Vətənə qanadlanan şöhrət

 

Böyük məhəbbət və həvəslə skripkanı zərif varlığına sıxaraq ürəyindən qidalanan əllərinin təması ilə elə səsləndirir ki, o cazibənin əhatəsindən uzun müddət çıxa bilmirsən. Vətəndən qanadlanan arzuları onu haralaradək aparmadı?! Səsi, sorağı ABŞ-dan, Almaniyadan, İngiltərədən, Fransadan, Polşadan, MisirdənE gəldi. Bu zərif görünüşlü, məlahətli qızcığazın skripkasından qopan səslərə kimlər valeh olmadı?!

Bu günlərdə Bakıda Azərbaycan Dövlət Konservatoriyasında keçirilən konsertində mütəxəssislər bir daha bu gənc ifaçının istedadına heyran qalaraq onu "Əsrin qalib skripkaçısı" adlandırmaqdan məmnunluq duydular. Bizim üçünxoş olan odur ki, dörd il öncə Nəzrin Rəşidovanın uğurları haqqında yazı dərc etmişdik. Avropada keçirilən beynəlxalq müsabiqənin iştirakçısı və qalibi olan gənc ifaçının hələ 15-16 yaşı vardı. Şöhrəti dünyanın məşhur konsert salonlarını bürüyən Nəzrin 1988-ci ildə Bakıda peşəkar musiqiçilər ailəsində anadan olub. İlk debütü ilə musiqisevərləri heyran edəndə Nəzrinin üç yaşı vardı. Dörd yaşında Misirdə yerləşən Amerika Universitetində Qahirə KameraSimfonik Orkestri ilə birlikdə çıxış edib. Sevdiyi skripkası ilə qazandığı böyük uğuruna görə ilk qızıl medalını alanda isə Nəzrinin altı yaşı vardı. Altı yaşlı bu qızcığazın Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində skripka üçün solo konsertini izləyənlər hələ də bu balaca musiqiçinin istedadından danışırlar.

Valideynləri söyləyirlər ki, Nəzrinin xarakterində qəribə bir inadkarlıq var. Nəyi istəsə ki öyrənsin, mütləq ona nail olacaq. Atası Şamil Rəşidov söyləyir: "Vaxt tapan kimi rus, ərəb, ingilis dillərinə maraq göstərib. Hətta özünü sınamaq üçün bu dillərdə müxtəlif insanlara məktublar yazardı. Bunun da sayəsində öyrənmək istədiyi dilin qrammatikasına, fonetikasına dərindən bələd olardı. Hətta bir dəfə onun çalışmaları Böyük Britaniyanın nüfuzlu məktəblərində ən yaxşı işlərin sırasında qeyd edilmişdi. Xarici dil bilməyinin sayəsində dünya ədəbiyyatının korifeylərini də oxumağa maraq göstərən Nəzrin Rəşidova müxtəlif xalqların yazıçı və şairləri ilə bərabər musiqi xadimləri haqqında da bilgilər əldə edirdi. İdmana, rəqsə, xüsusilə də musiqiyə marağı olan Nəzrinin bu cür hərtərəfli formalaşmasında fortepiano ifaçısı olan anası Sədaqət xanımın, atası Şamil Rəşidovun (peşəkar skripkaçı) böyük təsiri və zəhməti var. Hələ uşaqlıqdan valideynlərinin ifa etdiyi musiqilər layla qədər onun ruhuna hoparaq özünübir maqnit cazibəsi ilə bu aləmə çəkib. Üç yaşında səhnəyə çıxaraq böyük tamaşaçı auditoriyasının rəğbətini qazanan Nəzrin Rəşidovanın vətəndən başlayan şöhrəti həqiqətən dünyaya səs saldı.

