Qaçqınların və köçkünlərin problemləri 1917-1920-ci illərdə də prioritet məsələ idi

 

XX yüzillikdə azərbaycanlılar erməni millətçilərinin antiinsani fəaliyyəti nəticəsində bir neçə dəfə soyqırımına məruz qalmış, ata-baba torpaqlarından qovulmuşlar. Xalqımızın üzləşdiyi belə fəlakətlərdən biri 1917-1920-ci illərdə baş vermişdir. O dövrdə yüz minlərlə azərbaycanlı əzəli torpaqlarımız olan İrəvandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salınmışdı.

Erməni təcavüzü nəticəsində 1918-1919-cu illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın var idi. 1919-cu il oktyabrın 1-nə kimi təkcə İrəvan quberniyasından 5848 ailə, yaxud 30741 nəfər qaçqın düşmüşdü. 1918-ci ilin sonlarında qaçqınlar əsasən aşağıdakı rayonlarda məskunlaşmışdılar:

 

Gəncə və onun şəhər ətrafında - 500 ailə, yaxud 2500 nəfər;

Gəncə qəzasında - 1420 ailə, yaxud 7100 nəfər;

Gədəbəy rayonunda 500 ailə, yaxud 2500 nəfər;

Qazax qəzasında 1100 ailə, yaxud 5500 nəfər;

Şuşa qəzasında 1461 ailə, yaxud 8340 nəfər;

Cavanşir qəzasında 415 ailə, yaxud 2423 nəfər;

Zəngəzur qəzasında 98 ailə, yaxud 573 nəfər;

Cəbrayıl qəzasında 84 ailə, yaxud 448 nəfər;

Şamaxı qəzasında 270 ailə, yaxud 1357 nəfər.

 

Azərbaycanlıların doğma yurdlarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin Cənubi Qafqaza müdaxiləsindən sonra da davam etmişdi.

Həmin dövrdə İrəvan quberniyasından 150 mindən çox qaçqın Azərbaycana gəlmişdi. Onların sayı Azərbaycanın mərkəzində - Bakıda hakimiyyəti öz əlinə keçirmiş S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin antiazərbaycan siyasəti nəticəsində daha da artmışdı. Azərbaycanlı qaçqınlara kömək etmək üçün ilk dəfə Zaqafqaziya Seymində olan müsəlman fraksiyasının tələbi ilə qaçqınlar şöbəsi yaradılmışdı. Lakin bir sıra səbəblərə görə, şöbə işin öhdəsindən gələ bilməmişdi.

Bakı şəhəri də daxil olmaqla, ölkə ərazisinin bir hissəsi yadelli işğalçılar tərəfindən işğal edildiyi vaxt Gəncədə fəaliyyətə başlayan Azərbaycan hökuməti qaçqınlara kömək üçün dərhal ciddi fəaliyyətə başlamış və problemin həlli məqsədilə X.Rəfibəyovun başçılığı altında Səhiyyə və Himayəçilik Nazirliyi yaratmışdı. Milli hökumət Bakı da daxil olmaqla, ərazisini işğalçılardan azad etdikdən və Bakıya köçdükdən sonra qaçqınların işi ilə daha ciddi şəkildə məşğul olmaq imkanı əldə etdi. Problemin dərinliyini və ciddiliyini nəzərə alan hökumət 1918-ci ilin oktyabrında Səhiyyə və Himayəçilik Nazirliyini ayıraraq iki müstəqil nazirliyə çevirdi. Qaçqınların problemləri ilə Himayəçilik Nazirliyi məşğul olmalı idi. Azərbaycan hökuməti qaçqınların vəziyyətini daim diqqətdə saxlayır, bu işi yaxşılaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirildi. Hökumət 1918-ci il iyulun 13-də "Qaçqınlara yardımın təşkili haqqında" qərar qəbul etdi. Qərarda Səhiyyə Nazirliyinə tapşırıldı ki, təcili surətdə qaçqınlarla geniş şəkildə təşkil edilsin, onların vaxtında ərzaqla, yaşayış yerləri ilə təminatı, ehtiyacı olanların xəstəxanaya qoyulması, lazım gələrsə, yerli əhalinin xeyriyyə təşkilatlarının da bu işlərə cəlb edilməsi nəzərdə tutulurdu. Qaçqın təşkilatları üçün lazım olan xərclər isə Səhiyyə Nazirliyinin sərəncamında olanbu məqsədə ayrılmış puldan götürülməli idi.

