Amerika Azərbaycanlıları Şəbəkəsi
ABŞ senatoruna məktub göndərmişdir
ABŞ-ın Kolorado ştatından olan senator Maykl Bennet Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) üzvlərindən birinə məktub göndərmişdir. USAN-nın idarə heyəti həmin məktuba cavab yazmışdır.
Cavab məktubunda M.Bennetin fikirləri ilə bağlı narahatlıq ifadə olunur. Bildirilir ki, bu bəyanatlar ABŞ-da yaşayan Azərbaycan icmasını təhqir etməklə yanaşı, ABŞ hökumətinin rəsmi mövqeyini təhrif edir. Məktubda qeyd edilir: "Ümidvarıq ki, siz, xüsusilə də Respublikaçılar Partiyasından olan rəqibinizə uduzmaqda olduğunuz indiki seçki ilində terrorçuluqda təqsirləndirilmiş Murad Topalyanın vaxtilə rəhbərlik etdiyi Amerika Erməni Milli Konqresi kimi xüsusi maraq qruplarının yedəyində getməzsiniz".
Məktubda daha sonra qeyd olunur: "Ehtimal ki, sizin bəyanatlarınız cənab Mətyu Brayzənin Azərbaycana səfir təyin olunması ilə bağlıdır. Çünki Amerika Erməni Milli Konqresi Brayzənin əleyhinə təbliğat kampaniyası aparır. Halbuki M.Brayzə rəsmi Vaşinqtonun mövqeyini ifadə edərək nə qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini və ya legitimliyini, nə də Ermənistanın hər hansı digər iddiasını qəbul edir".
Məktubda qeyd edilir ki, ABŞ-dakı erməni lobbisi bütün səfirlərin Ermənistandakı keçmiş səfir Con Evansa bənzəməsini arzu edirlər. Məlumdur ki, C.Evans erməni təbliğatının qurbanı olduğu üçün öz vəzifəsindən geri çağırılmışdır. Başqa sözlə, ABŞ Dövlət Departamenti cənab Evansı ABŞ-ın milli maraqlarını nəzərə almadığına, regionda ABŞ-ın müttəfiqləri olan Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe nümayiş etdirdiyinə görə vəzifəsindən kənarlaşdırılmışdır.
Məktubda bildirilir ki, senatorlar Robert Menendez və Barbara Bokserin cənab Brayzənin təyinatının əleyhinə çıxması tamamilə əsassızdır və onların diplomatın şəxsi həyatına müdaxiləsi də yolverilməzdir.
Məktubda M.Bennetə müraciətlə deyilir: "Cənab Bennet, sizin ABŞ Senatında səs vermək hüququnuz vardır. Lakin bizim - ABŞ-da yaşayan azərbaycanlılar və türklərin də bu ölkədə keçirilən seçkilərdə səs vermək hüququmuz vardır. Əmin olun ki, bizim də səsimiz eşidilir".
AzərTAc
Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 1.