Azərbaycan dünyanın ən nüfuzlu dövlətləri sırasında yer alır

 

Ölkəmizin həyata keçirdiyi xarici siyasət beynəlxalq miqyasda geniş təqdir olunur

 

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həyata keçirdiyi uğurlu xarici siyasətinə görə də nümunəvi dövlət olaraq qəbul edilməkdədir. Beynəlxalq hüquq məkanında qurulan ikitərəfli və çoxtərəfli əlaqələr, müxtəlif dünya təşkilatlarına üzvlük, onların işində fəal iştirak, bu qəbildən olan digər hallar ölkəmizin imicinin yüksələn xətt üzrə inkişafında mühüm rol oynayır. Müxtəlif dövlət və təşkilatlarla qurulan münasibətlərdə milli maraqların daim ön planda tutulması, balanslaşdırılma prinsipinin gözlənilməsi, beynəlxalq sülhə, təhlükəsizliyə verilən töhfə, siyasi, hüquqi, iqtisadi və digər mühüm sahələrdə qarşılıqlı işbirliyinin möhkəmlənməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetləridir.

 

Qeyd edilənlər fonunda qlobal enerji təhlükəsizliyinin təminatında Azərbaycanın getdikcə artan rolu, vacib geostratejitranzit mövqeyi dünya miqyasında ölkəmizin daim xüsusi diqqət mərkəzində qalmasını təmin edən mühüm faktorlar sırasında yer alır. Bu mənada təsadüfi deyil ki, Cənubi Qafqazın siyasi, iqtisadi həyatında fəal rol oynamaq istəyən ayrı-ayrı dünya dövlətləri, təşkilatları hər zaman Azərbaycanla daha sıx işbirliyi qurmağa böyük önəm verirlər. Öz növbəsində Azərbaycan da milli maraqlarının təmin edilməsi şərtilə qurduğu əlaqə və münasibətlərin miqyasını daim genişləndirir, beynəlxalq məkanda mövqelərini daha da gücləndirir. Bununla əlaqədar Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycan beynəlxalq arenada özünəlayiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın".

Azərbaycanın xarici siyasət sferasında qazandığı uğurlar, xüsusən də dünyanın aparıcı ölkələri ilə milli maraqlarına uyğun qurduğu yüksək səviyyəli münasibətlər tanınmış ekspertlər səviyyəsində də etiraf və təqdir olunur. Bu mənada Azərbaycanla Rusiya arasında mövcud münasibətləri şərh edən rusiyalı politoloq Leonid Radzixovskinin fikirləri xüsusi maraq doğurur. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi xarici siyasət və yaratdığı iqtisadi münasibətlərin hədəfləri kifayət qədər doğru müəyyən edilib. Məhz bunun nəticəsidir ki, regionun, eləcə də dünyanın ən böyüknüfuzlu dövlətlərindən sayılan Rusiya Azərbaycanla daha yaxın münasibətlər qurmaq üçün əlindən gələni edir. Politoloq Rusiyanın bunu xüsusilə enerji layihələri vasitəsilə həyata keçirməyə çalışdığını diqqətə çatdıraraq qeyd edib ki, bu gün Moskva üçün Bakı ilə münasibətlər prioritetdir.

Leonid Radzixovskinin sözlərindən belə aydın olur ki, Cənubi Qafqazda Rusiya üçün ən vacib dövlət məhz Azərbaycandır: "Məsələ ondadır ki, Azərbaycan Rusiya üçün həm iqtisadi, həm də geosiyasi baxımdan Ermənistandan daha vacib ölkədir. Bakı ilə Moskvanın münasibətləri adi münasibət deyil. Onların arasında dostluq münasibəti var. Amma o da tam aydındır ki, Bakı tamamilə müstəqil siyasət yürüdür".