Himayədarlıq Nazirliyi mövcud olduğu dövrdə qaçqınlara və əhaliyə yardım göstərilməsi ilə bağlı əvvəllər ayrı-ayrı bölgələr üzrə müvəkkillərin idarəsində işləmiş doktor Musa bəy Rəfiyev və Rüstəm xan Xoyski olmuşdu.

Müharibənin, hərc-mərcliyin və Azərbaycanda xüsusilə 1918-ci ildə güclənən erməni təcavüzü nəticəsində evsiz-eşiksiz, yaşayış yeri məlum olmayan, qazancsız, tamamilə müflisləşmiş, ölkədə sərgərdan dolaşan on minlərlə adam var idi. Belələri fiziki varlığını yalnız dövlət tərəfindən göstərilən qayğı, yardım vasitəsilə qoruya bilərdilər. Himayəçilik Nazirliyi təkcə bu insanların müdafiəsini deyil, həmçinin gələcəkdə onların yerləşdirilməsi üçün tədbirlər görülməsini, köçürüldükləri yerlərdə əvvəlki dinc məşğuliyyətlərinə qaytarılmalarını, eləcə də yetim uşaqların ölümdən xilas edilməsi məqsədilə bəzi daimi idarələr yaratmalı oldu.

Bütün bunları nəzərə alaraq nazirliyin qarşısında iki əsas məsələ - qaçqınlar və himayəçilik məsələsi dururdu.

Qaçqınlar məsələsi sahəsində nazirliyin başlıca vəzifəsi qonşu xarici dövlətlərdən gələn didərginlərin qəbul edilməsinə qayğı və diqqət göstərilməsi, onların ilk zəruri ərzaq məhsulları ilə təchizatı, təsərrüfatlarını təşkil edə bilməsi üçün faizsiz borc, əkin üçün toxum, heyvanları verilməsi və beləliklə, həm də işlə təmin edilməsindən ibarət idi.

Nazirliyin qarşısında qoyulan ikinci mühüm məsələ himayəçiliklə bağlı idi. Bu sahədə görülən əsas tədbir yetimxanaların və valideynlərindən məhrum uşaqlar üçün koloniyaların təşkili, onların yerləşdirilməsi və himayə edilməsini təşkil edib nəzarətdə saxlamaq, himayə evlərinin açılması, əhalinin yoxsul hissəsi üçün gecəqondular, ucuz yeməkxanalar açmaq, xüsusiictimai xeyriyyə işlərini təşkil etmək və onu genişləndirməkdən ibarət idi. Yuxarıda göstərilən vəzifələri yerinə yetirə bilmək üçün nazirlikdə üç şöbə - himayə, qaçqın və təsərrüfat şöbələri yaradılmışdı.

Bakı şəhərindən kənarda qaçqınların yerləşdirilməsi həyata keçirilərkən hökumətlə yanaşı, yerli ictimai qüvvələrin köməyindən də tam istifadə olunurdu. Bunun üçün qaçqınların və yerli əhalinin nümayəndələrindən ibarət qaçqın komissiyaları təşkil edilirdi. Bu komissiyalar qaçqınların işə düzəlməsi, yerləşdirilməsi üçün yollar axtarır, çox zaman buna nail olurdular.

1918-ci ilin sonlarında qaçqınların əsas hissəsini Yeni Bəyazit, Eçmiədzin və İrəvan qəzalarının müsəlman əhalisi təşkil edirdi. Repressiya və təqiblər nəticəsində Ermənistandan doğma yurdlarını tərk edən müsəlmanlar Qazax, Gədəbəy, Gəncə qəzalarında, həmçinin 2 min nəfərə yaxın adam Şamaxı dairəsində və bu dairənin Mədrəsə kəndində yerləşdirilmişdilər. Onu da qeyd edək ki, Bakı şəhərindən kənarda Himayəçilik Nazirliyi başqa xarakter almağa başlamışdı. Başqa sözlə, nazirlik yardım kimi nağd pul müavinətlərinin verilməsini dayandırmışdı. Bunun əvəzində natura şəklində ərzaq payları müəyyən edilmişdi. Bunlar orta hesabla adambaşına 20-25 funt buğda, arpa, çəltik, yaşından asılı olmayaraq sabun, duzimkan daxilində parça, paltar və s.-dən ibarət idi. Müstəsna hal kimi işsizlərə, işləmək imkanından məhrum edilmişlərə yardım əsas məqsəd daşıyırdı. Təəssüf ki, həmin müddətdə yardımların verilməsinin zəruri olduğu rayonların sayı getdikcə artırdı.

