Daşkənddə Azərbaycan ilə
Özbəkistan arasında Əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası Komissiyanın 9-cu
iclası keçirilmişdir
Sentyabrın 23-də Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilmişdir.
İclasda Özbəkistan və Azərbaycan Baş nazirlərinin birinci müavinləri, komissiyanın həmsədrləri Batır Xocayev və Yaqub Eyyubov çıxış etmiş, ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyinə toxunmuşlar. Tərəflər hər iki ölkənin nəqliyyat infrastrukturlarından daha da səmərəli istifadə edilməsi, Özbəkistanın Transqafqaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə maraq göstərməsi ilə əlaqədar fikir mübadiləsi aparmışlar.
Bildirilmişdir ki, indiyədək Azərbaycan ilə Özbəkistan arasında müxtəlif sahələrə aid 100-dən artıq sənəd imzalanmışdır. 2009-cu ildə iki ölkə arasında mal mübadiləsinin dəyəri 46,3 milyon dollar olmuşdur ki, bu da mövcud imkanlardan aşağıdır.
İclasda iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Yaqub Eyyubov Azərbaycanda aparılan iqtisadi islahatlardan danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardan söhbət açmış, torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyondan artıq köçkünün olduğunu diqqətə çatdırmışdır.
Baş nazirin birinci müavini Y.Eyyubov demişdir ki, indi Azərbaycan regionda ən inkişaf etmiş ölkədir və torpaqlarını mütləq işğaldan azad edəcəkdir.
Sonda iclasın yekun sənədi - protokol imzalanmışdır.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Daşkənd
Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 2.