Radzixovski onu da xüsusi olaraq vurğulayıb ki, Ermənistandan fərqli olaraq Bakı həm iqtisadi, həm də geosiyasi baxımdan tam müstəqildir: "Rusiya da bunu yaxşı başa düşür. Moskva üçün Bakının timsalında düşmən qazanmaq geosiyasi faciə olardı. Bu, Qafqazdakı nüfuzun tam itirilməsi, MDB-nin iflası, "Qazprom"un isə Avropadakı mövqelərini itirməsi deməkdir. Yəni Azərbaycan Rusiyanın münasibətləri pozmaq istəmədiyi ölkələrdəndir". Belə vəziyyət ekspertə görə, Dağlıq Qarabağ münaqişəsi və burada Rusiyanın tutduğu mövqeyə də təsirsiz ötüşmür. Radzixovski hesab edir ki, Moskva münaqişənin həllində obyektiv mövqeyə daha çox üstünlük verir ki, bu da faktiki olaraq Ermənistanın sözügedən məsələdə mövqelərini daha da zəiflədir.

Bundan əvvəl Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov da Azərbaycanın ölkəsi üçün vacib strateji tərəfdaşlardan biri olduğunu diqqətə çatdırıb: "Biz Azərbaycanı Cənubi Qafqazda, Xəzər regionunda mühüm strateji tərəfdaşımız hesab edirik. Bizim münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər çoxşaxəlidir və ənənəyə görə iki ölkənin rəhbərlərinin görüşlərində münasibətlərin bütün spektri müzakirə edilir. Rusiya və Azərbaycan prezidentləri arasında çox mehriban şəxsi münasibətlər tərəfdaşlığımızın inkişafı üçün mühüm amildir".

Avratlantik məkana inteqrasiya kursu seçən Azərbaycanın Qərb dövlətləri, xüsüsən də Avropa İttifaqında birləşən ölkələr, eləcə də ABŞ-la mövcud münasibətləri də beynəlxalq miqyasda geniş təqdir olunur. Hazırda Avropa İttifaqı özünün enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verəcək əsas dövlətlərdən biri kimi məhz Azərbaycanı görür. ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolts bununla əlaqədar qeyd edib ki, Azərbaycan regionda həyata keçirilmiş və gələcəkdə reallaşdırılması nəzərdə tutulan bütün enerji layihələri üçün açar ölkədir. Qərbə doğru istiqamətlənən "Cənub" enerji dəhlizinin əsas iştirakçısının məhz Azərbaycan olduğu Avropa Komissiyasının Azərbaycandakı səfiri Roland Kobia tərəfindən də etiraf olunur. Onun sözlərinə görə, "Cənub" enerji dəhlizinin əsas iştirakçısı qismində indi Azərbaycan çıxış edir. Belə hesab edilir ki, cari ilin iyununda Azərbaycanla Türkiyə qazın nəqli və tranziti ilə bağlı məsələləri razılaşdırdıqdan sonra bu, "Cənub" enerji dəhlizinin inkişafına ciddi təkan verəcək. Bu çərçivədə isə Azərbaycan artıq Nabukko və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihələrini də dəstəklədiyini bildirib. Ölkə qazının Bolqarıstana nəqli ilə bağlı danışıqlar da davam etdirilir. Və bütün bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayacaq.

Lakin Azərbaycan təkcə enerji məsələsinə görə yox, regionda tutduğu mövqeAvratlantik məkana inteqrasiya kursu götürən bir ölkə olaraq da Qərb üçün olduqca cəzbedicidir. ABŞ Senatının sabiq üzvü Konrad Börns bu məsələ ilə bağlı qeyd edib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşı olaraq 11 sentyabr hadisələrindən sonra Amerikaya dəstək verən ölkələrdən biridir: "Bu dövlət qeyd-şərtsiz hava ərazisini koalisiya uçuşlarına açmış, terrora dəstək verməkdə şübhəli bilinən bank hesablarını dondurmuş, İraqa sülhməramlılar göndərmiş və bugünə qədər bölgədə ABŞ-ın səylərinə yardım etməkdədir".