Bundan başqa, Şamaxı və Lənkəran qəzalarında daşnak-bolşevik və ağqvardiyaçıların vəhşiliyi nəticəsində tamamilə müflisləşmiş, qaçqın kimi müəyyən dərəcədə köməyə ehtiyacları olan minlərlə insan var idi. Əhalinin belə vəziyyəti diqqətdən kənarda qalmır, yerlərdə hərtərəfli araşdırılır, onlara 1919-cu ilin aprel ayından məhsul yığımınadək ərzaq yardımları edilirdi. Himayəçilik Nazirliyinin ayrı-ayrı bölgələr üzrə işinin nəticələrinə nəzər yetirsək görərik ki, Gəncə dairəsində qaçqınların sayı 21098 nəfərə çatmışdı. Onların cəmləşdiyi və yardım göstərilən yerlər - Gəncə və qəzası idi. Bu yerlərdəki qaçqınlara 18 min pud dənli bitkilər (buğdaarpa) paylanmışdı. Bundan başqa, Gəncədə 3, Gədəbəydə 1, Qazaxda 1 qidalanma məntəqəsi, Gəncədə 100 nəfərlik 2, Gədəbəydə 100 nəfərlik 1, Qazaxda 50 nəfərlik uşaq sığınacaq evləri açılmışdı. Gəncə stansiyasında dezinfeksion kameralı 60 çarpayılıq ayrıca lazaret, ambulator məntəqəsi açılmış, şəhər xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 20 çarpayı ayrılmışdı.

Şamaxı dairəsində qaçqınların sayı 26877 nəfər idi. Onlara yeyintitoxumluq (buğda, arpa, darı, çəltik) üçün 18.241 pud dənli bitki paylanmışdı. Burada 13 qidalanma məntəqəsi yaradılmış, Şamaxıda 80 nəfərlik uşaq evi və 30 çarpayılıq xəstəxana, Göyçayda 100 nəfərlik uşaq evi fəaliyyətə başlamışdı. Şamaxı şəhərində isə 415 ev tikilmiş və təmir edilmiş, İrəvan qaçqınlarının tarlada işlətməsi üçün 58 öküz alınmışdı. Bundan başqa, hökumət 1919-cu il fevralın 17-də Şamaxı qəzasında qaçqınların yerləşdirilməsi məsələsini yoluna qoymaq üçün komissiya yaratmış komissiya üzvlərini oraya ezam etmişdi. Əkinçilik, Daxili İşlər və Himayəçilik nazirliklərinin nümayəndələrindən ibarət olan komissiya Şamaxı qəzasında qaçqınların yerləşdirilməsi, onların qəzanın müxtəlif yerlərində məskunlaşmasını həyata keçirməkdə yerli orqanlara kömək göstərməli idi.

Nuxa dairəsində isə qaçqınların sayı 5100 nəfər idi. Onların cəmləşdikləri yerlər və yardım məntəqələri Nuxa (Şəki) şəhəri, Ağdaş, Seyidlər, Nic, Vartaşen (Oğuz) idi. Himayəçilik Nazirliyi təkcə ZaqatalaQax kəndi üzrə 2623 pud ərzaq məhsulları vermişdi. O dövrdə Nuxa şəhər idarəsi üçün maya dəyərinin 25 faizi güzəştlə 1730 pud taxıl alınmışdı. Eyni zamanda, Nuxada 500 nəfərlik qidalanma məntəqəsi, 50 nəfərlik müsəlman uşaq evləri açılmışdı.

Qarabağ dairəsində ərazinin böyüklüyünü və qaçqın kütlələrinin ən çox cəmləşdiyini nəzərə alaraq nazirliyin işi Cavanşir, Şuşa və Cəbrayıl qəzasının bir hissəsini əhatə edən müfəttişliyə və Zəngəzur qəzasını əhatə edən Xüsusi İdarələrarası Komissiyaya tapşırılmışdı.

