Günahsız müqəssir
1931-ci ildə
bolşeviklər Şəmkirin Morul kənd sakini Hadı bəy
Bədirbəylini "kulak" adıyla həbs edib Şəmkir
milisinin təcridxanasında bir neçə gün
saxladıqdan sonra yatab edirlər Gəncə həbsxanasına.
Orada NKVD müstəntiqi işləyən, əslən şuşalı
Kazımbəy Kazımbəyov atası ilə dostluq edən
Hadı bəyi tanıyır. Paqon yoldaşlarını
inandırır ki, o, bəy deyil, rəncbərdir,
Şuşada onun-bunun torpağında rəncbərlik edəndə
görüb. Hadı bəyi də öyrədir ki, kim
soruşsa de ki, bəy deyiləm, rəncbərəm. Müstəntiq
bu yolla, çox çətinliklə də olsa,
atasının dostunu sürgündən qurtara bilir və ona bərk-bərk
tapşırır ki, bu barədə heç kimə bir kəlmə
də demə. Özün də Morula çatan kimi kolxoza
üzv yazıl.
...Bədirbəyovlar nəslinin nümayəndəsi Bədir Qədirov deyir ki, babam bu əhvalatı Stalinin ölümündən sonra evdə çox ehtiyatla danışardı. Söyləyirdi ki, o zaman Gəncə həbsxanasının həyətində təsadüfən Süleyman ağanın oğlu Əşrəf bəylə rastlaşdım. Üz-gözü tüklü idi, vaxtsız ağarmış saç-saqqalı onu yaşlı göstərirdi, özü də çox sınıxmışdı. Həmişə zəhmli, səliqə-sahmanlı olan Əşrəf bəyi belə görəndə özümü itirən kimi olub soruşdum:
- Bəy, sən hara, bura
hara?
- Nə bilim, deyirlər ki,
guya məni Ağstafada, Batumda, Sarıqamışda, Türkiyədə
görüblər. Guya oralara gedib qaçaqlarla görüşürəm,
Türkiyənin agentiyəm...
* * *
Əşrəf bəy
1920-ci il Gəncə üsyanında
sağ qıçından güllə yarası
aldığından şikəstliyi vardı. Yaralananda
beş-altı aya yaxın Gəncədə, Şəmkirdə,
Tiflisdə müalicə olundu. Müalicədən
sonra dizi açılıb-bükülmürdü, əvvəlki
kimi ata da minə bilmirdi. Şəmkir İctimai Təminat
Şöbəsi tərəfindən Əşrəf Bədirbəyovun
adına yazılmış vəsiqədən
məlum olur ki, o, üçüncü qrup əlil olub.
1920-ci ildə Azərbaycanın işğalı ilə
ölkəmizə "azadlıq, müstəqillik və
xoşbəxtlik gətirən" sovet hökuməti bölgədə
bərqərar olar-olmaz kəndlilərin də, bəylərin
də günü göy əskiyə bükülür...
Şəmkirin adlı-sanlı bəyləri ilə
yanaşı, Əşrəf bəyin atası Süleyman
ağanın, qardaşları Xan İsmayılın, İsfəndiyar
bəyin, Əhməd ağanın, Ədil bəyin və
Abbas bəyin əkin yerləri, mal-qarası, mülkləri
hissə-hissə əllərindən alınır. Həmin sərvətlər hesabına
"Pravda", "Birlik", "Rəhmanov"
kolxozları yaradılır. Bolşeviklər
kolxoza daxil olmaq istəməyənləri qorxudur, təqib edir
və zorakılıq göstərirdilər. 1929-cu ilin yayında Əşrəf bəyin
üzüm bağlarının, əkin sahələrinin, kəhrizlərinin,
təsərrüfat alətlərinin, mal-qarasının
çox qismi müsadirə edilir. Məhsuldar
üzüm bağı, inək sürüləri, tövlə
və örüş yerləri hesabına kollektiv təsərrüfat
- "Artel" yaradılır. Əşrəf bəyin
özü "kulak" adıyla üç il
müddətinə sürgünə göndərilir. Müsavatın parlament üzvü olmuş
qardaşı Əhməd ağa isə Gəncə
üsyanında fəal iştirakına görə güllələnməyə
məhkum edilir. Milli hökumət
zamanında Gəncədə pristav olan kiçik
qardaşı Səməd ağa tuthatutda baş
götürüb bölgədən qaçır.
