Dövlət Sərhəd Xidməti
Akademiyasının kursantları vətənə və
dövlətə sədaqət andı içmişlər
Sentyabrın 25-də Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilmişdir.
Akademiyanın həyətindəki geniş meydançada kursantlar və onların valideynləri, qonaqlar toplaşmışdılar.
Akademiyanın rəisi, general-mayor Araz Məmmədov Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenat Elçin Quliyevə raport vermişdir.
Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Akademiyaya yeni qəbul olunmuş kursantlar Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, komandirlərin əmrlərini ləyaqətlə yerinə yetirəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına təntənəli surətdə and içmişlər.
Mərasimdə çıxış edən Dövlət
Sərhəd Xidmətinin rəisi, general-leytenant
Elçin Quliyev
kursantları təbrik edərək bildirmişdir
ki, 2007-ci il iyunun 12-də Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin Dövlət Sərhəd Xidməti
Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd
mühafizəsi sisteminin təkmilləşdirilməsində
mühüm rol
oynamışdır. 2008-ci il sentyabrın
14-də akademiyanın ilk kursantları Vətənə,
dövlətə sədaqət andı içərək təlim
və tədrisə başlamışlar.
Elçin Quliyev
demişdir ki, dövlət sərhədlərinin
toxunulmazlığının təminatı məsələlərinə
Prezident İlham Əliyevin ali diqqəti sayəsində
Dövlət Sərhəd Xidməti bu gün dinamik
inkişafdadır. Bu inkişafın təməlində ulu
öndərimiz Heydər Əliyevin müəyyən etdiyi
milli sərhəd siyasətinin Ali Baş Komandanın rəhbərliyi
altında ardıcıl həyata keçirilməsi durur. Hər
bir Azərbaycan sərhədçisi bu siyasətin gerçəkləşməsinin
iştirakçısı olması ilə fəxr edir və
qarşısına qoyulmuş tapşırıqları şərəflə
yerinə yetirməyə daim hazırdır.
Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 27-də "Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması Dövlət Sərhəd Xidmətində quruculuq işlərinə böyük təkan vermişdir. Dövlət sərhədlərimizin mühafizəsinə göstərilən yüksək qayğının növbəti təzahürü olan bu proqram çərçivəsində sərhəd xidmətinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, yeni sərhəd infrastrukturları yaradılmışdır.
Bu il avqustun 10-da istifadəyə verilən və açılış mərasimində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirak etdiyi akademiya binası yeni yaradılan sərhəd infrastrukturları arasında xüsusi yer tutur. Akademiyada kursantların təlim-tədrisi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün şərait yaradılmışdır.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də qazanılmış uğurlardan danışan akademiyanın rəisi, general-mayor Araz Məmmədov demişdir ki, Dövlət Sərhəd Xidmətinin ixtisaslı kadrlarla komplektləşdirilməsi, zabit və gizirlərin peşəkar hazırlığının təminatı sahəsində də önəmli işlər görülməkdədir. Rəis ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərhəd Qoşunlarının inkişafına diqqət və qayğısından da danışmışdır. Bildirmişdir ki, dövlətimizin başçısı tərəfindən qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsinə, sərhədlərimizin etibarlı mühafizəsinin təşkilinə, sərhədçilər üçün normal xidmət və məişət şəraitinin yaradılmasına, peşəkar sərhədçi kadrların hazırlanmasına xüsusi diqqət və qayğı göstərilir.
Kursantlar adından çıxış edən Emin Cabbarov çətin, lakin şərəfli sərhədçi peşəsini seçdiklərindən qürur duyduqlarını, qarşılarına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazır olduqlarını bildirmiş, Vətənə ləyaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarına söz vermişdir.
Andiçmə mərasimindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenat Elçin Quliyev akademiyanın yeməkxanasında kursantlarla birgə nahar etmişdir.
Valideyinlərlə görüşən komandan Dövlət Sərhəd Xidmətinin formalaşması və inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, Dövlət Sərhəd Xidməti Akademiyası ölkəmizdə xüsusi ixtisaslı, ali hərbi təhsilli sərhədçi zabit kadrlarının yetişdirilməsində mühüm rol oynayacaqdır. Akademiyada kursantların təlim-tədrisi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün şərait yaradılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 2.