Azərbaycan hökuməti Himayəçilik Nazirliyinin təklifi ilə parlamentdən Zəngəzur qaçqınları üçün üç aylıq yardım və qidalanma xərcləri də daxil olmaqla, 187 min 500 manat həcmində xüsusi kredit verilməsini xahiş etmişdi. Həmin vəsaitlər parlament tərəfindən ayrılmış və komissiyanın sərəncamına verilmişdi. 1919-cu ildə Şuşa, Cəbrayıl, Cavanşir, Ağdam, Qaryagin (Füzuli rayonu), Şuşa və Bərdədə məskunlaşan 20 minədək qaçqına yardım edilmişdi.

Digər qəzalardan fərqli olaraq, Lənkəran dairəsində müfəttişlik 1919-cu ilin sentyabrından fəaliyyətə başlamışdı. Qısa müddət ərzində həmin müfəttişlik 8205 nəfərə ərzaq yardımı etmişdi. Müfəttişlik Lənkəranda isti yeməklə gündəlik təmin edilən 500 nəfərlik uşaq evi də açmışdı. Əkinlə məşğul olmaq istəyən qaçqınlara ictimai istifadə üçün 34 öküz verilmişdi. Onlara mənzil tikintisinə materiallar ayrılmışdı. Nazirlik qaçqınların iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün onların əvvəlki yaşayış və yerlərinə qayıtmasına yardım göstərilməsini vacib hesab etmişdi.

Qaçqınların əsas hissəsi əkinçi olduğundan onların 1920-ci ilin baharınadək Ərəş və Nuxa qəzalarındakı müsəlman kəndlərində yerləşdirilməsi məqsədəuyğun hesab edilmişdi. Həmin qəzaların 49 kəndinin sakinləri könüllü olaraq 500 nəfərə sığınacaq verməyə razı olmuşdu.

1919-cu ilin yayında istilərin düşməsi ilə əlaqədar Himayəçilik Nazirliyi didərginləri Nuxa, Ərəş, Göyçay və Şamaxı qəzalarının boş torpaqlarında yerləşdirmişdi. Qalan 16 min qaçqından 5 mini 49 kənddə, 11 mini Göyçay, Şamaxı, Ərəş və Nuxa qəzalarının digər yerlərində, Gəncə şəhəri və qəzasında yerləşdirilmişdi.

Ermənistanda müsəlmanlara qarşı həyata keçirilən soyqırımı ilə əlaqədar Naxçıvan, Sürməli, Eçmiədzin qəzalarında, həmçinin 1919-cu il yayın axırlarında Vedibasarda, Cənub-Qərbi Azərbaycanda müsəlman əhalisinin vəziyyəti xeyli pisləşmişdi. Ermənistandakı müsəlmanların əsas hissəsi əzab-əziyyətlərə düçar qalır, ev-eşiklərini itirərək qaçqınlıq taleyi yaşamağa məhkum edilirdi. Bir müddətdən sonra az sayda müsəlman doğma yurduna qayıtmış və yenidən ermənilər tərəfindən təqiblərə məruz qalmışdı. Müflisləşmiş və var-yoxlarını itirmiş azərbaycanlıların sayı Ermənistanın Yeni Bəyazit, Eçmiədzin və İrəvan qəzalarında 200 min nəfəri təşkil edirdi. Himayəçilik Nazirliyinin Ermənistan üzrə səlahiyyətlisinin məruzəsinə görə, İrəvan quberniyasında müsəlman əhalisinin vəziyyəti xüsusilə acınacaqlı idi. İnsanların nə çörək ehtiyatı, nə toxumu, nə də mal-qarası qalmış, əksəriyyəti isə ev-eşiyindən didərgin düşən ümidsiz insanlar idi. Məhz bunu nəzərə alan Azərbaycan hökuməti Ermənistanın aclıq çəkən müsəlman əhalisi üçün 5 min pud taxılı gömrüksüz aparmağa icazə verilməsi haqqında qərar qəbul etmişdi. Mərkəzi qaçqınlar komissiyasının oktyabrın 9-da keçirilən iclası zamanı İrəvan quberniyasının Eçmiədzin qəzasından Qazaxa qaçqınların yeni axınının başladığı haqqında məlumatlar daxil olmuşdu. Orada ürəkağrısı ilə qeyd edilmişdi: "...Müsəlman əhalisinin ardıcıl, mütəşəkkil şəkildə qırılması, onlara qarşı soyğunçuluq, yerlərindən qovulması həyata keçirilir".

