Sonu görünən yolda kəlağayılı qadın

 

Onu uşaqdan-böyüyə Qobu qəsəbəsində hamı yaxşı tanıyırdı. Xeyli vaxtdır dünyasını dəyişib, amma evinə baş çəkənlər, məzarı üstə gedib ruhuna dua oxuyanlar azalmayıb. Sona xanım Salmanova ömrü boyu çalışdığı Qobu qəsəbəsində, eləcə də Abşeronda özündən sonra xoş xatirələr, bir də şərəfli ad qoyub getdi: həkim adı.

1922-ci ildə Qobu qəsəbəsində Baba kişinin ailəsində dünyaya göz açmışdı. Ailədə ancaq qızlar idi. Kiçik Sona da onlardan biri. Sonra yenə bacılar dünyaya gəldi. Qohumlar təklif etdilər ki, axırıncı qıza "Bəsti", "Qızyetər" adı qoysunlar, bəlkə nə isə dəyişə... Ata razılaşmadı: "Allahın verdiyinə "bəsdir" demərəm". Əksinə, axırıncı qıza Məleykə adı qoydu.

Allah hər bacıya bir tale yazmışdı, bir yol göstərmişdi - qızlar o yolla getdilər. Balaca Sonaya yazılan tale yazısı isə çox fərqli idi - o, mütləq oxuyub təhsil almalı, kəndə qayıdıb çalışmalı, qoca atasının həm də oğlan övladı olmalı idi.

Nəqliyyatın, maşının az olduğu o dövrdə Sonanı Cəbrayıl kişi atla, araba ilə qonşu Güzdək, Hökməli kəndlərinə çatdırar, oradan dostları onu Bakıya - Tibb İnstitutuna aparardılar.

Təhsilini çətinliklə də olsa, başa vurdu. O vaxtın tanınmış tibb alimləri M.Topçubaşov və E.Əfəndiyevdən dərs alan Sona xanım onların institutda qalıb işləmək, elmlə məşğul olmaq təklifinə belə cavab vermişdi: "Atamın oğlu yoxdu. Mən həm də ona oğul olmaq üçün kəndə qayıtmalıyam".

Beləliklə, Qobuda kiçik kənd ambulatoriyasında çalışmağa başladı. Uşaqlıqdan başında kəlağayı vardı və ondan heç vaxt ayrılmazdı - institutda da, yerində də. "Kəlağayılı qız haradadır?", "kəlağayılı qız gəldi" kimi ifadələri o, hələ çox eşitməli olacaqdı. Son gününə kimi...

Bu kəlağayılı qadını Abşeronun kəndlərində, tozlu-torpaqlı yollarda tez-tez görmək olardı. Çünki onun müəyyən qrafiki yox idi - harada xəstə vardısa, özünü tez ora yetirərdi. Gecə-gündüz, yağış-qar - fərq etməzdi.

Sonra həmin ambulatoriya xəstəxanaya çevrildiSona xanım Salmanova orada baş həkim kimi 1996-cı ilə qədər çalışdı. İşdə xəstəsi, evdə qonaq-qarası azalmadı. Vaxtilə onunla bir yerdə çalışan Abşeron rayon xəstəxanasının baş həkimi Nəriman Baxşəliyev Sona xanımın gənclərə necə qayğı ilə yanaşdığını xatırlayır, hətta Qobuya onun təcrübəsini öyrənmək üçün getdiyini də söyləyir: "Xəstələr çox idibir neçə çarpayını dəhlizə qoymuşdular. Amma heç kim narazılıq etmirdi. Qonşu kəndlər bir yana, Bakının özündən də xəstələr Sona xanıma pənah gətirmişdilər".

Xəstələrə elə gəlirdi ki, onun əllərində, barmaqlarında möcüzə var. Sona xanım baxsa, toxunsa, bütün ağrı-acılar keçib gedəcək. Müasir tibb avadanlıqlarının olmadığı bir dövrdə Sona xanım əlləri ilə müayinə edir, diaqnoz qoyur, müalicə aparırdı. İndinin özündə də Qobu qəsəbəsində bəzi xəstələrin müalicəsi üçün onun reseptlərindən istifadə edirlər.

Peşəsinin, sənətinin vurğunu olan Sona xanıma bu çətin işdə ailəsi arxa və kömək idi - həyat yoldaşı, uşaqları, qohum-əqrəbası...

