Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi"
partiturasının təqdimatı olmuşdur
Sentyabrın 24-də Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində bəstəkarın "Ləzgi rəqsi"nin ilk nəşrinin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanda ilk dəfə olaraq professional və milli musiqimizin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi"nin (1932) partiturasını nəşr etdirmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Ü.Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində bir sıra tədbirlərin keçirildiyini qeyd etmişdir. Ü.Hacıbəylinin naməlum əsərlərinin muzey tərəfindən aşkar edildiyini söyləyən S.Məmmədəliyeva muzeyin kollektivinə təşəkkürünü bildirmişdir.
Muzeyin direktoru Alla Bayramova bildirmişdir ki, dahi bəstəkarın "Ləzgi rəqsi"nin Azərbaycan xalq çalğı alətləri (tar, kamança, balaban və dəf) üçün partiturası 1932-ci ildə yazılmışdır.
Həmin dövrdə bəstəkar xüsusi olaraq yeni təşkil olunmuş ilk notlu xalq çalğı alətləri orkestri üçün "Çahargah" və "Şur" ladlarında fantaziyalar yazmışdır. Muzeyə bu əlyazma dirijor Əşrəf Həsənovun arxivindən daxil olmuşdur. Güman edilir ki, əlyazmanı ona Ü.Hacıbəyli özü vermişdir.
1940-cı illərdə Üzeyir bəy bu musiqini fortepiano üçün işləmişdir. Ü.Hacıbəylinin 1943-cü ildə yazdığı "Ləzginka-sonatina" bəstəkarın ev-muzeyində saxlanılır.
"Ləzgi rəqsi"nin müəllifin sağlığında ifa edildiyi məlum olmasa da, 71 ildən sonra 2003-cü ildə Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Sirlər və kəşflər" tədbirində muzeyin təşəbbüsü ilə Gülağa Zeynalovun rəhbərliyi altında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin ifasında səslənmişdir.
Tədbirdə muzeyin hazırladığı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd-şou nümayiş etdirilmişdir.
Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti xalq çalğı alətləri orkestrinin (bədii rəhbər və dirijor Gülağa Zeynalov) ifasında Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi", "Koroğlu" operasından uvertüra, "Sevgili canan" romansı,"Arşın mal alan" operettasından Vəli və Tellinin dueti və "Qaragöz", həmçinin Müslüm Maqomayevin "Radio-marş", "Şah İsmayıl" operasından "Müqəddimə" səslənmişdir. "Günay" uşaq teatrı "Arşın mal alan" musiqili komediyasından parçalar ifa etmişdir.
Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 7.