Bu səbəblərdən Himayəçilik Nazirliyi 1919-cu ilin mayında parlamentə Ermənistanın müsəlman əhalisinə yardım edilməsi barədə qanun layihəsi təqdim etmişdi. Parlament həmin qanun layihəsini çox da ləngitməyərək vəsaiti ayırmaq barədə qərar vermişdi. 1919-cu il iyulun sonlarında 3 milyon vəsait hesabına İrəvana 15 vaqon un, taxıl, darı və arpa göndərilmiş, əhalinin hər nəfərinə bir aylıq 10 funt hesabı ilə paylanmışdı.

O dövrdə Azərbaycan hökuməti təkcə İrəvandan olan qaçqınlara deyil, həmçinin orada yaşayan müsəlman əhalisinə də yardım göstərmişdi. Bu məqsədlə hökumət 1919-cu il fevralın 17-də "Ermənistanın müsəlman əhalisinə kömək göstərməsi haqqında" dörd bənddən ibarət qərar qəbul etmişdi. Qərarda Ticarət və Sənaye Nazirliyinə tapşırılmışdı ki, neft sənayeçilərindən neft məhsullarının üçdə biri Xalq Təsərrüfatı Şurasının ehtiyacları üçün saxlanılsın.

Ümumiyyətlə, hökumət İrəvanın müsəlman qaçqınlarının ehtiyaclarını həmişə diqqətdə saxlamışdı. Buna misal olaraq, Azərbaycan hökumətinin 19 may 1919-cu ildə "İrəvanın müsəlman qaçqınlarının ehtiyacları üçün vəsait buraxılması haqqında"kı qərarı göstərmək olar. Qərarda İrəvan Müsəlman Milli Komitəsinə İrəvanın müsəlman qaçqınlarının ehtiyacını ödəmək üçün respublikamızın Ermənistandakı diplomatik nümayəndəliyinin sərəncamında olan puldan 200 min manat ayrılması nəzərdə tutulurdu. Bundan əlavə, Azərbaycan hökumətinin qərarı ilə Səhiyyə Nazirliyinə pul ayrıldı ki, bunun sayəsində də İrəvanda 1919-cu il sentyabrın 1-də müsəlmanlar üçün ambulator-həkim məntəqəsi açılmışdı. Elə orada da 85 nəfərlik uşaq evi istifadəyə verilmişsonralar həmin uşaq evi Amerika Komitəsinin himayəsinə keçmişdi.

Himayəçilik Nazirliyi yerlərdə problemlərlə daha ciddioperativ məşğul olmaq üçün respublika ərazisində altı dairə dövlət himayəçiliyi təşkil etmişdi: Bakı (Bakı-Quba əraziləri), Gəncə (Gəncə və Qazax qəzaları), Şamaxı (Şamaxı-Göyçay qəzaları), Nuxa (Nuxa, Ərəş qəzaları və Zaqatala quberniyası), Qarabağ (Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları) və Lənkəran (Lənkəran və Cavad qəzaları). Dairələrin üzərində rəhbərliyi həyata keçirmək üçün himayəçilik müfəttişləri təyin olunmuşdu. Himayəçilik Nazirliyi işini üç istiqamətdə həyata keçirirdi: Bakı və sənaye rayonu; respublikanın digər yerlərindən gələnlər; xaricdə yaşayanlara göstərilən yardımlar.