1941-ci ilin 22 iyunu - Böyük Vətən müharibəsi başlayan gün onların nişan günü idi. Elə nişandan cəbhəyə yollanan Mikayılı Sona xanım 1948-ci ilə kimi gözləmişdi. Arada Mikayılın "qara kağızı" da gəlmişdi. Amma o buna inanmamışdı. Əhd etmişdi ki, Mikayıl qayıtsa, nişan üzüyünü Mir Möhsüm Ağaya nəzir verəcək...

Mikayıl qayıtdıqdan sonra Sona xanım üzüyü Mir Möhsüm Ağaya aparmışdı. O isə əhvalatı biləndən sonra çox təsirlənib onu Sona xanıma qaytararaq demişdi: "Mən də bunu sənə bağışlayıram". O üzük ömrünün sonuna kimi Sona xanımın barmağından çıxmadı.

1996-cı ildə təqaüdə çıxdı. İndi onu qızı Günəş əvəz edir. Kədərli olanı təkcə budur ki, Sona xanım az qala öz əlləri ilə tikib-qurduğu bu xəstəxanaya bir daha ayaq basmadı...

Günəş xanım o günləri belə xatırlayır: "Evdə də rahat otura bilmirdi, daim yanına xəstə gətirərdilər. O da əvvəlki qaydada öz işini görərdi. İndinin özündə də xəstəxanada bir olan kimi mənə belə deyirlər: "Sona xanım belə etməz və ya Sona xanım belə deməzdi". Arada düşünürəm: biz yəqin çox dəyişmişik. Bəlkə onda zaman və tələb başqa idi, bilmirəm... Ailədə heç birimiz ona oxşamamışıq..."

Sona xanımın o biri qızı Gülpəri isə atalı-analı günlərini belə xatırlayır: "Atam "Azneft"də işləmişdi, bəlkə ona görə dostları, tanışları çox idi. Bu həyətdə, bu evdə daha kimlər olmayıb - xalq yazıçısı Əzizə Cəfərzadə, Əzizə Əhmədova, xalq rəssamı Maral Rəhmanzadə, müğənni Baba Mirzəyev... Onu da deyim ki, anam tibb məktəbində xalq artisti Sara Qədimova ilə bir yerdə oxumuşdu. Dostluqları, münasibətləri axıra qədər davam elədi.

Atamın ad günündə burada, bu həyətdə qonaqlar çox idi. Bakıya - Qobuya xas yeməklər hazırlanmışdı. Pianonun arxasında unudulmaz bəstəkar Emin Sabitoğlu oturmuşdu. Ondan içmək üçün nə istədiyini soruşanda o, "Çay istəyirəm, çay. Armudu stəkanda çay", - deyərək ilk dəfə o mahnını evimizdə ifa etdi.

Ömrünün son günlərini həyat yoldaşı ilə birgə bağda keçirirdilər. Bir-birlərini çox istəyirdilər. Arada zarafatla deyərdik: "Gedək Leyli, Məcnuna baş çəkək".

Sonra anam xəstələndi. Atam onu belə görəndə dözmədi. Baxmayaraq ki, tam sağlam idi, 10 günün içində rəhmətə getdi. Ondan bir az sonra anam dünyasını dəyişdi".

Oğlu Cəbrayıl Abşeronda anasına olan hörmətə, ehtirama görə, hamıya - Qobu camaatına da, Abşeron İcra Hakimiyyətinə də minnətdarlığını bildirir: "Anama xidmətlərinə görə müxtəlif ordenmedallar verilmişdi. Amma zəhmətinə verilən ən böyük ad - "Əməkdar həkim" adı idi, onu da cənab Prezident İlham Əliyev verdi.

Kənd bələdiyyəsinin sədri Hacı Ənvər isə Sona xanımın xidmətlərindən danışarkən bunları deyir: "İstəyirik Qobu qəsəbə xəstəxanasına onun adı verilsin. İndinin özündə də camaat ona "Sona xanımın xəstəxanası" deyir".

vaxtsa bu ömür yoluna başlayanda Sona xanım bilirdi ki, bu yolun sonunda qaranlıqla, zülmətlə bərabər işıq da var. O, işığı tapanlar xoşbəxtlik tapırlar. Bir gün Sona xanım o, işığı tapdı və ona qoşulub getdi. İndi yenə onun üçün, o işıq üçün həm övladları darıxır, həm də nə vaxtsa keçib getdiyi yollar...

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.-23  sentyabr.- S. 6.