Azərbaycanın səfiri Finlandiya parlamentarilərinə ölkəmizin həqiqətləri barədə danışmışdır

 

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri Rafael İbrahimov sentyabrın 22-də Finlandiyanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri xanım Sinikka Hurskainen, Finlandiya Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Pertti Salolainenparlamentin digər üzvləri ilə görüşmüşdür.

Görüşlər zamanı R.İbrahimov ölkəmizdə keçiriləcək parlament seçkiləri barədə danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə məlumat vermişdir. Səfir Azərbaycanın iqtisadi göstəriciləri, həyata keçirilən iri regional layihələr, qəbul olunmuş dövlət proqramları barədə söhbət açmışdır.

Həmin gün Finlandiya Parlamentində yeni yaradılmış Azərbaycanın dostluq qrupunun nümayəndələri ilə ölkəmizə dair dinləmələr keçirilmişdir.

Tədbirdə ölkəmizdə keçiriləcək parlament seçkilərində iştirak edəcək müşahidəçilər, Finlandiyanın səfiri Petri Salo və Finlandiyanın Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak etmişlər. Səfir R.İbrahimov görüşdə noyabrın 7-də ölkəmizdə keçiriləcək parlament seçkiləri barədə ətraflı məlumat vermişdir. Səfir öz çıxışında Azərbaycanın Cənubi Qafqazda lider ölkə olduğunu vurğulamış, respublikamızdan keçən enerji daşıyıcıları, nəqliyyat xətləri, ölkəmizin neft infrastrukturu barədə məlumat vermişdir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, islahatlar barədə danışan səfir vurğulamışdır ki, bu gün ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqların mövcud durumu haqqında məlumat verərək münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 2.