Qəlbi günəş dolu insan
Yazıma bu sərlövhəni elə-belə seçməmişəm. Həmkarlarının, dostlarının hörmət və ehtiramını qazanan Akif Aslan oğlu Quliyev jurnalistikamızda öz yeri olan işıqlı qələm sahiblərindən biridir. A.Quliyev 1935-ci il sentyabrın 23-də Azərbaycanın dilbər guşələrindən olan Quba şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Atası Aslan Quliyev kimya elmləri namizədi, Azərbaycanın əməkdar müəllimi idi.
Akif Quliyev 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdir. 50 ildir ki, mətbuatda
çalışır. Əmək fəaliyyətinin
son 48 ilini uşaq mətbuatında, dövlət
tərəfindən himayə
olunan və maliyyələşdirilən, 73 illik bir tarixi
olan "Savalan" qəzetində (keçmiş
"Azərbaycan pioneri")
davam etdirir. Baş redaktorun müavinidir.
Akif Quliyev Azərbaycan uşaq mətbuatı tarixində yeganə şəxsdir ki, yarım əsrə yaxın müddət ərzində bu sahədə fəaliyyətini
davam etdirir.
O, ən
ülvi və müqəddəs bir işdə, gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunmasında, onun sağlam və gümrah böyüməsində,
vətənin əsl layiqli övladları kimi yetişmələrində
xidmət göstərir.
Hələ Qubada orta məktəbdə oxuyarkən
1953-1956-cı illərdə fəaliyyət göstərən
"Sülh prospektinin
uşaqları" adlı
idman klubu yaratmış və bu klub o vaxtlar
nəinki rayonda, həm də bütün respublikada məşhurlaşmışdı. Bu haqda mərkəzi
qəzet və jurnallarda çoxsaylı yazılar dərc olunmuşdur. 1963-cü ildə "Azərbaycan pioneri" qəzetində
işə başladığı
ilk günlərdən etibarən
həmin ənənəni
davam etdirərək uşaqlar və yeniyetmələr arasında
son dərəcə böyük
şöhrət tapmış
məşhur "Sevinc"
futbol klubunun yaradıcısı və
təşkilatçısı olmuşdur. O, Azərbaycan
Komsomolu Mərkəzi
Komitəsinin nəzdində
yaradılan idman və hərbi vətənpərvərlik üzrə
Respublika Qərargahının
məsul katibi olmuşdur. Onun rəhbərlik etdiyi komandalar SSRİ məkanında
böyük şöhrət
tapmış və hər il müntəzəm
olaraq ən böyük şəhərlərdə,
müttəfiq respublikaların
paytaxtlarında keçirilən
Ümumittifaq "Dəri
top" yarışlarından 21 dəfə Azərbaycana qızıl, gümüş
və bürünc medallarla qayıtmışlar.
Akif Quliyev uzun müddət uşaqlar və yeniyetmələr arasında
Ümumittifaq miqyasında
keçirilən "Qızıl
top" (basketbol), "Gümüş
top" (voleybol), yüngül
atletikanın dörd növü üzrə beynəlxalq "Dostluq"
oyunlarının və
xüsusilə Azərbaycanda
çox məşhur
olan "Ağ
top" şahmat yarışlarının
respublikamızda əsas
təşkilatçılarından biri kimi tanınmışdır.
O, 1998-ci ildən etibarən
13 ildir ki, kütləvi informasiya vasitələrinin əməkdaşları
arasında 28 may Respublika
Gününə həsr
olunmuş və "Azərbaycan" nəşriyyatının
mükafatları uğrunda
keçirilən ənənəvi
şahmat yarışlarının
yaradıcılarından və
təşəbbüskarlarından biridir. Təşkilat Komitəsinin məsul
katibidir. A.Quliyev həmçinin
Azərbaycan Milli Olimpiya Komitəsinin mükafatları uğrunda
mətbuat işçiləri
arasında keçirilməyə
başlayan blits-turnir
(sürətli şahmat)
yarışlarının da
təşkilatçılarındandır.
Böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində
fəal iştirak etdiyinə və uzun illər mətbuat sahəsindəki
xidmətlərinə görə
Akif Quliyev üç dəfə Azərbaycan Respublikası
Ali Soveti Rəyasət
Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. Onun yarım əsrlik jurnalistlik fəaliyyəti,
təşkilatçılıq bacarığı müstəqil
dövlətimiz tərəfindən
qiymətləndirilmiş və
o, 2005-ci ildə milli mətbuatımızın böyük
təntənə ilə
qeyd olunan 130 illik yubileyi ərəfəsində Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin imzaladığı
sərəncamla "Əməkdar
mədəniyyət işçisi"
fəxri adına layiq görülmüşdür.
Akif Quliyev ayrı-ayrı nazirliklərin, komitə və təşkilatların,
mətbuat orqanlarının
100-dən artıq fəxri
fərmanı və diplomu ilə mükafatlandırılmışdır.
"Mətbuatda uzun müddət fəaliyyətinə,
ədəbi-publisistik yaradıcılığında
vətəndaşlıq mövqeyinə
və sənətkarlıq
uğurlarına görə
hərbi-vətənpərvərlik və idman mövzularında
sanballı və çoxsaylı yazıların
müəllifi" kimi
bir çox media mükafatlarını almışdır. 2010-cu il ərəfəsində
isə Akif Quliyev Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi respublika müsabiqəsində "İdmanın
inkişafı - gənclərin
fiziki və mənəvi kamilliyinə
aparan yol" nominasiyası üzrə qalib adına layiq görülmüşdür.
Akif Quliyevə müasirləri,
həmyaşıdları, həm
də gənclər arasında hörmət qazandıran bir neçə cəhəti
də qeyd etməliyəm. O, yüksək milli mənlik duyğusuna malik vətəndaş və ziyalıdır. Dostluq etdiyimiz uzun
illər ərzində
şəxsi söhbətlərdə
əməli fəaliyyətində
heç bir uyğunsuzluq görməmişəm.
Çünki o, əbədini ötəridən
ayırmağı bacaran,
milləti tarixdə saxlayan əzəli prinsipləri fəxarətlə
uca tutan insandır. A.Quliyev həm jurnalistika,
həm də təşkilatçılıq sayəsində istedadlı
adamdır. Onun balaca zərif vücudunda iki böyük qüdrət nəfəs alır: böyük ürəyi və bənzərsiz istedadı.
İnanmaq olmur ki, Akif
müəllimin 75 yaşı
tamam olur. Onu bu yaşda heç cür təsəvvür edə bilməsək də, yaş yaşdır, pillə-pillə
ötüb keçir.
A.Quliyev 50 ildir ki, balaca,
fəqət inamlı
addımları ilə,
çəliyini yerə
vura-vura Azərbaycan jurnalistikasının tarixinə
daxil olub. Qoy pak, məsum qəlbi, onu 75 il öncə
anadan olduğu gündən necə izləyirsə, səksən,
doxsan, yüz yaşında da beləcə izləsin, ömür yoldaşı olsun. Çox istərdik ki,
hərdən bizə zarafatla "Heç bilmirəm ürəyim hardadır, sağdamı,
soldamı" deyən
Akif müəllimin ürəyi elə əvvəlki sevdasında
olsun, onu incitməsin, qayğılardan
uzaq etsin. Qələmi
külüng, ürəyi
söz xəzinəsi
olan Akif Quliyev öz imzası ilə, gördüyü işlərlə,
təşkilatçılıq bacarığı ilə neçə-neçə sağlam
həmkarının edə
bilmədiyi işlərə
görə nümunə
olası bir insandır.
A.Quliyev həqiqətən sirli-sehrli
bir aləmdir. Onun jurnalistika
dünyası cazibədar,
təlatümlüdür. Yazılarında bir şairanəlik
var, hər sözü, hər cümləsi ürəkdən
gəlir. Ömrünün müdrik zirvəsində olan Akif Quliyev
bütün varlığı,
həyatı, ruhu ilə çalışır,
üzərinə götürdüyü
jurnalist peşəsinə
çətin və əziyyətli olsa da, ləyaqətlə xidmət edir. Onun "Savalan"dakı müzəffər
əməlləri Savalan
kimi əbədidir.
75 yaşın zirvəsindən boylanıb
fəxrlə geriyə
baxmağa dəyər.
Burada təkcə illərin sayı yox, əməllərin sanbalı
var.
Nizaməddin ŞƏMSİZADƏ,
Azərbaycan Respublikası Dövlət mükafatı
laureatı,
filologiya elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 7.