Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir

 

Prezident İlham Əliyevlə ABŞ Prezidenti Barak Obama arasında Nyu-Yorkda keçirilmiş görüş qarşılıqlı əlaqələrin inkişafına yeni töhfələr verir

 

Coğrafi ölçüləri baxımından Cənubi Qafqaz elə böyük ərazi sayılmasa da, dünyanın siyasi xəritəsində bu regionun əhəmiyyəti, xüsusi çəkisi kifayət qədər böyükdür. Məhz bu səbəbdəndir ki, sözügedən region daim beynəlxalq diqqət mərkəzində olub, dünyanın siyasi nizamının müəyyən edilməsində aparıcı rola malik dövlət və təşkilatlar Cənubi Qafqaza hər zaman xüsusi həssaslıqla yanaşıblar. Regionun iqtisadi, siyasi mənzərəsinin müəyyən olunmasında, hadisələrin inkişaf axarının yönləndirilməsində hər zaman əsas söz sahibi kimi Cənubi Qafqazın lider dövləti statusunu daşıyan Azərbaycan çıxış edib. Danılmaz həqiqətdir ki, Azərbaycanın iştirak və razılığı olmadan burada hər hansı yeni regional layihələrin həyata keçirilməsi, proseslərin ümumi iştirakçılarının müəyyənləşdirilməsi mümkünsüzdür.

 

Beynəlxalq miqyasda və kifayət qədər yüksək səviyyədə də hər zaman açıq etiraf olunur ki, Azərbaycan olduqca böyük uğurlara imza atan dövlətdir və mövcud olduğu regionun inkişafına mühüm töhfələr verir. Ölkəmizin dinamik inkişaf yolunda müvəfəqqiyyətlə irəliləməsinin ən önəmli səbəblərindən birinin isə Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri, eləcə də iqtidarxalq arasında yaranan möhkəm birliklə əlaqəli olması dünya səviyyəsində qəbul olunmuş reallıqdır. Bu mənada sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın səsləndirdiyi fikirlər xüsusi maraq doğurur. Həmin görüşdə cənab Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, sözügedən görüş Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsinin daha bir real təsdiqi oldu. Bu mənada ölkələr arasında əlaqələrin yüksək səviyyəli inkişafı təbii olaraq iki dövlət başçısı tərəfindən də böyük məmnunluqla qarşılanır və bu, prezidentlərin görüşündə bir daha ifadə edilib. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, təhlükəsizlik sahələrində əlaqələrimizin regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edilib. Ümumiyyətlə, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminatına verdiyi töhfənin daim artmas, karbohidrogen ehtiyatları ilə zəngin olan Mərkəzi Asiyaya Qərbdən açılan əsas qapı olması, etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut etməsi və bu qəbildən olan digər amillər ölkəmizlə ABŞ-ın, eləcə də digər dünya dövlətlərinin genişmiqyaslı əməkdaşlığının əsasında duran önəmli faktorlardandır.

Energetika sahəsində ABŞ-la Azərbaycan arasında uzun illərdir ki, səmərəli əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər ABŞ-ın böyük enerji şirkətlərinin Azərbaycana, eləcə də ilk dəfə olaraq Xəzər hövzəsinə gəlişini, burada təhlükəsiz şəraitdə fəaliyyətlərini təmin etmişdir. 1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi"ndə də ABŞ şirkətləri önəmli paya malik olublar. ABŞ-la Azərbaycan arasında enerji sferasında qarşılıqlı əlaqələr daha da möhkəmlənir, artıq reallığa çevrilən və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan yeni transmilli layihələr hesabına bir qədər də dərinləşir. Bu, həm də Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə xüsusi töhfə verən bir dövlət kimi çıxış etməsini əyani olaraq təsdiq edir. Enerji sahəsində ABŞ həm də Azərbaycanı "Cənub dəhlizi"nin inkişafında lider dövlət olaraq qəbul edir. Cari ilin iyun ayında ABŞ müdafiə naziri Robert Qeytsin Azərbaycana səfəri zamanı onun vasitəsilə Barak Obamanın Prezident İlham Əliyevə ünvanlandığı məktubda bu məqam öz əksini aydın tapmışdı: "Enerji sahəsində "Cənub dəhlizi"nin inkişafında Azərbaycanın liderliyi, həmçinin regionun çiçəklənməsini gücləndirdi və qlobal enerji təhlükəsizliyini möhkəmləndirdi".