Qeyd edək ki, Bakı və sənaye rayonu üzrə yardımlar yalnız qaçqınlara deyil, bütün yerli yoxsul əhaliyə, imkansız adamlara və mədən fəhlələrinə də göstərilirdi. Adətən belə köməkliklər qidalanma və paylayıcı təşkilatın Mərkəzi Evi tərəfindən həyata keçirilirdi. Azərbaycan hökuməti 1919-cu ilin fevralından başlayaraq mərkəzi və yerli qidalanma məntəqələri şöbələrinə dövriyyə vəsaitlərinin faktiki yeganə mənbəyinə çevrilmiş aylıq qaytarılmaz pul subsidiyaları da verirdi. Şöbəyə subsidiyaların verilməsi ilə kifayətlənməyərək hökumət onların işini daim izləyir və ehtiyac olduqda şəhərin müxtəlif yerlərində yeni məntəqələrin açılmasına göstəriş verirdi. Belə məntəqələrdə əhaliyə əsasən pulsuz, bir hissəsi kiçik ödənişlə - öncə 50 qəpikdən, sonradan 1 manatdan verilən isti xörəklər və çay, həmçinin zəruri gündəlik tələbat məhsulları da paylanırdı. Ərzaq çatışmazlığı və artmaqda olan bahalıq dövründə belə tədbirlər böyük əhəmiyyət daşıyırdı. Bundan başqa, hökumət 1919-cu il fevralın 12-də yoxsul ailələrdən olan tələbələrə yardım göstərilməsi haqqında qərar qəbul etdi. Hökumət bu qərarda Xalq Maarif Komissarlığına zərərçəkmiş yoxsul qulluqçulara, ən yoxsul şagird və tələbələrə birdəfəlik yardım etmək haqqında göstəriş vermişdi.

Azərbaycan hökumətinin qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün həyata keçirdiyi tədbirlərdən biri də 1919-cu il mayın 10-da qəbul etdiyi qərar olmuşdur. Həmin qərarda didərginlərin pulsuz olaraq Azərbaycanın dəmiryollarından istifadə etməsi nəzərdə tutulurdu. Himayəçilik Nazirliyinə tapşırılmışdı ki, həqiqətən ehtiyacı olan qaçqınlara dəniz nəqliyyatı və dəmiryolundan pulsuz istifadə etmək hüququ verən vəsiqə paylanılsın. Qərarda həmçinin göstərilirdi ki, hər ayın axırında Himayəçilik Nazirliyinin hesabından qaçqınlara verilən pulsuz biletlərin dəyərinin yarısı Yollar Nazirliyinin hesabına keçirilsin. 16 may 1919-cu ildə hökumət qaçqınların daşınması üçün vəsait ayrılması haqqında digər qərar verdi. Qərarda hökumətin 20 milyon manatlıq fondundan Himayəçilik Nazirliyinə qaçqınların dəniz nəqliyyatı və dəmiryolu vasitəsilə daşınması üçün 100 min manat ayrılması nəzərdə tutulurdu.

Azərbaycan hökuməti ilə yanaşı, xalq da isti ocaqlarından məhrum edilmişlərə hər vasitə ilə yaxından kömək edirdi. Bu köməkliklərdən ən mühümü maddi yardımlar idi. 1919-cu ildə təkcə Bakı şəhəri və mədən rayonlarında qaçqınlar üçün yığılan vəsaitin ümumi miqdarı 308 min manat olmuşdu.

Xüsusi olaraq qeyd edək ki, Ermənistan və Gürcüstan respublikaları hökumətindən fərqli olaraq, Azərbaycan Cümhuriyyəti milliyyətindən asılı olmayaraq bütün didərginlərə kömək etmişdi. Belə ki, hökumət 1919-cu ildə cəmiyyətlərə 2.114.501 manat pul vermişdi: Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə - 220 nəfərlik müsəlman uşağının sığınacağı üçün; Erməni Milli Şurasına - 517 nəfərlik 2 sığınacaq üçün; Rus Xeyriyyə Cəmiyyətinə - 517 nəfərlik sığınacaq və əlillər evi üçün; Uşaq Evi Cəmiyyətinə - 80 nəfərlik sığınacaq üçün; 9-cu sahə komitəsinə - 30 nəfər yaşlı adam üçün; Yəhudi Milli Şurasına - ucuz yeməkxana üçün; Yəhudi Xeyriyyə Cəmiyyətinə - qocalar və əmlakı olmayanlar üçün sığınacağa görə.

Yeri gəlmişkən, Azərbaycan hökuməti 1918-ci il mart qırğınları və Bakının yadelli işğalçılardan, o cümlədən Mərkəzi Xəzər Diktaturasından (Septrokaspi) azad edilməsi dövründə zərərçəkmiş şəxsləri də yaddan çıxarmamışdı.

