"Koroğlu"
operası - qəhrəmanlıq rəmzi
Üzeyir bəy "Leyli və Məcnun"dan sonra "Şeyx Sənan" operasını tamamlayıb 1909-cu ildə tamaşaya qoymyşdu. O, bu operada ifaçıların improvizasiyası üçün yer qoymamışdı. Məqsədi azərbaycanlı dinləyicilərdə ənənəvi opera formalarına maraq oyatmaq idi. Lakin son dərəcə kəskin dönüş edilməsi, xalqın yaxşı başa düşdüyü və ona yaxın olan musiqi improvizasiyası üsullarından bütünlüklə imtina edilməsi, eyni zamanda bəstəkarın və ilk ifaçıların texniki natamamlığı tamaşanın uğursuzluğuna səbəb oldu.
Elə ilk tamaşadan sonra opera səhnədən çıxarıldı və Üzeyir bəy operanın not yazılarını cırıb atdı. Professor Ramazan Xəlilov bu barədə söz düşəndə deyirdi: "Üzeyir bəy hər il Tiflisin yaxınlığındakı "Koroğlu dağı" deyilən səfalı yerdə dincəlməyi xoşlayırdı. Mən də çox vaxt yanında olurdum. Bir dəfə ondan soruşdum: "Şeyx Sənan"ı cırıb atanda heyfin gəlmədi? Dedi ki, operanı kağızlarda ləğv etdim, başımdan ki çıxarmadım. Vaxtı çatanda istifadə edəcəyəm. Sonralar belə də oldu. "Şeyx Sənan" operasının musiqi materiallarından "Koroğlu" operasını yazarkən istifadə etdi.
Üzeyir bəy "Koroğlu" operası haqqında" məqaləsində yazmışdır: "Koroğlu" operasını yazmamışdan 20 il əvvəl xalq musiqisinin əsaslarını və köklərini öyrənmək işinə başlamışdım. Bu sahədə hazırladığım bir çox məruzələr ətrafında musiqi həvəskarlarının mübahisə və müzakirələrini izləyirdim. Bu yol ilə el musiqisini nə qədər dərindən öyrəndiyimi sınayırdım, digər tərəfdən, bəstəkara məxsus sənətkarlıq texnikasındakı hiss etdiyim nöqsanların ləğvinə çalışırdım. Opera yazmaq sənətinin hər bir cəhətini ətraflı öyrənirdim. Bütün bunların yekununda 1932-ci ildə "Koroğlu" operasını yazmaq üçün özümdə hazırlıq hiss edərək cəsarətlə işə başladım. Burada qarşımda duran əsas məqsəd yazacağım operanın Azərbaycan xalqının, eyni zamanda bütün digər xalqların asanlıqla dərk edə biləcəyi bir əsər alınması idi. Başqa operalarda olduğu kimi, "Koroğlu"da da opera elementlərinin - ariyaların, duetlərin, trioların və başqa leytmotivlərin olması tələb olunurdu. Bu qaydalar formasını da Azərbaycan muğamları üzərində qurmaq lazım gəlirdi".
Opera musiqisinin inandırıcılığını göstərən və eşidənləri kifayətləndirən cəhət burasıdır ki, musiqinin istər oxunan, istərsə də çalınan cəhəti həm şəxslərin surətinə və həm də təsvir ediləcək situasiyalara uyğun gəlir.
Koroğlunu bir aşıq kimi oxutmaq üçün bəstəkar onun musiqisini yalnız aşıq musiqisi üzərində qurmalı idi. Bu, elə olmalıydı ki, səhnədə iştirak edənlərdən başqa, tamaşaçı da onun aşıq olduğunu hiss etsin. Yoxsa, Üzeyir bəyin sözləri ilə desək, başqa yabançı ştrixlər operaya qulaq asanların təəssüratını azdırar və onları inandırmazdı.
Bəstəkar operanın musiqisinə aid bu məsələlərə bütün incəliklərinə qədər diqqət yetirərək yazdıqlarını əvvəlcə özünütənqid yolu ilə nəzərdən keçirirdi. Buna görə də operanın başa çatdırılmasına dörd il vaxt sərf edilmişdi. Milli el musiqisi üzərində qurulan bu böyük formalı musiqi əsərinin Azərbaycan musiqisinin tərəqqisi yolunda nə kimi xidmət edəcəyini də ön plana çəkmişdi.
Üzeyir bəyin xidməti onda idi ki, Azərbaycan opera incəsənətini klassik ənənələrə yaxınlaşdırmaqla onu hazır opera üsullarına tabe etməmiş, həmin ənənələri özünün doğma xalq incəsənətinin əsasları ilə əlaqələndirməyi bacarmışdı. Xalq auditoriyasının tələblərinə diqqət yetirməsi və qayğı göstərməsi sayəsində tətbiq etdiyi yeniliklər Azərbaycanın bütün musiqi incəsənətinə böyük təsir göstərmişdir.
