Bakıda 16-cı Azərbaycan Beynəlxalq
səhiyyə sərgisi açılmışdır
Sentyabrın 22-də Bakı Expo Mərkəzində BİHE - 16-cı Azərbaycan Beynəlxalq səhiyyə sərgisi açılmışdır.
Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təşkil edilmiş sərginin açılışında çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdir ki, ildən-ilə bu sərgidə iştirak edən ölkələrin sayı artmaqdadır. Belə ki, builki sərgidə dünyanın 19 ölkəsindən 105-dən artıq şirkət iştirak edir.
Nazir müavini Azərbaycanda hər sahədə, o cümlədən səhiyyə sahəsində sürətli inkişafın müşahidə olunduğunu vurğulamışdır. Bildirmişdir ki, son illərdə yüzlərlə səhiyyə ocağı bərpa edilmiş, yenidən tikilmiş, ən müasir avadanlıqla təchiz edilmişdir.
Türkiyənin dövlət naziri Farux Nafiz Ozak qeyd etmişdir ki, Bakı artıq bir çox əhəmiyyətli beynəlxalq tədbirlər keçirildiyi mərkəzə çevrilmişdir. Bu gün açılışı keçirilən ənənəvi sərgidə hər il iştirakçı şirkətlərin sayının artması da çox sevindirici bir haldır.
"İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov məlumat vermişdir ki, səhiyyə sərgisində yeni tibb və laboratoriya avadanlığı, proqram təminatı, tibbi mebel, sterilizə avadanlığı, ortopediya məhsulları, dezinfeksiya vasitələri və digər məhsullar, ilk dəfə olaraq isə biotibb, nüvə tibbi, nanotexnologiyalar nümayiş etdirilir.
Beynəlxalq səhiyyə sərgisi ilə yanaşı 5-ci yubiley Azərbaycan Beynəlxalq Stomatologiya və 4-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik tibb sərgiləri də açılmışdır. Stomatologiya sərgisi çərçivəsində "Dünya nailiyyətləri fonunda stomatologiyanın aktual problemləri" adlı 16-cı Beynəlxalq Stomatoloji konfrans da keçiriləcəkdir.
Beynəlxalq Gözəllik və Estetik tibb sərgisində estetik təbabət, makiyaj və tatuaj üçün nəzərdə tutulmuş avadanlıq və preparatlar, gözəllik salonları üçün alətlər, avadanlıqlar və xidmətlər, dırnaqlara qulluq xidməti və avadanlıqları, kosmetika avadanlıqları, təbii kosmetika, müalicə-profilaktik və sağlamlaşdırıcı fitokosmetika, aromoterapiya, mezoterapiya, talassoterapiya, habelə gigiyena vasitələri, pəhriz qidaları, uşaqlara qulluq üçün məhsullar və bir çox digər bölmələr təqdim olunur.
Sərginin bütün iş günlərində Avropanın aparıcı istehsalçılarının müalicəvi kosmetika məhsullarının təqdimat mərasimləri, kosmetik vasitələrin düzgün istifadəsi və mezoterapiya üzrə treninq və təkmilləşdirmə kursları da keçiriləcəkdir. Bundan əlavə, ilk dəfə olaraq sərgi çərçivəsində dəriyə qulluq prosedurlarına dair estetik təbabət konfransı təşkil olunacaqdır.
Qeyd edək ki, sərgilər sentyabrın 24-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 5.