Azərbaycan İslam
Konfransı Təşkilatının növbəti Sammitinin Bakıda keçirilməsini təklif
etmişdir
Azərbaycan 2014-cü
ildə İslam Konfransı Təşkilatının (İKT)
13-cü Sammitinin Bakıda keçirilməsini təklif
etmişdir.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu
barədə Nyu-Yorkda İKT-nin üzvü olan dövlətlərin
xarici işlər nazirlərinin illik görüşündə
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri
Elmar Məmmədyarov adından oxunan çıxışda
deyilir.
Bildirilir ki, tədbirin
Bakıda keçirilməsi Xəzər, Qara dəniz və
MDB regionlarında İKT-nin rolunu və təsirini
artıracaqdır.
E.Məmmədyarov nazirlər
səviyyəsində görüşlər də daxil olmaqla
bir sıra İKT tədbirlərinə uğurla ev sahibliyi edən
Azərbaycanın bu sahədə təcrübəsi nəzərə
alınaraq, İKT dövlətlərinin hökumətlərindən
ölkəmizin təşəbbüsünün dəstəklənməsini
xahiş etmişdir.
Çıxışda
vurğulanır ki, Azərbaycan İslam ölkələrinin
maraqlarına dəstək verən ölkə kimi, BMT-nin
Baş Məclisinin 2011-ci ildə 66-cı sessiyası
zamanı keçirilməsi nəzərdə tutulan
seçkilərdə Azərbaycanın 2012-2013-cü illər
ərzində BMT-nin Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlüyünə namizədliyinin İKT
üzvü olan dövlətlər tərəfindən dəstəklənəcəyinə
inanır.
E.Məmmədyarovun
çıxışında İslam ümməti və
İKT-nin Baş katibi Ekmaləddin İhsanoğluya Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın
ədalətli mövqeyini dəstəklədiklərinə
görə təşəkkür bildirilir. Qeyd olunur ki, Azərbaycan
münaqişənin beynəlxalq hüququn normalarına və
prinsiplərinə hörmət, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının, Avropa
İttifaqı və Avropa Parlamentinin qəbul etdiyi aidiyyəti
üzrə sənədlər və qərarlar, BMT-nin Təhlükəsizlik
Şurası və İKT-nin müvafiq qətnamələrinin
həyata keçirilməsi əsasında sülh yolu ilə
həllinə sadiq qalır.
Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 2.