Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi Təzəpir məscid kompleksində olmuşdur

 

Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi sentyabrın 24-də Təzəpir məscid kompleksində olmuşdur.

Mərakeşli qonaq Təzəpir məscidi ilə tanış olmuşdur. Qafqaz Müsəlmanları İdarəsi xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat vermişdir ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmışdı. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapmışdır. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur.

Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik günbəzlərdə isə "Həmd" surələri həkk edilmişdir.

Bildirilmişdir ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır.

Abdelvahed Radi Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalı ilə tanış olmuş, ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotostendə, eləcə də idarədəki eksponatlara baxmışdır.

Təzəpir məscid kompleksi ilə tanışlıqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin və Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radinin görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlər, dini məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Allahşükür Paşazadə vurğulamışdır ki, ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hərtərəfli fəaliyyəti nəticəsində ölkəmiz gündən-günə inkişaf etməyə başladı. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın həmişə tolerantlığın, qardaşlığın, dostluğun məkanı olduğunu vurğulayan şeyxülislam demişdir ki, cari ildə Bakıda dünya dini liderlərinin sammiti keçirilmişdir. Sammitdə 30-dan çox ölkənin, bir sıra beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişlər. Bu, Azərbaycan dövlətinin mənəviyyat və din sahəsində həyata keçirdiyi siyasətə verilən qiymətin bariz nümunəsidir.

Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən A.Paşazadə ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Mərakeş Krallığına təşəkkürünü bildirmişdir.

Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi tarix boyu islam mədəniyyətinə, sivilizasiyasına verdiyi töhfələrə görə Azərbaycan xalqına öz təşəkkürünü bildirmişdir. O demişdir ki, ölkəniz dinə yüksək qiymət verir. Təzəpir məscid kompleksi bunun bariz nümunəsidir. Azərbaycanın keçdiyi məşəqqətli tarixi yolu da gözəl bilirik. Ölkəniz tarix boyu öz dinini, adət-ənənələrini qorumaq üçün çox böyük məhrumiyyətlərə düçar olmuşdur. Azərbaycan tolerant ölkədir.

Abdelvahed Radi diqqətə çatdırmışdır ki, Mərakeşdə Azərbaycanın Dağlıq Qarabağ problemini yaxşı başa düşürlər. Çünki bizim də ərazi bütövlüyümüz pozulmuşdur. Mərakeş Krallığı bu problemlə bağlı rəsmi Bakının nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirir.

Qonaq Mərakeş Krallığının Azərbaycan ilə siyasət, iqtisadiyyat, din və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu da qeyd etmişdir.

Sonda qonağa xatirə hədiyyələri təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 3.