Qalalar

 

Zamanın sərt dönəmlərindən keçib günümüzə qədər yol gələrək sözün həqiqi mənasında tariximizə iz salan maddi mədəniyyət nümunələri arasında qalaların öz yeri var. Qalaların folklor nümunələrində öz əksini tapması heç də təsadüfi deyil. Yadellilərin hücumlarının qarşısının alınmasında onların əvəzsiz rolu barədə əfsanəyə bənzər kifayət qədər həqiqətləri bugünümüzə çatdıran hekayətlər və rəvayətlər çoxdur.

Qalalar uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan strateji əhəmiyyətli məntəqə (şəhər) deməkdir. İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində imiş. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və sairə divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında, adətən su ilə doldurulan, dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadratya dairəvi şəkilli qülləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9-10 metrə, bəzi hallarda 30 metrə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub, müstəqil müdafiə üçün uçaldılırdı. Şərq ölkələrində bir neçə sədli qala-şəhərlər mövcud idi (məsələn, Suz şəhəri). Quldar dövlətlərin bir çox şəhərləri (Karfaken, Roma, Bizans, Qəbələ və s.) eyni zamanda qala idi. Qalanın içərisində sonuncu dayaq məntəqəsi kimi içqala (yunanlarda akropol, romalılarda kapitoli adlanırdı) tikilirdi. Orta əsrlərdə Qərbi Avropa ölkələrində möhkəmləndirilmiş qala-qəsrlər vardı.

XIV əsrdə artilleriyanın yaranması və xüsusilə XV əsrdə çuqun mərmilərin kəşf olunması qalaların quruluşunu dəyişməyi tələb edirdi. Odur ki, qala divarlarını daha alçaq və qalın, bürcləri isə divarlar hündürlüyündə, həm də geniş sahəli tikməyə başladılar. Çoxsaylı orduların yaranması ilə (XVIII əsrin sonu - XIX əsrin əvvəli) qalaların hərb sənətinin yeni prineiplərinə uyğunsuzluğu üzə çıxdı. Qala hasarlarının qarşısında xüsusi istehkamlar - fortlar yaradılmağa başladı. Birinciİkinci dünya müharibələri arasındakı dövrdə bütün dövlətlər tədricən quru sərhədlərinin yeni möhkəmləndirmə formalarına - istehkam rayonlarına (möhkəmləndirilmiş rayonlar) və istehkam zolaqlarına keçdilər.

Azərbaycanda ən qədim qalalar siklop tikintiləridir. Sasanilər dövründə bir sıra qala (Beyləqan, Bərdə, Şəmkir, Şamaxı s.) tikilmişdir. Azərbaycanda qalaların əsasən üç tipi olmuşdur: məbədləri din xadimlərinin əmlakını qorumağa xidmət edən qalalar. Ləkit məbədi (Qax), Govurqala (Ağdam), Xanəgah (Pirsaat çayı kənarında) digər qalalar bu qəbildəndir.

Qalaların təsnifatını verərkən deməliyik ki, feodal şəhərlərinin yaranması ilə meydana gəlmiş şəhərtipliləri bəzən iki üçqat divarla xəndəklə əhatə olunurdu. Bu qalalar üçün dördkünc, dairəvi yarımdairəvi bürclər xarakterikdir. Qəbələ, Dərbənd, Gəncə, Beyləqan Bakı qalaları şəhərtipli qalalara misaldır.

Sığınacaq rolu oynayan qalalar daha möhkəm əlçatmaz yerlərdə tikilirdi. Məsələn, Çıraqqala, Cavanşirqala, Əlincəqala, Gülüstan qalası, Qız qalası (Bakı), Buğurt qalası belələrinə nümunədir.

1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olmuş Basqalın "Qalabaşı" məhəlləsinin ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bugünədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. "Basqal" toponimi təmiz türk sözüdür "qala başı", "qala qur", "qala yarat", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Basqal Tarix-Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam məscid kimi qədim abidələr aiddir. Basqal Bakı-Laqodexi şose yolunun 151-ci kilometrliyindən 4 kilometrə şimala olan məsafədə yerləşir. Qəsəbəyə avtomobillə getmək olar.

Azərbaycan ərazilərində qalaların sayca çoxluq təşkil etməsi bir daha göstərir ki, bu yerlərə yadellilərin qəfil hücumları daim gözlənilən olub. Bəzilərinin adını çəkmək olar: Abbasabad qalası, Aza qalası, Ağcaqala, Bakı qalası, Basqal qəsəbəsi, Bağrəvan, Bayat qalası, Bayıl qalası, Bəlləbur qalası, Beyləqan qalası, Bilgah qalası, Bərdə qalası, Bəzz qalası, Bəzzeyn qalası, Cavanşir qalası, Dərbənd qalası...