1919-cu il fevralın 7-də hökumət "1918-ci ilin martsentyabr hadisələrində zərərçəkmişlərə veriləcək yardımın buraxılması haqqında" yeni bir qərar da qəbul etmişdi. Qərarda belə şəxslərə verilən vəsait hökumətin 20 milyonluq fondundan Himayəçilik Nazirliyinə ayrıldığını nəzərdə tuturdu. Bundan başqa, hökumət Himayəçilik Nazirliyinə belə şəxslərə birdəfəlik pul yardımları göstərməyi də tapşırdı. Müavinətlər üçün çəkilən xərclər 150 min manat həcmində olmuşdu. Lakin bir qədər sonra həmin müavinətlərin həcmi artaraq 300 min manata çatdırılmışdı.

1919-cu ilin iyun-iyul aylarında ermənilərin Zəngəzura hücumları daha da güclənmişdi. Nəticədə onlarca kənd viran olmuş, əhali öz yaşayış yerlərini tərk etməyə məcbur olmuşdu. Minlərlə əhali məhv edilmişdi.

Azərbaycan hökumətinin qaçqınlarla bağlı gördüyü işin bir istiqaməti də onların öz doğma yurdlarına qaytarılması ilə bağlı idibu zaman bütün xərcləri də hökumət çəkirdi. Azərbaycan hökuməti erməni və rus milli komitələrinin rəyinə uyğun olaraq 5 min erməni və 2500 rus yola salmışdı. Bundan başqa, 4000 müsəlman və 1000 nəfər də digər millətlərin nümayəndələri yola salınmışdı. Onu da bildirək ki, pulsuz gedişdən əlavə, qaçqınlara yolda qidalanmaq üçün də müavinətlər verilmişdi.

Məlumdur ki, o dövrdə ermənilər rus qoşunlarının köməyi ilə Anadoluda - Qarsda, İqdırda və s. ərazilərdə də yerli türk əhalisinin evlərini dağıtmış, on minlərlə günahsız qocanı, qadını, uşağı öldürmüş, insanları öz yurdlarından didərgin salmışdılar. Azərbaycan Xalq Cümhuriyyəti onları da yaddan çıxarmamışdı. Belə ki, Müsəlman Xeyriyyə Cəmiyyətinin vasitəçiliyi ilə Himayəçilik Nazirliyi Qars əyalətindən qaçqın düşərək o dövrdə Bakıda Ermənikənd adlanan yerdə məskunlaşan 700 nəfərin gündəlik çörəklə təminatına çəkilən xərcləri öz üzərinə götürmüşdü. Bu işə hökumət 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-dək olan dövrdə 526.195 manat pul xərcləmişdi.

Azərbaycan hökuməti 1919-cu il aprelin 18-də Qars vilayətindəki qaçqınlar arasında paylanmaq üçün fransız hərbi missiyasına üç sistern kerosin buraxılması haqqında qərar vermişdi. Qərarda Maliyyə, Ticarət və Sənaye Nazirliyinə tapşırılmışdı ki, Qars vilayətində olan fransız hərbi missiyasına oradakı müsəlman əhalisi arasında paylanmaq üçün aksissizgömrüksüz üç sistern kerosinin verilməsini təmin etsin.

Himayəçilik Nazirliyinin nümayəndəsi Qars vilayətindən və İrəvan quberniyasından gəlmiş müsəlman qaçqınlara yardım üçün 1919-cu ilin noyabrında Tiflisə ezam edilmişdi. Müfəttiş qaçqınlardan ötrü yolüstü qısamüddətli qidalanma məntəqələrinin yaradılmasını təşkil etməli və onlara yolda yemək üçün pul müavinətləri verməli idi. Tiflis yaxınlığında 300 verstdə və Aşağı Cəral stansiyasında iki belə məntəqə açılmışdı. Bundan başqa, 1919-cu ilin axırlarında Dağlılar Respublikasının əhalisi oradakı hərbi əməliyyatların təsiri nəticəsində Azərbaycana pənah gətirərkən hökumətin tapşırığı ilə Himayəçilik Nazirliyinin işçiləri iki ay ərzində daim sərhəddə qalaraq qaçqın düşmüş dağlılara pul paylamışdı.

1919-cu il yanvarın əvvəllərində məcburi köçürülmə xarakteri almış Zəngəzur hadisələri nəticəsində həmin qəzanın dağlıq hissəsinin 40 minədək sakini Qarabağın Cəbrayıl, Şuşa, Cavanşir qəzalarına və respublikanın digər yerlərinə qaçmağa məcbur olmuşdular.

