Mərakeşli qonaqlar
İçərişəhərlə tanışlıqdan məmnun
qalmışlar
Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Abdelvahed Radinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də İçərişəhərlə tanış olmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, qonaqlara qoruğun ərazisində aparılan abadlıq və restavrasiya işləri haqqında danışılmışdır.
Azərbaycan xalqının mədəni irsinin incisi "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıq zamanı qonaqlara kompleksə daxil olan abidələr haqqında ətraflı məlumat verilmişdir. Qoruq ərazisində gəzinti Qoşa Qala qapıları meydanı ilə davam etdirilmişdir.
Mərakeşli parlamentarilər Sıratağlı dini-memarlıq kompleksi ("Bazar Meydanı") ərazisində avstriyalı mütəxəssislərin hazırladığı layihə əsasında ən müasir beynəlxalq tələblərə uyğun şəkildə yenidən təşkil olunmuş daş ekspozisiya ilə tanış olmuşlar.
İçərişəhərlə tanışlıq əzəmətli görüntüsü, ucalığı və xarici görkəmi ilə Abşeronun, eləcə də Azərbaycanın müdafiə istehkamları içərisində diqqəti cəlb edən Qız Qalası ilə yekunlaşmışdır.
Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 3.