"Koroğlu" ilk növbədə xalqın azadlıq mübarizəsi barədə operadır. Ona görə də operanın kollektiv qəhrəmanı olan xalqın obrazını tam dolğunluğu ilə göstərməklə kütləvi xor səhnələri və ansamblları tamaşada böyük yer tutur. Qisas xoru və üsyana qalxmış xalqın obrazını canlandıran Çənlibel xoru buna misal göstərilə bilər. Çoxsəsliliyi bəstəkar məhz bu xorda tətbiq etmişdir. Belə bir fikir vardı ki, öz təbiəti etibarilə birsəsli olan Azərbaycan musiqisinə harmoniya tətbiq edilsə, onun bütün lad xüsusiyyətləri sıfıra enər. Üzeyir bəy bu fikrə öz münasibətini belə bildirmişdi: "Azərbaycan xalq melodiyasına bacarıqsızlıqla tətbiq edilən harmoniya onun xarakterini dəyişə və hətta bayağılaşdıra bilər. Lakin bu o demək deyildir ki, Azərbaycan musiqisi əsrlər boyu birsəsli qalmalıdır. Azərbaycan ladlarının nizamlı sistemi və düşünülərəkdən melodiyaların yaradılmasının ciddi qanunları çoxsəsliliyin tətbiqinə əngəl törətmir, əksinə, Azərbaycan xalq musiqisinin canlı və uzun həyat qabiliyyətli ladlarına söykənən iri çoxsəsli formaların yaradılması üçün möhkəm özül olmaq iqtidarındadır".
Üzeyir bəy "Koroğlu" operasını 1932-ci ildə yazmağa başlamış, 1936-cı ildə bitirmişdi. "Koroğlu"nun yaranması Azərbaycan operasının inkişafında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Üzeyir Hacıbəyli "Koroğlu" operasının qəlbləri vəcdə gətirən möhtəşəm uvertürasını isə bir müddət sonra -1938-ci ildə Moskvada keçirilən mədəniyyət ongünlüyü ərəfəsində yazmışdır.
Prezident İlham Əliyevin sərəncamı ilə Üzeyir bəyin anadan olmasının 125-ci ildönümü Bakının Heydər Əliyev Sarayında böyük təntənə ilə keçirildi. "Koroğlu" operasının bu il sentyabrın 19-da Azərbaycanın Milli Akademik Opera və Balet Teatrında tamaşası teatrın 102-ci mövsümündə əlamətdar hadisə kimi yaddaşlarda qaldı. Üzeyir bəy musiqisinin aludəçiləri bu böyük sənət əsərinin seyrinə dalmaq və cazibədar musiqisini neçənci dəfə maraqla dinləmək üçün teatrın salonuna toplaşmışdılar. Bütün yerlər tutulmuşdu. Salonda bayram ab-havası hökm sürürdü. Respublikanın xalq artisti, teatrın baş dirijoru professor Cavanşir Cəfərovun dirijor çubuğunun işarəsi ilə orkestr operanın uvertürasını məharətlə çaldı. Tamaşaçılar operada baş verən hadisələri böüyk maraqla izlədilər.
Respublikanın əməkdar artisti tenor Həsən Enaminin Koroğlu rolunda çıxışı tamaşaçıları məmnun qoydu. Onlar çoxdan idi ki, Koroğlu - Rövşən yaşında gənc ifaçı görməyin həsrətində idilər. Həsən səhnədə Koroğlu obrazının yaxşı yaradıcısı kimi özünü göstərə bildi və tamaşaçıları razı saldı. Koroğlu partiyasının hər tenora müyəssər olmayan ifası ilə tamaşaçılara gözəl anlar bəxş etdı. Dahi Üzeyir bəy öz operasındakı personajların oxumaq materialını çox bacarıqla seçməklə bütün ifaçılara rahat oxumaq imkanı yaradıb. Bu isə o deməkdir ki, təki ifaçının böyük diapazonlu boğaz xırdalıqları ilə zəngin səsi olsun və vokal çətinliklərinin öhdəsndən gələ bilsin.
Yaxşı yadımdadır, Koroğlunun Çənlibel səhnəsində sevgilisi Nigara olan incə hisslərini və eyni zamanda, qaniçən xana qarşı kininin ifadəsi olan ariyasının ifası zamanı aparıcı tenorun yuxarı si-bemol notunda ilişməməsi və bunu dinləyicilərin hiss etməməsi üçün orkestr həmin yerdə gurultu qopararaq ifaçının səsini boğurdu və elə çıxırdı ki, Koroğlu ifaçısı həmin zil notun öhdəsindən gələ bilib.