Əşrəf
bəy hələ 1905-1907-ci illərdə azərbaycanlıları
erməni qırğınlarından qoruyan könüllü
birləşmələrə maliyyə yardımı göstərir,
onların ərzaqla, silahla təchizatında əlindən gələni
edirdi. Maddi problemləri, eləcə də ev-ailə
çətinlikləri ilə bağlı ona müraciət
edənləri heç vaxtı naümid qoymurdu.
Atası Süleyman ağanın tövsiyəsi ilə
1906-cı ildə "Difai", daha sonra isə "Müdafiə"
təşkilatına üzv yazılmışdı, Bakı və
Gəncə xeyriyyə cəmiyyətlərinin
tapşırığı ilə 1913-1914-cü illərdə
Türkiyə-Balkan müharibəsində Qars,
Sarıqamış, Ərdahan, Trabzon və digər istiqamətlərdə
rus-erməni qoşunlarının qırğınlarına məruz
qalanların ailələrinə, əlillərə,
yaralılara, eləcə də həmin illərdə və
ondan sonrakı dövrlərdə Naxçıvanda, İrəvanda,
Zəngəzurda, Bakıda, Şamaxıda, Qubada,
Göyçayda, Gəncədə, Batumda, habelə digər ərazilərdə
kütləviləşən erməni qətliamlarının
qarşısını almaq üçün
könüllü müdafiə dəstələrinin
yaradılmasına, kimsəsizlərə, aclıqdan əziyyət
çəkənlərə ərzaq, pal-paltar və maliyyə
yardımları edirdi. Xalqının
azadlığı, ölkəsinin müstəqilliyi
uğrunda mübarizə aparanlara, xüsusilə müsəlmanları
və müsəlman kəndlərini çapıb-talayan erməniləri
yerində oturdanlara arxa idi.
Əşrəf
bəy həbs düşərgəsindən qayıdandan sonra
da əqidəsindən dönmədi, əksinə,
bolşeviklərin cəhənnəm əzabı onu ədalətsizliyə
və haqsızlığa qarşı daha mübariz etmiş,
işğalçı rus imperiyasına, bolşeviklərə
nifrəti daha da artmışdı. Bolşeviklər bəyləri
və imkanlı adamları nə qədər tuturdular, nə
qədər sürgünə göndərirdilər, nə qədər
ev-eşiyindən didərgin salırdılarsa da, hökumətdən,
cəmiyyətdən narazı qüvvələr get-gedə
çoxalırdı. Sovet hökumətinin
işğalçılıq siyasətini qəbul etməyən
qüvvələrin bir qismi Şəmkirin Gədəbəylə
həmsərhəd dağlarına, dərələrinə
sığınır, bir qismi isə Kürqırağı
meşələrdə cəmləşirdi. Bolşeviklərin yeni quruluşun düşməni,
bandit adlandırdıqları bu adamların əksəriyyəti
ilə Əşrəf bəyin yaxınlığı var idi.
İsmarıc gələn kimi Keçilidən Qara Astanın,
Qaranüydən Qaçaq Əbdüləlinin, Zəyəmdən
Hacı Əhmədin, Təhnəlidən məşədi
Hüseynin, Dəllərdən Paşa Xasməmmədoğlunun,
Qaracəmirlidən Rüstəm Ramazanoğlunun adamlarına ərzaq,
patron çatdırırdı. Köhnə
tanışları vasitəsilə Türkiyədən də
onlara silah-sursat gətizdirirdi.
