Görkəmli ədəbiyyatşünas
alim Bəkir Nəbiyevin 80 illik yubileyi qeyd edilmişdir
Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Rəyasət Heyətinin
binasında görkəmli
ədəbiyyatşünas alim, akademik, Dövlət mükafatları
laureatı, əməkdar
elm xadimi Bəkir Nəbiyevin anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Yığıncaq
iştirakçıları əvvəlcə binanın
foyesində yubilyarın
həyat və yaradıcılığını əks etdirən sərgiyə baxmışlar.
AMEA-nın
birinci vitse-prezidenti, akademik Arif Həşimov
yubilyarı - müasir
Azərbaycan ədəbiyyatşünaslığının
görkəmli nümayəndəsini,
yorulmaz elm təşkilatçısını əlamətdar hadisə münasibətilə təbrik
etmişdir. Diqqətə
çatdırılmışdır ki, Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş
rayonunun Üçqovaq
kəndində anadan olmuşdur. Enişli-yoxuşlu, zəngin həyat
yolu keçən B.Nəbiyev hələ Ağdaş şəhər
orta məktəbində
oxuyarkən ictimai işlərdə fəallıq
göstərmişdir. 1945-1947-ci illərdə yerli radionun diktoru, sonra isə yeddiillik məktəblərdə
Azərbaycan dili və ədəbiyyatı
müəllimi işləmişdir. Dəhşətli
repressiya illərində
atasını itirməsinə
baxmayaraq, ümidlə
yaşamış, Azərbaycan
Dövlət Universitetində
(ADU) təhsilini davam etdirməklə yanaşı,
Bakıdakı 55 nömrəli
orta məktəbdə
dərs demişdir.
Vurğulanmışdır ki, B.Nəbiyev ADU-nun filologiya fakültəsini bitirdikdən
sonra 1954-1961-ci illərdə
"Azərbaycan gəncləri",
"İnşaatçı", "Kommunist" qəzetləri
redaksiyalarında müxtəlif
vəzifələrdə çalışmışdır.
Ədəbiyyat sahəsində
1960-cı ildə namizədlik,
1970-ci ildə doktorluq
dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. Yazıçılar
və jurnalistlər birliklərinin üzvü
olmaqla yanaşı, elmi fəaliyyətlə məşğul olmağı
özünə həyat
amalı seçmiş,
bu məqsədlə
1961-ci ildən taleyini
AMEA-ya bağlamışdır.
Görkəmli elm təşkilatçısı
1971-1987-ci illərdə Ədəbiyyat
Muzeyinin (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin) direktoru işləmiş, 1982-ci ildə
professor adını almış, 1983-cü ildə
AMEA-nın müxbir üzvü, 1989-cu ildə
həqiqi üzvü
(akademiki) seçilmişdir.
1987-2001-ci illərdə akademiyada
ədəbiyyat, dil və incəsənət bölməsinin
akademik katibi vəzifəsində çalışmışdır.
Akademik
Bəkir Nəbiyev hazırda AMEA-nın müşaviri, Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur.
AMEA-nın
birinci vitse-prezidenti, akademik Arif Həşimov
Azərbaycanda ədəbiyyatşünaslıq
elminin inkişafındakı
xidmətlərinə görə
"Azərbaycan Respublikası
Prezidentinin fəxrı
diplomu"nu və AMEA-nın Fəxri fərmanını
Bəkir Nəbiyevə
təqdim etmişdir.
Tədbirdə
akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin
"Bəkir Nəbiyevin
yaradıcılığı: elmdə klassik ənənə və müasirliyin vəhdəti"
mövzusunda məruzəsi
maraqla dinlənilmişdir.
Vurğulanmışdır ki, alimin elmi fəaliyyəti çoxşaxəli və
zəngin olmuşdur. İndiyədək 50 kitabı,
müxtəlif dərslikləri,
800-dən artıq məqalə
və resenziyası işıq üzü görmüş ədəbiyyatşünas
alim 110 elmi və bədii kitabın redaktoru olmuşdur. Məruzəçi
B.Nəbiyevin 80 illik yubileyinin belə təntənə ilə keçirilməsini dövlətimizin
başçısı İlham
Əliyevin Azərbaycan
elminə, onun fədakar insanlarına diqqət və qayğısının əyani
təzahürü kimi
qiymətləndirmişdir.
İ.Həbibbəyli
diqqətə çatdırmışdır
ki, bütün görülən işlərə
baxmayaraq, Bəkir Nəbiyev indi də yorulmadan çalışır. O, 30 cildlik
"Türk dünyası
ədəbiyyatı"nın
(Ankara) Azərbaycan üzrə əlaqələndiricisi
və müəlliflərindən
biri, 6 cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən
biri, 6 cildlik "Azərbaycan ədəbiyyatı
tarixi"nin baş redaktorudur. "Azərbaycan Milli Ensiklopediyası" redaksiya
heyəti sədrinin müavini, Heydər Əliyev Mükafatı Dövlət Komissiyasının
üzvü, ədəbiyyatşünaslıq
üzrə doktorluq müdafiələri şurasının
sədridir.
B.Nəbiyev müxtəlif illərdə Yunanıstan,
Danimarka, İran, İraq, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı, Rusiya,
ABŞ, Çin, Yaponiya
və s. ölkələrdə keçirilən
beynəlxalq elmi tədbirlərdəki məruzə
və çıxışlarında
ölkəmizi ləyaqətlə
təmsil etmişdir. Ədəbiyyatşünaslıq sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında
əvəzsiz xidmətlər
göstərmişdir. Bu qədər
vəzifə borcunu və yaradıcılıq
işini yerinə yetirmək təbii ki, ədəbiyyatımızı
və xalqımızı
sonsuz məhəbbətlə
sevən, bitib-tükənməyən
istəklə yazıb-yaradan
qələm sahiblərinin
payına düşə
bilər.
Beşcildlik
"Seçilmiş əsərlər"inin, yəni ədəbiyyatşünaslıq "Xəmsə"sinin birinci cildi böyük
Nizaminin "Sirlər
xəzinəsi"ndə
olduğu kimi, 20 məqalədən ibarətdir.
Bu, Bəkir müəllimin - klassik ədəbi irsimizin gözəl bilicisinin Nizami "Xəmsə"sinə ehtiramının nəticəsidir. Yubilyar ilk
"Qızıl qələm"
(1974) mükafatı alan
tənqidçi olmaqla
yanaşı, iki dəfə Azərbaycan Respublikasının Dövlət
mükatına layiq görülmüşdür. Əməkdar
elm xadimi adını almış, ali dövlət mükafatları - "Şöhrət",
"İstiqlal" ordenləri
ilə təltif olunmuşdur.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı
Anar, Qafqaz Müsəlmanları İdarəsinin
sədri, şeyxülislam
Allahşükür Paşazadə,
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, akademik Akif Hacıyev
və başqaları
çıxış edərək
Bəkir Nəbiyevin çoxşaxəli
fəaliyyətindən danışmış,
yubilyara hədiyyələr
təqdim etmişlər.
Müxtəlif
elm və mədəniyyət təşkilatlarından
yubilyarın ünvanına
təbriklər səsləndirilmiş,
gül buketləri, hədiyyələr verilmişdir.
Yubilyar
yaradıcılığının yüksək qiymətləndirildiyinə
görə Azərbaycan
Prezidentinə, tədbirin
təşkilatçılarına və iştirakçılarına
təşəkkür etmişdir.
AzərTAc
Azərbaycan.-
2010.- 23 sentyabr.- S. 7.