Azərbaycan Asiya İnkişaf Bankı ilə uğurla əməkdaşlıq edir

 

Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu qrupun Direktorlar Şurasının üzvləri ölkəmizdə səfərdədirlər.

 

Asiya İnkişaf Bankında Azərbaycanın daxil olduğu qrupun Direktorlar Şurasının üzvləri sentyabrın 23-də əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür. Sonra icraçı direktor Fil Bouvenin rəhbərlik etdiyi missiyanın üzvləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsini ziyarət etmişlər.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər. AzərTAc xəbər verir ki, Maliyyə Nazirliyində keçirilən görüşdə Azərbaycanın bütün beynəlxalq mötəbər maliyyə qurumları, eləcə də Asiya İnkişaf Bankı ilə uğurla əməkdaşlıq etdiyi vurğulanmışdır.

Maliyyə naziri Samir Şərifov qlobal maliyyə və iqtisadi böhrana ən hazırlıqlı ölkələrdən birinin məhz Azərbaycan olduğunu, respublikamızda makroiqtisadi sabitliyin hökm sürdüyünü, iqtisadi artımın davam etdiyini, yoxsulluğunişsizliyin səviyyəsinin əsaslı şəkildə aşağı salındığını qeyd etmişdir. O, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünyanın əksər ölkələrinin, həmçinin ən nüfuzlu iqtisadi və maliyyə qurumlarının Azərbaycan ilə sıx əməkdaşlığa can atdığını bildirmişdir.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivi, respublikamızda infrastruktur, enerji, su təchizatı və irriqasiya sahəsində birgə maliyyələşdirilən layihələr, həmçinin alternativ və bərpa edilən enerji mənbələri sahəsində reallaşdırıla biləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Müzakirə zamanı AİB-in Azərbaycanın iqtisadi inkişafı ilə bağlı hazırladığı master plan da hərtərəfli araşdırılmışdır.

 

 

Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 3.