Azadlığa buraxılandan
"Artel"də, əvvəllər özünəməxsus
üzüm bağının az bir hissəsində,
sahibkar-briqadir kimi işləyir, ticarətlə, ailəsinin
gündəlik qayğıları ilə məşğul
olurdu. Sağlamlığını 1920-ci il
Gəncə üsyanı zamanı rus-sovet qoşunları ilə
müharibədə itirən Əşrəf bəy ictimaiyyət
arasında sözünü açıq-saçıq deməkdən
də çəkinmirdi. Odur ki, hökumət
adamları Əşrəf bəyi gözdən qoymurdu, yerli
komsomolçular və kommunistlər onu qarabaqara izləyirdilər.
Bəyi gözdən qoymayan
qonşusunun istintaqa verdiyi yazılı məlumatından:
"...Artelin "Əlillər" yeməkxanasında bizdən
bir az aralıda Əşrəf bəylə Məşədi
Qəşəm Sultanov və meşə təsərrüfatının
rəhbərlərindən olan Həsən Səlimov
oturmuşdular. Həsən Səlimovla Əşrəf
bəy çaxır içirdi. Bir az
şənlənəndən sonra Əşrəf bəy
başladı məni təhqir etməyə. Əlindəki
çəliyi sifətim bərabəri qaldıraraq dedi: - Bu
çəliklə sənə adamla necə
danışmağı öyrədərdim. Bolşeviklər
millətimin azadlığını, ölkəmin müstəqilliyini
əlindən almaqla ürəyimə xəncər vurublar.
Xalqı talayandan xalqa sahib olmaz!.. Ancaq mən bizim çox hörmətli Əşrəf
bəylə dava etmək istəmədim və
çıxıb getdim".
Kolxozçu, Azərbaycan K(b)P üzvü 45 yaşlı Qədir Məmmədovun
Siyasi İdarənin müstəntiqi Fətəliyevə
verdiyi ifadədən:
"Əşrəf bəyi
lap uşaqlıqdan tanıyıram. Bədirbəyovlar
ağır nəsildir, torpaqlarını kəndlilərə
icarəyə verirdilər. Onların
çar və Müsavat hökuməti zamanında Kirovabadda və
Gədəbəydə mülkləri olub. Eyni zamanda, ticarətlə də məşğul
olurdular. Bədirbəyovların Şəmkir
bəyləri ilə çoxlu qohumluq əlaqələri var.
Hətta xarici ölkələrdə yaşayanları da var,
hansı ki, sovetləşməyə böyük zərbə
vurublar. Əşrəf bəyin arvadı məşhur bəy
Zülqədarovun qızıdır... Onların
çoxu sovet hökuməti qurulandan sonra güllələndi,
bir qismini sürgünə göndərdilər. Əşrəf bəyin doğma qardaşı Əhməd
ağa Müsavatın lideri idi, əks-kəşfiyyatçı
olduğuna görə 1931-ci ildə güllələnib.
O biri qardaşı İsfəndiyar bəy 10 illiyə
sürgün olunub. Digər qardaşı Abbas bəy
keçmiş Müsavatın pristavı olub, rayondan
qaçıb. Deyilənə görə,
Bakıdadır, o biri qardaşı Ədil bəy hazırda
Şamxor rayonunda yaşayır, böyük qardaşı Xan
İsmayıl Bədirbəyovun səsi alınıb, siyasi
dustaqdır. Əşrəf bəy özü 1920-ci ilin
may ayında Gəncə üsyanında rus-sovet əsgərlərinə
qarşı vuruşub, üsyanın fəal
iştirakçısı və təşkilatçı idi.
Davada ayağından bərk yaralandı. Neçə ay xəstə yatdı".