Mərhum Lütfiyar İmanovun ifaçılığı dövründə yuxarı notların götürülə bilməsi problemi həll edilmişdi. Yeri gəlmişkən qeyd edək ki, Lütfiyar İmanov "Koroğlu" tamaşasının hətta repertuardan çıxarıla bilməsi təhlükəsini aradan qaldırmışdı. Onun geniş diapazonlu səsi "Koroğlu" tamaşasının həmişə uğurla oynanılmasının qarantı olmuşdu.
Lütfiyar İmanov 73 yaşında da səhnəyə çıxıb Koroğlu partiyasını təəccüb doğuracaq dərəcədə yaxşı oxumuşdu. O, Koroğlu partiyasının fanatı idi. Buna görə də özünü "Koroğlunun dəlilərindən biri" adlandırırdı. Operanın beşdən artıq yerində Yuxarı "do" notunun olması kəmsəs ifaçılar üçün problem yaradırdı. Operasevərlər isə heç vaxt narahatlıqlarını büruzə verməkdən çəkinmirdilər. Onlar Koroğlunun Üzeyir bəyin ruhuna layiq tərzdə oynanılmasını istəyirdilər. Nəhayət ki, opera teatrının rəhbərliyinin, xüsusilə də həssas musiqiçi Akif Məlikovun təşəbbüsü ilə teatra cəlb olunan gənclər - Ülvi Qılınc, Samir Cəfərov, Həsən Enami Koroğlu partiyasının layiqli ifaçıları olmaq yolunda uğurlu addımlar atmağa başladılar. Sentyabrın 19-da opera teatrında 102-ci mövsümün açılışı və Üzeyir bəyin anadan olmasının 125-ci ildönümü günündə verilən "Koroğlu" tamaşasında Həsən Enami Koroğlu obrazını həm el qəhrəmanı, həm də aşıq kimi uğurla yaratdı. Onun ifasında ariyalar və duetlər ürəyəyatımlı səsləndi. Tamaşaçılar Koroğlu partiyasının yetkin ifaçısını gördülər və bu, hamıda xoş təəssürat yaratdı. Tamaşanın ən çətin yeri sayılan xan və əyanlarla görüş səhnəsində Həsən özünün aşıq oyunu ilə - aşıq kimi oxuması və rəqs etməsi ilə tamaşaçıları məmnun qoydu. O, rejissor mizanlarının öhdəsindən də qənaətbəxş gəldi.
Əsərin baş qadın qəhrəmanı Nigar partiyasının ifaçısı İlahə Əfəndiyeva da parlaq ifası ilə yadda qaldı. İlahənin gözəl tembrli və geniş diapazonlu lirik-dramatik soprano səsi var. O, səsinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək ariyaları yetkin sənətkar kimi oxumaqla tamaşaçılara xoş anlar bəxş etdi. Onun səsi bütün registrlərdə normal eşidilirdi. İlahə-Nigar sevgilisi Rövşənin yolunda canından keçməyə, zülmkar xana qalib gəlməyə həmişə hazır şəxs kimi yaddaşlara həkk olundu. İlahə Əfəndiyeva digər operalarda da baş rolları müvəffəqiyyətlə ifa edir. Onun böyük italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasında Violetta, "Riqoletto" operasında Cilda partiyaları və s. həmişə uğurlu sonluqla başa çatır. İlahə vokal çətinliklərindən qorxmur, səsinin nəyə qadir olduğunu nümayiş etdirə bilir. İlahə "Koroğlu"nun bu tamaşasında da özünü yetkinləşməkdə olan sənətkar kimi göstərdi.
Əliəhməd İbrahimovun Təlxək rolunda çıxışı xoş təsir bağışladı. O, sələflərinin oyunlarını yamsılamadı, təlxəyə yaraşan özünəməxsus cizgilər yaratdı.
Möhtəşəm bariton səsli Şahlar Quliyev, həmişəki kimi, orijinal oyun üsuluna sadiq qalaraq zülmkar Həsən xanın cizgilərini onun məşhur ariyasını ustalıqla oxumaqla tamaşaçılara çatdırdı.
Nizami Bağırov Ehsan paşa rolunda öz vokal xüsusiyyətlərini zəngin səs çalarları ilə nümayiş etdirdi.
Teatrın simfonik orkestri bütün musiqi nömrələrini rəvan və orijinalda olduğu kimi səsləndirdi. Teatrın xoru heç bir falşa yol vermədən oxudu. Xanəndə Səbinə Əsədovanın ifası həm oxu tərzi, həm də artistlik qabiliyyəti ilə yaxşı ovqat yaratdı.
Beləliklə, qəhrəmanlıq rəmzi olan "Koroğlu" operasının tamaşası böyük uğurla sona yetdi.
Arif HÜSEYNOV
Azərbaycan.- 2010.-25
sentyabr.- S. 7.