Vyanada BAEA-nın Baş
Konfransının 54-cü sessiyası keçirilmişdir
Sentyabrın 20-dən 24-dək Vyana Beynəlxalq Mərkəzində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının 54-cü sessiyası keçirilmişdir. Sessiyada təşkilata üzv olan 151 dövlətdən 1400-dən artıq nümayəndə iştirak etmişdir. Tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
İllik konfransda ötənilki fəaliyyətə dair yekun hesabat və gələn ilki tədbirlər planı müzakirə olunmuş, nüvə və radioloji terrorizmə qarşı tədbirlər, nüvə təhlükəsizliyi və agentliyin texniki əməkdaşlıq fəaliyyətinə dair məsələlərdən bəhs edilmişdir.
Akademik Mahmud Kərimov konfransda məruzə ilə çıxış etmiş, Azərbaycanın 2001-ci ildə BAEA-ya üzv seçiləndən sonra bu təşkilatla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hazırda Azərbaycan 32 milli və regional, eləcə də 2 regionlararası proqramda BAEA ilə uğurlu əməkdaşlıq edir.
Məruzədə qeyd olunmuşdur ki, bəşəriyyətin inkişafı və iqtisadiyyatın davamlı yüksəlişi üçün energetika məsələləri getdikcə aktuallığını artırır. Lakin dünyanın münaqişələr olan bölgələrində dinc yaşayış, eləcə də davamlı inkişaf təhlükə altında qalır. Belə münaqişə bölgələrindən biri - Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan əraziləri hazırda nəzarətsiz zonaya çevrilmişdir, orada nə Azərbaycan hökumətinin, nə də beynəlxalq qurumların hansısa nəzarət funksiyasını yerinə yetirmək imkanı yoxdur. Hər cür qanunsuz fəaliyyətə yol açan bu cür nəzarətsiz ərazilər radioaktiv və nüvə materiallarının qanunsuz dövriyyəsi, nəqli, saxlanması və istifadəsi, eyni zamanda, həmin materiallardan yararlanmaqla terrorizm fəaliyyəti üçün əlverişli imkanlar yaradır.
Bildirilmişdir ki, ölkənin enerjiyə tələbatını təmin etmək üçün Ermənistanın nüvə energetikasını inkişaf etdirmək istiqamətində fəaliyyəti başadüşüləndir. Lakin Ermənistan qonşu dövlətin ərazilərini işğal altında saxlayır və BMT-nin məlum qətnamələrinə məhəl qoymur. Buna görə də Ermənistan dövləti beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə öz işğalçı planlarından geri çəkilməyincə, onun nüvə energetikası ilə bağlı agentlik qarşısında götürdüyü istənilən öhdəlik və zəmanət qəbul edilə bilməz.
Baş Konfransda BAEA-nın Qubernatorlar Şurasına 2010-2012-ci illəri əhatə edən dövr üçün yeni üzv dövlətlər seçilmişdir. Qeyd edək ki, 35 üzvdən ibarət Qubernatorlar Şurasının 2010-2011-ci illəri əhatə edən fəaliyyət müddətində üzvləri sırasında Azərbaycan da vardır.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.- 2010.-25
sentyabr.- S. 4.