İranda Azərbaycan Mədəniyyəti
Günləri başlayır
Sentyabrın 25-dən 30-dək İran İslam Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir.
Mədəniyyət günləri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti qonşu ölkədə səfərdə olacaqdır.
Mədəniyyət və Turizm Naziriliyindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi müdirinin müavini Müşfiq Hətəmov, rejissor Ziya Şıxlinski və digər tanınmış şəxslər daxildir.
Mədəniyyət günləri çərçivəsində xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları nəzərdə tutulmuşdur.
Tehran və Təbriz şəhərlərində təşkil olunacaq tədbirlərdə muğam ifaçıları - xalq artisti Mənsum İbrahimov, Təyyar Bayramov, vokalçılar Samir Cəfərov, Anar Hüseynli, aşıq Nemət Qasımov, şairlər Adil Cəmil, Taleh Babayev və başqa sənətçilər çıxış edəcəklər. Musiqiçilərimizi əməkdar artistlər Mircavad Cəfərov (ud), Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət edəcəklər.
Mədəniyyət günləri çərçivəsində Azərbaycanın tarixi mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunacaqdır.
İranlı tamaşaçılar Elçin Musaoğlunun "40-cı qapı" bədii filmi və Şamil Əliyevin "İz...Qala", Emil Mirabdullayevin "Azərbaycan muğamı", Ziya Şıxlinskinin "Azərbaycan musiqisi" sənədli filmlərinə də baxa biləcəklər.
Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 3.