Əşrəf bəy Bədirbəyov
ikinci dəfə 62 yaşında, 1937-ci il
avqustun 5-də yenidən həbs edilir. Azərbaycan
SSR Xalq Daxili İşlər Komissarlığının
göstərişinə əsasən, elə həmin gün
Dövlət Siyasi İdarəsinin göstərişi ilə
evində axtarış aparılır. Mənzilindən
dostu ləzgi Süleyman bəyin Novruz bayramında ona hədiyyə
etdiyi xəncərdən başqa elə bir şey
tapılmır. Daha sonra Əşrəf bəyin
mülkü müsadirə olunmaqla, evdən bir qoz
ağacından hazırlanmış kamot, 4 dəst dəvə
yunundan salınmış yorğan-döşək, qaz
tükündən 4 yastıq, 4 mütəkkə, 2 yun kilim, 1
paltar şkafı, 1 "Zinger" markalı tikiş
maşını, ikiadamlıq nikelli kravat və s.
götürülərək birbaşa rayon mərkəzindəki
bazara satışa çıxarılır. On
iki otaqlı, kürsülü mülkünü əlindən
alıb xəstəxana edirlər. Rayon mərkəzi
xəstəxanası 1995-ci ilə kimi burada yerləşib
(İndi həmin binanın yerində müasir tipli mərkəzi
rayon xəstəxanası fəaliyyət göstərir).
O zaman Əşrəf bəyin mülkü əlindən
alınanda ömür-gün yoldaşı Həyat xanıma,
qızları Nisə, Nəcibə, Zərintac, Manis, oğlu
İzzət və Vahidə heç sığınacaq yeri də
vermədilər. Əksinə, bəy ailəsinə
"qolçomaq", "kulak" və "xalq
düşməni" damğası vuraraq ev-eşiyini
dağıtdılar, böyük uşaqları artelə,
kolxoza, şura iclaslarına və kəndli
yığıncaqlarına, kiçiklərini isə məktəbə
yaxın buraxmadılar, səsvermədən, ən adi insani
hüquqlardan məhrum edildilər.
Əşrəf
bəyin həmkəndlisi Həbib Cəfərovun
uşaqları söyləyirlər ki, babam bunları həmişə
yana-yana danışardı. Deyərdi ki, Əşrəf bəy
tutulası, güllələnəsi kişi
deyildi, heyıf ondan! Evindən aparılan
şeylər siyasi şöbənin
tapşırığı ilə bazarda satılır, pulu isə
hökumətə - maliyyə şöbəsinə
keçirilirdi. Hamı gəlib, o zaman
handa bir kişinin evində olmayan şeylərə baxıb
gedirdi. Qonşumuz İsa Bəndəliyev bazarda Əşrəf
bəyin ev əşyalarına baxıb
çox heyifsiləndi, fikrə getdi, birdən
üzünü mənə tutub: -Yada qismət olunca,
özüm götürəcəm, qoy Əşrəf bəydən
bizə bir nişanə qalsın, - deyib irəli yeridi, səhv
etmirəmsə, ovaxtın pulu ilə 250 rubl verib kamotu alıb
evinə gətirdi. İndiyəcən o kamot həmin
evdə Əşrəf bəydən yadigar-nişanə kimi
saxlanılır.
1937-ci il
avqustun 6-da NKVD müstəntiqi Əşrəf bəydən
sovet hökumətinin və kolxoz quruculuğunun əleyhinə
təbliğat aparmasını, qaçaqları silah və
sursatla təmin etməsini, onlara türk vintovkası və
mauzer göndərməsini təsdiqləyən dəlillər
gətirməklə onları boynuna almasını və
imzalı təsdiqini tələb edir.