Ərazisində qalaların çox əksəriyyətinin alban dövlətinin yadigarı olmasına görə Kəlbəcər İsmayıllı rayonları daha çox diqqət çəkib.

Kəlbəcər qalalarını tədqiq edənlərin fikrincə, onlar əsasən karvan yollarının üstündə tikilirmiş ki, həmin yollara nəzarət olunsun. Ən məşhur qalalardan sayılan "Löh" qalasının üstündə qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Bu quyularda ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisində nəhəng palıd ağacları bitib ki, hər birinin diametri bir metrə çatırdı. Qalanın Lev çayı istiqamətində iki mağarası aşkar olunub. Bura ən qədim insan məskənlərindən hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkündür.

Tarixin sərt sınaq imtahanına məruz qalmış bu yadigarlar (abidələr, qalalar) insan əli ilə yapıldığı kimi, insan əli ilə tamamilə məhv olmaq təhlükəsinə qədər dağıdılmış hətta, bəziləri yerlə-yeksan olunmuşdur. Amma bu da möcüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bəzən özü-özünü hifz etmiş bizim əsrimizə qədər bir neçə min illik ömür yaşamışlar. Kəlbəcər qalalarının içərisində ən yüksəklikdə yerləşəni "Comərd" qalasıdır. Comərd kəndindən xeyli yuxarıda, qayalıq başında tikildiyi üçün "Comərd" qalası kimi tanınmışdır. Qaraçanlı ya Uluxan qalası Qaraçanlı kəndinin yaxınlığında, Kəlbəcərdən İstisuya gedən yolun solunda, Tərtərin sol sahilindədir.

Daha çox dağıdılmış məhv edilmiş qalalardan biri "Qalaboynu" qalası idi. Qalanın içərisində 200-dən çox binanın kalafa yerləri var. Buraya da dağlardan yeraltı su xətti çəkilibmiş.

Kəlbəcərdəki qala abidələrin sırasına daxil olanlardan biri "Laçınqaya" qalasıdır. Qala monqollar tərəfindən dağıdılmış, əhali qılıncdan elə keçirilmişdir ki, tarixçilərin məlumatına görə, insan qanı qayalar arasından sel kimi axıb Tərtər çayını boyamışdı...

Rayonda Qaçaq Nəbinin adı ilə qala vardı. Kənd camaatının ərizəsinə burada baxdığı üçün qalanın adı "Ərizə" qalası kimi yayılmışdır.

Bakı ümumiyyətlə, Abşeron ərazisindəki abidə-qalalar da tarixi əhəmiyyəti baxımından dəyərli madd-mədəniyyət nümunələridir. Şağanda bir sıra dəyərli tarixi-memarlıq abidələri qeydə alınıb. Bunlardan XII əsrin sonu, XIII əsrin əvvəllərində inşa edilən 24 metr hündürlükdə dördbürclü (hazırda qalanın bir bürcü salamatdır) qalanı, tarixi 1320-1321-ci illərə aid olan qubala-türbəni (alban abidəsi), 1658-ci ildə inşa olunan piri, 1889-cu ildə tikilən məscidi, tarixi 1894-1895-ci illərə təsadüf edilən mədrəsəni, 1895-ci ildə Hacı Atababanın tikdirdiyi hamamı, kənd qəbiristanlığında olan dördsütunlu türbəni (1907), sayı 40 olan sərdabələri qeyd etmək olar.

Qalanın bir hissəsi uçsa da, bir hissəsi dövrümüzə qədər gəlib çatmışdır. XII-XIII əsrlərə aid edilən müdafiə məqsədi ilə inşa olunan Şağan qalası Abşerondakı digər qalalar kimi daşdan tikilib.

Qazax rayonu da Azərbaycanın digər bölgələri kimi, qala tipli müdafiə qurğuları ilə zəngindir. Bunların demək olar ki, hamısı, digər qalalar (Xunan,Gəncə, Girdman, Kəndman oğlu s.) da şəhəri qorumaq üçün inşa edilmiş gözətçi məntəqələridir. Onlar dağ təpələrin yüksəkliklərində yerli daşlardan inşa edilib əksəriyyəti yaşayış üçün yararsız olub.

Ümumiyyətlə, Azərbaycanın son illər dünya xalqlarının nəzərlərində daha möhtəşəm görünməsi onun bugünkü inkişafı, Avropaya inteqrasiyası ilə yanaşı, tarixi mədəniyyətini özündə qoruyub saxlayan maddi mədəniyyət nümunələri ilə zənginliyidir. Bunların isə ölkəmizdə turizmin inkişaf etdirilməsində mühüm əhəmiyyəti var. Təkcə təbiətimizin deyil, tariximizin daşlaşmış yadigarlarından səmərəli istifadə onların gələcək nəsillərə çatdırılması isə bizim vətəndaşlıq borcumuzdur.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 7.