layihəsinin taleyini müəyyən edən əsas dövlətlər qismində yenə də Türkiyə və Azərbaycanın adı xüsusi çəkilir.

Bütün bunlar Azərbaycanın bilavasitə yardımları ilə Türkiyənin mühüm enerji tranziti məkanına çevrilməsinə təkan verib və dövlətlərimizin iqtisadi əlaqələrini daha da gücləndirib. Bakı-Tbilisi-Qars dəmiryol layihəsi başa çatdıqdan sonra ölkələrimizin iqtisadi bağlılığı daha da möhkəmlənəcəkdir.

Bir vaxtlar Anadoluda türkləri qətlə yetirən, sonradan Azərbaycan torpaqlarını işğal etməklə azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər, onların diaspor qüvvələri, eləcə də yaratdıqları dövlət Türkiyə və Azərbaycan üçün ciddi problemlər yaradıb. Azərbaycan ərazilərinin beşdə birini işğalda saxlayan Ermənistanın Türkiyəyə qarşı da ərazi iddialarının olması və bunu öz müstəqillik aktında təsbit etməsi sözügedən dövlətin ölkələrimiz üçün eyni dərəcədə problem yaratmasının göstəricisidir. Bu mənada Ermənistana, erməni lobbisinin mənfur niyyətlərinə qarşı ölkələrimizin birgə, eyni dərəcədə mübarizə aparması zəruri şərtdir. Sevindirici haldır ki, biz bu mübarizədə dövlətlərimizin, xalqlarımızın birliyini görürük. Regional, beynəlxalq məsələlərdə də, demək olar ki, Türkiyə və Azərbaycanın mövqeləri, maraqları üst-üstə düşür və müxtəlif beynəlxalq təşkilatlarda dövlətlərimizin bir-birini müdafiə etməsi yazılmamış bir qanun halını alıb.

Təbii ki, iki ölkə arasında əlaqələr digər türk dövlətləri üçün nümunə olduğu kimi, türk dünyasının bir araya gəlməsi baxımından da əhəmiyyət daşımaqdadır. Türkiyə-Azərbaycan əlaqələrinin güclü olması Orta Asiya türk respublikaları ilə də sıx münasibətlərin əsasında duran önəmli faktorlardan biridir.

Azərbaycan və Türkiyə arasında münasibətlərin yenidaha yüksək səviyyəyə çatmasında sentyabrın 15-də İstanbulda, "Çırağan" sarayında Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra imzalanan "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" isə mühüm bir sənəd olaraq dəyərləndirilməlidir. Qurulacaq şura dövlətlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Belə ki, şura çərçivəsində yaradılacaq altkomissiyalar əlaqələrimizin hər sahədə müntəzəm olaraq nəzərdən keçirilməsini təmin edəcək, həm müsbət sahələrdəki irəliləyişlərin qorunmasına, həm də ictimai fikirdə formalaşmış bir sıra nöqsanların təcili aradan götürülməsinə yardım edəcəkdir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası, eyni zamanda, iki ölkə arasında bu günə qədər görülən işlərə bir növ yekun vurur, strateji tərəfdaşlığın gələcək inkişafını müəyyən edir. Sözügedən şuranın yaradılması sadəcə adi bir müqavilə, saziş olmaqla qalmayıb, ölkələrimizə imkan verəcək ki, gələcəkdə ən müxtəlif sahələri ehtiva edən fəaliyyətlərini uzlaşdırsınlar, fəaliyyəti əlaqələndirilmiş şəkildə aparsınlar, qüvvə və potensiallarını daha böyük nəticələrin əldə olunmasına səfərbər etsinlər. Bütün sahələri, o cümlədən siyasi, iqtisadi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, enerji, neft-qaz sahələrindəki əməkdaşlıq, nəqliyyat, dəmiryol layihələri, mədəniyyət, humanitar əlaqələri əhatə edən Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası haqqında saziş Türkiyə ilə Azərbaycanın əlaqələrinin bundan sonra da uğurla, sürətlə və daha mütəşəkkil qaydada irəliyə getməsinə, dövlətlərimizin, xalqlarımızın daha da birləşməsinə, yaxınlaşmasına imkan verəcəkdir.

Beləliklə, hesab edirəm ki, eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədlərini qarşısına qoymuş Türkiyə ilə Azərbaycanın birliyi hər gün daha da möhkəmlənir, güclənir, məzmun və keyfiyyəti etibarilə daha üstün bir əhəmiyyət kəsb edir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 2.