Gəncəbasarda çox adam bilirdi ki, Əşrəf bəy Bədirbəyov
1918-ci ilin yanvarında dəstə toplayıb Şəmkir
stansiyasında dəmiryolu körpüsünün
üstündə müsavatçılarla birləşərək
eşalonun qabağını kəsib, əsgərləri tərksilah
edib, onlarla rus əsgərini öldürüb. Əşrəf
bəy Dəllər qaçaqlarını, onun
başçısı, dostu Paşa Xasməmmədoğlunun
dəstəsini silah-sursatla təmin edib. Həmişə
qaçaqlarla əlbir olub, onların müdafiəsində
durub. Qardaşı Əhməd ağa və
İsfəndiyar bəy vasitəsilə dəstə
başçısı Paşa Xasməmmədoğlunun
üzvlərinə revolver, türk vintovkası, mauzer və
patron göndərib. Əşrəf bəy
Müsavatın fəalları, yeni quruluşun düşmənləri
ilə daim əlaqə saxlayıb. Məsələn,
keçmiş starşina - uryadnik Həsən Alı oğlu,
Müsavatın starşinası, keçmiş kulak, səsi
alınmış Gədəbəyin Düzyurd kənd sakini kərbalayı
Kazımalı hacı Musa oğlu, sürğündən təzəcə
qayıtmış, Tovuz rayonunun Hacıalılar kəndindən
olan Mehdi Dövlət oğlu, Gədəbəy
üsyanının keçmiş başçısı,
Müsavatın pristavı olmuş, sürgündən təzəcə
qayıtmış Qəşəm ağa Sultanov, Quruluxlu
qaçaq Əbdüləli, Keçili kəndinin sakini
qaçaq Qara Astan, Qaracaəmirlidən Ramazan oğlu Rüstəm
kimi adamlar dəfələrlə Morul kəndinə gəlmiş,
Əşrəf bəyin qonağı olmuş, bəzən
onun evində gecələmişlər...
Sürgündən qayıdandan
sonra da Əşrəf bəyin bu kimi işlərlə məşğul
olmasından xəbərdar olan qonşu şöbəyə
bildirir: "Əşrəf bəy Tovuz Rayon Meşə Təsərrüfatının
nəzarətçisi Həsən Səlimov və Qəşəm
ağa ilə rayon mərkəzindəki yeməkxanada
oturmuşdular. Yaxşıca yeyib-içəndən sonra hesabı
Həsən Səlimov verdi. Əşrəf
bəyin yaxın dostlarından biri də sovetin düşməni
Hüseyn bəy Hacıyevdir, digəri keçmiş
Müsavat pristavı, hazırda dustaqlıqda olan Salman Sultanov,
atası və dayısı 1931-ci il əməliyyatı
zamanı güllələnmiş Morul kəndinin sakini Qazax
Novruzovdur... Bu adamlar təxminən 15 gün
bundan əvvəl, iyul ayının 26-da Əşrəf bəyin
üzümlüyündə oturmuşdular, nə haqdasa
danışırdılar. Məni görəndə o dəqiqə
danışıqlarını dayandırdılar, durub yerlərində
gəzişdilər, sonra Salman Sultanov və Qazax Novruzov bazara
sarı, Hüseynqulu bəy isə Əşrəf bəylə
onun evinə tərəf getdilər. Həmin gecə Əşrəf
bəy çox şübhəli görünürdü, gecə
saat 2-3 arası evinə gəldi... Bunları mən Azərbaycan
K(b)P Şamxor Rayon Komitəsi yerləşən
binanın keçmiş gözətçisi ilə birlikdə
görmüşəm və müşayiət etmişəm".
Müstəntiqin
"Tutulana qədər Əşrəf bəyin əks-kəşfiyyat
fəaliyyəti haqqında siz nə deyə bilərsiniz"
- sualına digər "müşahidəçi" -
şahid belə cavab vermişdi: "Təxminən bir ay
bundan əvvəl Əşrəf bəyi bazarda Əlqara Əmrastan
oğlu ilə duran gördüm. Qəsdən
yaxınlaşdım ki, görüm nə söhbət edirlər.
Mən Əlqaradan soruşdum ki, niyə istəmirsən
kolxoza girəsən?! Bu zaman Əşrəf bəy
sözümü kəsib dedi: - Niyə qoymursan bu adam birtəhər yaşasın?! Ən
yaxşısı fərdi qaydada, tək yaşamaqdır...