Qeyd edək ki, Ermənistandakı hadisələr Azərbaycanda sığınacaq axtaran qaçqınların sayını durmadan artırırdı. Yeni qaçqın dalğalarının hərəkətinə uyğun olaraq Himayəçilik Nazirliyinin maddi məsrəflərinin həcmi də böyüyürdü. Nəticədə yeni qaçqın təşkilatlarının yaradılması zərurəti də meydana gəlmişdi.

Yardım məsələsinin kompleks şəkildə həlli üçün Azərbaycan hökuməti, o cümlədən Himayəçilik Nazirliyi bir sıra araşdırmalar aparmış və bu məqsədlə ictimai işlərin təşkili, yeni yerlərinin açılması, xalça-palaz emalatxanalarının yaradılması sahəsində xeyli işlər görmüşdülər. Azərbaycan hökuməti Nuxa dairəsi və Gəncə qəzasında yerləşən qaçqınlara da xeyli yardım göstərmişdi. Belə ki, orada olan qaçqınlara 2 milyon manata qədər maddi yardım edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti qaçqınlara təkcə pulla deyil, ərzaqla da kömək göstərirdi. Ümumiyyətlə, 1919-cu ildə bu şöbə əhaliyə 3.082 min manat dəyərində maliyyə yardımı etmişdi.

Azərbaycan hökuməti milli münaqişələr zamanı yetim və kimsəsiz uşaqlara qayğı göstərilməsi, himayə edilməsi sahəsində də xeyli işlər həyata keçirmişdi. Bu sahədə aparılan mühüm işlərdən biriyerli xeyriyyə cəmiyyətlərinin maliyyə vəsaiti və köməyi ilə valideyn himayəsindən məhrum edilmişlər üçün uşaq evlərinin təşkili, genişləndirilməsi və bu işə daim nəzarət edilməsidir.

1918-ci ildə bu hərəkat genişləndiyindən Mərkəzi Uşaq Evinin nəzdində yetim uşaqlara kömək etmək üçün xüsusi yardım bürosu yaradılmışdı. Xüsusi büro bu sahədəki bütün işlərin öhdəsindən təkbaşına gələ bilmədiyindən kömək üçün Himayəçilik Nazirliyinə müraciət etmişdi.

Nazirlik uşaq evindəki hər bir uşağa əvvəlcə ayda birdəfəlik 60 manat, sonra isə 120 manat qaytarılmaz subsidiyaların ödənilməsi yolu ilə yardımlar göstərmişdi. Büro dağıldıqdan sonra isə nazirlik hər cəmiyyətə himayəyə götürülmüş uşaq üçün ayda 200 manatdan subsidiya ödəyirdi. Bu cür subsidiyalardan əlavə, cəmiyyətin buya digər ehtiyacları üçün əlillər evi, gecəqondular və ucuz yeməkxanaların saxlanılmasına da vəsaitlər ayrılırdı.

Azərbaycan hökuməti özünün ağır vəziyyətdə olmasına baxmayaraq, Gürcüstanda yaşayan yoxsul müsəlman əhalisinə də yardımlar edirdi. 1920-ci ilin martında Azərbaycan hökuməti Axalsix və Axalkələki qəzalarının yoxsul əhalisinə 140 min manat pul vermişdi. 1920-ci ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində əhali xeyli ziyan çəkmişdi. Buna görə hökumət Gürcüstana 1885 pud un göndərməyi Təchizat Nazirliyinə tapşırmışdı. Eyni zamanda, zəlzələdən zərərçəkənlərə kömək üçün 3 milyon manat yardım göstərilməsi haqqında qərar martın 11-də parlament tərəfindən təsdiq edilmişdi. Azərbaycan hökuməti də bu qərarı dərhal yerinə yetirmişbunun üçün əlavə tədbirlər həyata keçirilmişdi.

Göründüyü kimi, Azərbaycan xalqı və hökuməti qaçqın və köçkün probleminə həmişə böyük diqqət və qayğı ilə yanaşmışdır. Millətlərə, insanlara genişqəlblə, açıqürəklə fərq qoymadan əl uzatmağa çalışmışdır.

 

 

Boran ƏZİZ,

Bakı Dövlət Universitetinin

dosenti, filologiya

elmləri namizədi

 

Azərbaycan.- 2010.-24  sentyabr.- S. 6.