Məlumdur ki, ABŞ-ın yeni Qafqaz siyasətində prioritet ölkə kimi məhz Azərbaycan qəbul olunur və ölkəmizlə mövcud əməkdaşlığın daha da dərinləşməsinə Ev rəhbərliyi xüsusi önəm verir. Bu xüsusda o da qeyd olunmalıdır ki, Prezident Barak Obama müəyyən fasilədən sonra ölkəsinin Azərbaycanda diplomatik elçisi postuna regiona, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə kifayət qədər yaxşı bələd olan bir şəxsi - Mətyu Brayzənin namizədliyini irəli sürüb. Artıq erməni lobbisinin ciddi müqavimətinə baxmayaraq, cənab Brayzənin namizədliyi ABŞ Senatının Xarici Əlaqələr Komitəsində təsdiq olunub. Cənab Brayzənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir şəxs olması isə erməni lobbisinin onun səfir təyinatına qarşı artıq səmərəsiz olan müqavimət kampaniyasını hələ də davam etdirməsinə səbəb olub. Halbuki ABŞ istənilən halda Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində görür.

Prezident İlham Əliyevlə amerikalı həmkarı Barak Obama arasında Nyu-Yorkda baş tutan görüşdə bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Bildirilib ki, bu münaqişənin tezliklə nizama salınması regionda sülhünsabitliyin təmin edilməsi baxımından zəruri əhəmiyyətə malikdir. Görüşdə Prezident İlham Əliyev münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesinə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin ABŞ üçün prioritet məsələlərdən biri olmasını isə cənab Barak Obama cari ilin iyununda Prezident İlham Əliyevə göndərdiyi məktubunda xüsusi olaraq qeyd etmişdi. Bununla bağlı ABŞ Prezidenti yazırdı: "Mən, eyni zamanda, inanıram ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik üçün zəruridir və bu nəticənin əldə edilməsinə dəstək Birləşmiş Ştatlar üçün prioritet olacaqdır".

ABŞ və Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlığın qurulduğu mühüm sahələrdən biri də beynəlxalq terrora qarşı birgə aparılan mübarizədir. Nyu-Yorkda dövlət başçılarının görüşü zamanı da ölkələrimizin beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyətinə toxunulub və Azərbaycanın bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib. Danılmaz həqiqətdir ki, Əfqanıstanda, İraqda sülhməramlı əməliyyatın həyata keçirilməsində Azərbaycan müstəsna əhəmiyyətə malik ölkə kimi çıxış edir. Xüsusən də Əfqanıstana mülki təyinatlı məhsullar, eləcə də yanacaq, subaşqa materialların göndərilməsində Birləşmiş Ştatlar Azərbaycanın dəmir yollarından, limanlarından və hava məkanından istifadə edir. Xatırladaq ki, Robert Qeytsin Azərbaycana səfəri zamanı Pentaqonun yaydığı məlumatda bununla bağlı maraqlı faktlara toxunulmuşdubildirilirdi ki, Əfqanıstanda koalisiyanın bütün təchizatının 25 faizi Azərbaycanın payına düşür. 2001-ci ildən başlayaraq bu marşrut üzrə Əfqanıstana on minlərlə uçuş həyata keçirilib: "Azərbaycan hərbçiləri Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələrinin (İSAF) tərkib hissəsidir. Ölkənin özü isə İSAF və Əfqanıstan qüvvələrini təchiz edən havayerüstü şəbəkədə mühüm rol oynayır". Robert Qeyts özü isə bununla bağlı qeyd edirdi: "Rusiya və Qırğızıstan kimi Azərbaycanın havayerüstü nəqliyyat yollarından istifadə olunması Amerika üçün çox vacibdir. Bu, maya dəyəri baxımından koalisiya qüvvələri və Əfqanıstan üçün ən effektiv təchizat marşrutudur".

Bütün bunlar Azərbaycan və ABŞ arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu təsdiqləyir. Belə vəziyyət isə hər iki ölkənin birgə maraqlarına cavab verir, onlar arasında tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 1.