Belçikanın Ham şəhər bayramında Azərbaycan mədəniyyəti tanıdılmışdır

 

Azərbaycanın Belçika Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, hər il qeyd olunan Belçikanın Ham şəhər bayramında ilk dəfə Azərbaycan mədəniyyəti tanıdılmışdır. Bayramda ölkəmizi Azərbaycan-Belçika Dostluq Cəmiyyəti təmsil etmişdir. Cəmiyyətin sədri Ayhan Dəmirçi bayram şənlikləri üçün ayrılmış ərazidə üzərində respublikamızın üçrəngli bayrağının dalğalandığı çadırın qurulduğunu bildirmişdir.

Bayram iştirakçıları çadırda Azərbaycanın mədəniyyəti, turizmi və iqtisadiyyatı ilə bağlı kitab və broşürlərlə yaxından tanış olmuş, ölkəmizə xüsusi maraq göstərmiş və milli mətbəximizin nümunələrindən olan plov və dolmanı yüksək qiymətləndirmişlər.

Bayram şənliklərində 10 mindən artıq adam iştirak etmişdir. Ham şəhər bələdiyyəsinin inteqrasiya departamentinin rəhbəri Gunter Gens Azərbaycanı onlara yaxından tanıtdığı üçün Azərbaycan-Belçika Dostluq Cəmiyyətinə təşəkkür etmişbu sahədə fəaliyyətin gələcəkdə də davam etdirilməsini arzulamışdır.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

 

Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 8.