Bundan öncə ABŞ-ın nüfuzlu "Vaşinqton Tayms" qəzetində Amerika Yəhudi Komitəsinin beynəlxalq yəhudi məsələləri üzrə direktor müavini Qay Billauer Azərbaycanla bağlı bir sıra maraqlı məqamlara toxunub. "Azərbaycana biganəlik nümayiş etdirməsi ABŞ-a baha başa gələ bilər" başlıqlı məqalədə Qay Billauer yazırdı ki, Azərbaycan dünyada özünün zəngin neftqaz ehtiyatlarına görə daha çox tanınsa da, Vaşinqtonun Əfqanıstan probleminə son qoyması üçün həlledici əhəmiyyətə malik bir ölkədir. Müəllif onu da xatırladırdı ki, Əfqanıstanda hərbi əməliyyatların həyata keçirildiyi zaman ABŞ müntəzəm olaraq Azərbaycanın hava limanlarından istifadə edib, 2001-ci il sentyabrın 11-dən etibarən Azərbaycanın hava məkanı üzərindən minlərlə uçuş həyata keçirib. Məqalədə vurğulanır ki, Avropa ilə Asiyanı birləşdirən dəhlizin, İpək yolunun üzərində yerləşən bu keçmiş sovet respublikası əvəzolunmaz tərəfdaşdır. Qay Billauer onu da xüsusi olaraq qeyd edirdi ki, Obama administrasiyası ABŞ-ın regionda ən yaxın müttəfiqi olan Azərbaycana birbaşakonkret dəstək nümayiş etdirməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyini xüsusi vurğulayan müəllif Obama administrasiyasının bu problemin həlli istiqamətində konkret plan hazırlamamasını, eləcə də bir ildən çox müddətə Azərbaycana səfir təyin edilməməsini də təəssüflə qeyd etmişdi.

Yeri gəlmişkən bildirək ki, uzun müzakirələrdən sonra nəhayət, sentyabrın 21-də ABŞ Senatının Xarici əlaqələr komitəsinin iclasında ATƏT-in Minsk qrupunun Amerikadan olan sabiq həmsədri Mətyu Brayzə Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə təsdiq olunub. Komitənin sədri demokrat senator Con Kerrinin sədrlik etdiyi iclasda Mətyu Brayzənin nominasiyası səs çoxluğu ilə təsdiq edilib. Senatorlar Barbara BokserRobert Menendez nominasiyanın əleyhinə səs versələr də bu, heç bir əhəmiyyət kəsb etməyib. Səsvermədən öncə qısa bəyanat verən Massaçusets senatoruXarici əlaqələr komitəsinin sədri Con Kerri Mətyu Brayzənin namizədliyini dəstəklədiyini bildirib. O qeyd edib ki, cənab Brayzə Dövlət Departamentindəki fəaliyyəti zamanı yüksək peşəkarlıq nümayiş etdiribonun regionla əlaqədar qurduğu tanışlıqlar şəbəkəsi səfir funksiyasını yerinə yetirməyə xidmət göstərəcək. Cənab Brayzənin ölkəmizə səfir gəlməsi ekspertlərə görə, ABŞ və Azərbaycan arasında münasibətlərin daha yüksək səviyyəyə qalxmasına öz töhfəsini verəcək. Qeyd edək ki, Xarici əlaqələr komitəsindən sonra ABŞ Senatı da Brayzəni səfir postuna təsdiq etməlidir.

ABŞ-ın Azərbaycanla tərəfdaşlığının daha da möhkəmləndirməsi rəsmi Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb edir və okeanın o tayında ölkəmizə daha çox diqqət yetirilməsinə səbəb olur. Dünya Təhlükəsizlik İnstitutunun RusiyaAsiya Proqramlarının direktoru, professor Nikolay Zlobinin fikrincə, ABŞ-da Azərbaycanın nüfuzu daha sürətlə artmağa başlayıb: "Bu onunla əlaqədardır ki, Azərbaycan, o cümlədən enerji təchizatı sahəsində daha fəal siyasət yeritməyə başlayıb".

Bütün bunlar beynəlxalq miqyasda Azərbaycana kifayət qədər böyük marağın olduğunu bir daha əyani təsdiq edir. Azərbaycan isə bu diqqət və maraqdan istifadə edərək dünya miqyasında nüfuzunu daha da yüksəltməkdədir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 1, 2.