Bununla Əşrəf
bəy təbliğat aparırdı ki, guya kolxozda yaşamaq
mümkün deyil. Əşrəf bəyin əks-kəşfiyyat
fəaliyyəti ilə bağlı onlarca belə hadisələrin,
söhbətlərin şahidi olmuşam".
Dövlət Siyasi İdarəsinin
Şamxor şöbəsi əməliyyat qrupunun müavininin
"Morul kənd sakini Bədirbəyov Əşrəf bəy
Süleyman ağa oğlunun fəaliyyəti barədə siz nə
deyə bilərsiniz" - sualını kənd dəyirmançısı
belə cavablandırmışdı:
"Bədirbəyov
Əşrəf bəy Süleyman ağa oğlu
keçmişdə tanınmış bəy olub, hazırda fərdi
təsərrüfatçıdır. O, Gəncə üsyanının
iştirakçısıdır, orada qıçından
yaralanıb, həmişə Şura hökumətinə
qarşı olub. Camaat arasında böyük
nüfuza və hörmətə malikdir. İmkansızlara,
ehtiyac içində yaşayan kəndlilərə əl
tutur, yardım göstərir. Amma yeri gəldi-gəlmədi,
Bədirbəyov kolxoz əleyhinə danışır. Əsas təbliğatı da odur ki, camaat kolxoza getməsin,
gedənlər də çıxsın. Neçə
dəfə belə söhbətləri öz qulaqlarımla
eşitmişəm. Bir dəfə Əşrəf bəy
kolxoz adamlarının arasında dedi: "Siz
görürsünüz, mən kolxozda işləmirəm,
amma nəinki imkanım var özümü saxlayım,
yedizdirim, hətta başqalarına da kömək edirəm. Amma kolxozçular acından ölürlər, budur
sizin kolxoz quruluşunuz?!
Əlavə
edim ki, şəxsi təbliğatı ilə Əşrəf
bəyin yaxın qohumları "Rəhmanov" və
"Pravda" kolxozlarından çıxıblar".
1937-ci il avqustun 5-dən 19-na
kimi Dövlət Siyasi İdarəsinin əməliyyat qrupu bu
kimi sorğu-suallarla, şahid dindirmələri ilə Bədirbəyov
Əşrəf bəy Süleyman ağa oğlunun nəslinin
inqilabdan əvvəl də bəy olduğunu, Türkiyə ilə
bağlılığını, Almaniyada sovet hökumətinin
əleyhinə fəaliyyət göstərən qüvvələrlə
əməkdaşlığını, şura hökumətinə
qarşı çıxan silahlı dəstələrlə əlaqəsini
"müəyyənləşdirərək" istintaqı
yekunlaşdırır. Təhlükəsizlik
serjantı Dudievin imzası ilə yekun ittihamnaməsi son qərar
qəbul edilmək üçün Azərbaycan SSR fövqəladə
üçlüyə göndərilir.
Üçlüyə ünvanlanan ittihamnamədə
bildirilir: "...Keçmiş bəy, işsiz, səsi
alınmış, partiyanın üzvü olmayan, az savadlı
və 1930-cu ildə əks-kəşfiyyatçı kimi 3 il
müddətinə azadlıqdan məhrum edilərək
sürgünə göndərilmiş, Şəmkir rayonunda
anadan olmuş, 62 yaşlı vətəndaş Bədirbəyov
Əşrəf bəy Süleyman ağa oğlunun adına
açılmış 374 ¹-li cinayət işinə Azərbaycan
SSR Cinayət Məcəlləsinin müvafiq maddələrinə
əsasən baxıldı.
