Azərbaycan-İtaliya münasibətləri
sürətlə inkişaf edir
Sentyabrın 24-də İtaliya Respublikası Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisində olmuşdur. Nümayəndə heyəti ilə görüşən Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli ölkələrimiz arasında münasibətlərin qədim tarixə malik olduğunu bildirdi. Onun sözlərinə görə, Bakı ətrafında yerləşən Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı qayalardakı Roma yazısı imperator Domissianın dövründə 12-ci Roma Legionunun burada olduğunu göstərir.
Azər Kərimli keçmiş SSRİ dövründə İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, ölkəmizin bir sıra opera müğənnilərinin Milan şəhərində təhsil aldığını qeyd etdi. Bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında münasibətlər çoxşaxəli xarakter daşıyaraq daha geniş sahələri əhatə etməyə başlayıb. 1997-ci ildə ulu öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfər etdiyini xatırladan Azər Kərimli həmin səfər çərçivəsində bir sıra mühüm dövlətlərarası sənədlərin imzalandığını və bunun münasibətlərin inkişafına vacib töhfə verdiyini bildirdi. Prezident İlham Əliyevin 2005-ci və 2008-ci illərdə İtaliyaya rəsmi səfərləri isə qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə rəvac verib.
Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun bir neçə dəfə İtaliyada səfərdə olduğunu bildirən Azər Kərimli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı İtaliyanın tutduğu obyektiv mövqeyə görə də təşəkkürünü bildirdi. Qeyd etdi ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Səmimi görüşə görə təşəkkürünü
bildirən xanım Rossana Boldi
ölkələrarası münasibətlərin
inkişafında parlamentlərin də özünəməxsus
rol oynadığını
vurğuladı. Dağlıq Qarabağ
münaqişəsinə toxunan qonaq İtaliyanın bu problemin sülh yolu ilə həllində maraqlı olduğunu qeyd etdi.
***
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İtaliya parlament nümayəndə heyəti ilə görüşündə Azərbaycanla bu ölkənin mövcud əlaqələrinin inkişaf səviyyəsinin yüksək olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda İtaliya Azərbaycanın ən mühüm xarici ticarət tərəfdaşlarından biridir və ölkələrimiz arasında möhkəm özüllərə söykənən iqtisadi əməkdaşlıq qurulub. Səməd Seyidov iqtisadi sahə ilə yanaşı, təhsil, mədəniyyət və digər sferalarda da qarşılıqlı münasibətlərin sürətlə inkişaf etməkdə olduğunu söylədi. Qeyd etdi ki, bu yaxınlarda Azərbaycan Dillər Universitetində İtaliya dili və mədəniyyəti bölməsi açılıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri siyasi müstəvidə də İtaliyanın hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı. Buna konkret misal kimi, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar həm İtaliya hökumətinin, həm də parlamentinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini göstərdi.
Xanım Rossana Boldi Azərbaycanda olmaqdan məmnunluq duyduğunu ifadə edərək ölkəmizdə sosial-iqtisadi sahədə sürətli inkişafın yaşanmasının fərəhləndirici olduğunu bildirdi. O, İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağ münaqişəsinin həllinin Cənubi Qafqazın inkişafına böyük töhfə verəcəyini qeyd etdi.
Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 3.