O, 1995-ci ildən Londonda şahzadə Çarlzın himayəsində olan Persella adına musiqi məktəbində təhsil alıb. Bu arada onun solo konsertləri də təşkil olunub. Bir sıra nüfuzlu mükafatların - İ.Minuxina adına skrpikaçıların beynəlxalq müsabiqəsində xüsusi mükafata, Polşada da Venyavski adına beynəlxalq müsabiqədə fəxri diploma layiq görülüb, eləcə də İngiltərədə yenə də müsabiqə qalibi olub. Bu da diqqətçəkən maraqlı bir hadisədir ki, Nəzrin İngiltərədə Kral Musiqi Akademiyasına daxil olanda 15 yaşı var idi. Qabiliyyətini, keçirilən müsabiqələrdəki çıxışlarını və digər məziyyətlərini nəzərə alaraq onu akademiyanın bir sıra məşqlərindən azad etmişdilər. Bu, bəlkə də, onun tələbə yoldaşlarından yaşca çox kiçik olması ilə bağlı idi. Anası Sədaqət xanım söyləyir ki, Nəzrinin inadkarlığı bu məsələdə də özünü göstərdi. O, heç bir güzəşti qəbul etməyərək məşqlərə getmək istədiyini bidirdi. Bunun da əvəzində ona təklif olundu ki, öz orkestrini yaratsın, ürəyi istədiyi vaxt onlarla birlikdə məşq etsin. Beləliklə də azərbaycanlı qız İngiltərədə "FeMusa" adlı simli orkestr yaradıb. 2008-ci ildən fəaliyyət göstərən bu musiqi ansamblının bədii rəhbəri Nəzrin Rəşidovadır. Londonda qadınlardan ibarət ilk kamera ansamblı 1950-ci ildə yaradılıb. Həmin ənənənin davamı olaraq Nəzrinin rəhbərlik etdiyi "FeMusa" 2009-cu ilin mayında verdiyi ilk konserti ilə böyük uğur qazandı. İkinci konserti də maraqlı oldu. Burada məşhur musiqiçilər də iştirak edirdilər.

Ümummilli lider Heydər Əliyev 1994-cü ildə Misir Ərəb Respublikasına səfəri zamanı səhnədə kiçik skripkası ilə romans çalan Nəzrini görəndə çox sevinmiş, bu balaca qızı bağrına basaraq söyləmişdi: "İnanıram ki, gələcəyin aydın, uğurlarla zəngin olacaq". Həqiqətən də Nəzrinin uğurları muncuq kimi bir-birinin ardınca ömrünə-gününə düzülməkdədir. Bu gün o, İngiltərədə yaşayır. Ona olan diqqətin, qayğının kökünü vətəndən gələn hamilikdə görən Nəzrin deyir: "İstər səfirliyimizin, istərsə də musiqiçilərin mənə göstərdiyi qayğının kökündə ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti dayanır. Mən bütün uğurlarımda Mehriban xanımın ardıcıl köməyini hiss etmişəm. Bu böyük qəlbli və həssas insanın sayəsində mənim vətənlə əlaqəm qırılmır. Mehriban xanım Əliyevaya, eləcə də bütün xalqıma minnətdaram".

Bu günlərdə Bakıda, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən solo konsert də elə bu diqqətin və qayğının bariz nümunəsidir. Maraqlı cəhət də odur ki, Nəzrin Rəşidovanı Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edirdi. Nəzrin səhnəni öz skripkası ilə həm də Böyük Britaniyadan gəlmiş fortepiano ifaçısı Daniel Qrimvudla bölüşdü. Onlar birlikdə dünya klassiklərinin, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirdilər.

Redaksiyamızın qonağı olan Nəzrin bildirdi ki, rəhbərlik etdiyi kamera orkestri ilə birlikdə noyabr ayında Londonun Smit-skver meydanındakı Müqəddəs Ceyms Kilsəsində növbəti konsertini verəcək.

Kral Musiqi Akademiyasını musiqi elmləri magistri dərəcəsi ilə bitirən Nəzrinin qazandığı yüksək nailiyyətlər çoxdur. Onlardan biriKral mükafatına layiq görülməsidir. Nəzrin həm də az-az skripkaçılardandır ki, təhsil aldığı müddətdə dəfələrlə çox mötəbər mükafatlara, fəxri adlara, təltiflərə layiq görülüb. O, Londonda təhsil aldığı illərdə öz skripkası ilə bir sıra mötəbər mükafatları qazanan nəinki ilk azərbaycanlı, həm də ilk tələbədir.

Hələ ömrünün 22-ci baharına qədəm qoyan Nəzrin Rəşidovanın fəth edəcəyi zirvələrin sırası qarşıdadır! Ona bu yolda uğurlar arzulayırıq.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 7.