Qədim Gəncə bayram edir

 

Xəbər verildiyi kimi, sentyabrın 22-də Gəncədə ənənəvi şəhər gününün açılışı olmuşdur.

Gəncə ənənəvi şəhər bayramına elliklə hazırlaşmışdı. Bu məqsədlə neçə vaxtdır iməciliklər keçirilir, abadlıq-quruculuq işləri aparılır, hər yanda səliqə-sahman yaradılır, elm, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında bayram proqramları hazırlanırdı. Gözlənilən gün şəhər al-əlvan qumaşa bürünmüşdü. Hər yanda "Gəncə - 2504" sözləri oxunur, şəhərin ulu tarixindən xəbər verən şəkillər, plakatlar, lövhələr, diaqramlar, maketlər diqqəti cəlb edirdi.

Müasir üslublu, milli bayraqlı, neçə-neçə fəvvarəli mərkəzi meydan gül-çiçəyə bürünüb. Başda ulu öndər Heydər Əliyevin hər bir gəncəlinin qəlbində yuva salmış sözləri oxunur: "Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk".

Qədim şəhərdə özgə bir büsat var idi. Tədbirin ilk günü səhər tezdən carçılar nağara-zurna çala-çala küçələrə, meydanlara çıxdılar. Faytonlarla, kəhər atlarla məhəllələri dolaşan çaparlar hamını ənənəvi şəhər gününə dəvət edirdilər. Möhtəşəm tədbir ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlandı.

İcra hakimiyyətinin başçısı Eldar Əzizov bayram iştirakçılarını salamladı. Xalqın tarixi yaddaşının bərpasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən, onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkənin tərəqqisinə olan sonsuz qayğı və diqqətindən danışdı.

Sonra Cavad xanın türbəsi və Nizami Gəncəvinin məqbərəsi ziyarət olundu, ölməz şairin "Kəpəz" mehmanxanasının qarşısında ucalan heykəli önündə Nizami poeziya saatları keçirildi. Şairlər ulu yurdu, müstəqil Vətəni, ülvi duyğuları, sənəti tərənnüm edən şeirlər oxudular.

Xoş işlərin təzə bir ünvanı, yeni yaranmış elm və mədəniyyət mərkəzi - Mir Cəlal Paşayev ev-muzeyi. Geniş həyətdə rəngarəng bayram konserti başlandı. Professor Zəhra Quliyevanın, gənc skripkaçı, beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı solistlərinin, Gəncə Dövlət Kamera Orkestrinin geniş konsert proqramları təqdim olundu.

Şəhər başdan-başa bayram əhval-ruhiyyəsinə bürünüb. Fikrət Əmirov bağında, Füzuli parkında, Fəvvarələr meydanında, Gəncə emblemi kompleksinin qabağında, neçə-neçə digər yerlərdə bir-birindən rəngarəng tədbirlər ürəkləri oxşayır.

Mərasimin ikinci günü Gəncə qapılarına doğru bayram yürüşü başlandı. Bu yerlər şəhərin ulu tarixindən xəbər verir. 1139-cu ilin məşhur zəlzələsi, Göygölün yaranması, Nizaminin doğum günü yada düşür. Dəvə karvanı asta-asta minillik qapıların önündən keçib gedir. Söz-sənət ustaları Gəncənin tale yolundan söhbət açırlar. Ulu diyarın ruhuna uyğun mahnılar, musiqi parçaları səslənir, xalqın çoxəsrlik məişətini əks etdirən "səhnələr" hamının qəlbindən xəbər verir.

Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında əməkdar incəsənət xadimi Məmməd Alimin ssenarisi əsasında hazırlanmış Gəncənin ulu tarixindən söhbət açan ədəbi-bədii kompozisiya nümayiş etdirildi. "Qədimi" toplar gurladı. Hünərvər idmançılar, cəsur əsgərlər, Vətənin mərd müdafiəçiləri bayram marşı oxuya-oxuya nizamlı addımlarla gəlib keçdilər.

Milli Məclisin Sədr müavini Valeh Ələsgərov, Türkiyənin Gəncədəki baş konsulu Ağca Haluk, Gürcüstanın Azərbaycandakı səfiri Nikolos Qogikidze, Belarusun səfiri Nikolay Podskeviç, Çin Xalq Respublikasının səfiri Can Yannyan və başqaları bayram münasibətilə gəncəliləri ürəkdən təbrik etdilər. Əməkdar elm xadimi Mirdaməd Sadıqov dedi ki, ikinci dəfədir Gəncənin bu möhtəşəm şəhər günündə iştirak edirəm. Hər dəfə görürəm ki, qədim Gəncə, sözün tam mənasında, çox böyük sürətlə inkişaf edir, ucalır. Burada həm genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, həm də ki, şəhərin tarixi sistemli surətdə araşdırılır, təbliğ olunur, xalqın soykökünə, milli dəyərlərə, adət-ənənələrə çox fikir verilir. Son illərdə torpaq üzərində tarix yazılır. Bərpa olunan, yeni yaranan abidələrin bir neçəsini yada salaq: Comərd qəssab məqbərəsi, Cavad Xan türbəsi, Dədə-Qorqud guşəsi, Gəncə emblemi meydanı, işıq və güc rəmzi olan Şir-Günəş kompleksi, müasir gökəmli Xan bağı, qızılı işləməli Ay-ulduz abidəsi, Gəncə qapıları... Hərəsi tarixin bir əvəzsiz əsl sənət əsəridir.

Bayram şənlikləri Heydər Əliyev meydanında davam edir. Müxtəlif sərgilər, xalqın ulu tarixini əks etdirən səhnəciklər, bu yerlərin hər yanda tanınan məhsulları, Gəncə mətbəxinin ən ləziz nemətləri, Gəncə məişətinin ən önəmli səhnələri...

Müasir üslubda tamamilə yenidən qurulmuş mərkəzi meydana ölkənin adlı-sanlı söz-sənət ustaları dəvət olunublar. Adlı-sanlı ifaçılar, folklor kollektivləri, məzhəkəçilər, kəndirbazlar, idmançılar, rəsm həvəskarları öz məharətlərini göstərirlər.

Az sonra aydın səmada bir vertolyot diqqəti cəlb edir. Paraşütçülər bir-bir atılır, əllərində müstəqil Azərbaycanın bayrağı meydana doğru enirlər, alqışlar gurlayır.

Göz-könül oxşayan tədbirlər bir-birini əvəz etdi. Heydər Əliyev meydanının baş səhnəsində Az.TV-nin bu bayram üçün hazırladığı möhtəşəm konsert oldu.

Bayramın iştirakçıları qonaqlar Olimpiya İdman Kompleksinin geniş zalında bölgənin infrastrukturunu əks etdirən sərgiyə baxdılar.

Bayram təntənəli atəşfəşanlıqla başa çatdı.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.-24  sentyabr.- S. 4.