Nəzərinizə
çatdırılır ki, antisovet əhval-ruhiyyəli Bədirbəyov
Əşrəf bəy Süleyman ağa oğlu 1933-cü ildə
konslagerdən gəldikdən sonra da əvvəlki əməllərindən
əl çəkməmiş, sovet hökumətinin əleyhinə
əks-kəşfiyyatçı fəaliyyətini davam
etdirmişdir.
Beləliklə, kənd camaatı arasında
mütəmadi olaraq antisovet və antikolxoz təbliğatı
aparır ki, camaat kolxoza girməsin, həm də sovet hökumətini,
kolxoz quruculuğunu lağa qoyur, təhqir edir. Bunlar müttəhimə şahid ifadələri ilə
sübuta yetirilmişdir.
Müqəssir
əməllərində özünü günahkar hesab
etmir" və s.
Bundan dörd gün sonra, 23
avqust 1937-ci ildə Azərbaycan SSR XDİK Fövqəladə
Üçlüyün səyyar iclasında, ittihamnamədə
göstərilənlərə əsasən, qərara
alınır ki, 62 yaşlı Bədirbəyov Əşrəf
bəy Süleyman ağa oğlunun mülkü müsadirə
olunmaqla güllələnsin.
Bolşeviklərin Azərbaycanı
işğal etməsi, xalqının azadlığının
əlindən alınması ürəyinə xəncər
kimi sancılan Əşrəf bəy Bədirbəyov əməllərində
özünü günahkar bilməsə də, Xüsusi
Üçlüyün 23 avqust 1937-ci il
tarixli qərarına əsasən, bolşevik cəlladların
əli ilə, həbs edildiyi günün bir ayının tamamında,
evindən aparıldığı vaxt, 5 sentyabr 1937-ci ildə
gecə saat 1.30-da güllələnmə hökmü yerinə
yetirilir.
Arxiv sənədlərindən o da məlum olur ki, Bədirbəyovlar nəslinin sağ qalanları uzun müddət bu qətldən, eləcə də digər qardaşların güllələnməsindən xəbərsiz olublar. Dəfələrlə müvafiq təşkilatlara ərizə yazıb onların sonrakı taleləri barədə məlumat istəməklə bildiriblər ki, ataları, əmiləri günahsızdırlar. Onlar inqilabdan əvvəl və sonra öz zəhmətləri hesabına əkin-biçin yeri əldə ediblər, heyvandarlıq təsərrüfatı yaradıblar, daha sonra xırda ticarətlə məşğul olublar. Pambıq, üzüm, buğda, arpa əkib-becərib dövlətə təhvil veriblər, vaxtlı-vaxtında vergi ödəyiblər. Qardaşlar 1937-ci ildə Markaryan, Qriqoryan, Yemelyanov və Atakişiyev vasitəsilə tutulub, fövqəladə üçlüyün hökmü ilə güllələniblər. İstintaq vaxtı insan hüquqlarının, eləcə də sovet qanunlarının kobudcasına pozulmasına yol verilib. Güllələnən qardaşların ailələrinə, övladlarına ittihamnamə təqdim olunmayıb. Onların nə kimi cinayət törətdiyi nə ittihamnamədə, nə də üçlüyün qərarında görünmür. Məhkəmə birtərəfli aparılıb.
Bədirbəyovların bu qəbildən olan ərizə və şikayətlərinə əsasən, 1956-cı ildə 374 nömrəli cinayət işinə yenidən baxılmışdır. Proses hərtərəfli araşdırıldıqdan sonra 1956-cı il avqustun 9-da Azərbaycan SSR Ali Məhkəməsi qərara almışdır ki, Azərbaycan SSR XDİK Fövqəladə Üçlüyün Bədirbəyov Əşrəf bəy Süleyman ağa oğlu haqqında 23 avqust 1937-ci il tarixli ölüm hökmü ləğv edilsin, işi sübuta yetirilmədiyinə görə xətm olunsun, özünə isə bəraət verilsin.
Rəhman SALMANLI
Azərbaycan.- 2010.-23 sentyabr.- S. 6.