Görkəmli dilçi-alim

 

XX əsrin Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, istedadlı alim, pedaqoq və elm təşkilatçısı, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov 80 il mənalı ömür sürmüşdür. Alimin Azərbaycan dili, ümumi dilçilik, onomalogiya, türk dillərinin müqayisəli tədqiqi sahəsində əldə etdiyi elmi nəticələr ona böyük şöhrət qazandırmışdır.

Akademik A.Qurbanov geniş yaradıcılıq qabiliyyətinə, zəngin erudisiyaya, dərin biliyə malik, xalqa və onun mədəniyyətinə sonsuz məhəbbət bəsləyən fədakar ziyalı, ictimai xadim, humanist insan idi. O, bütün həyatını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf etmişdir. Böyük alim elmin, təhsilin və mədəniyyətin tərəqqisinə, ana dilimizin saflığının qorunmasına çalışmışdır.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasında aspirantlıqdan Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə qədər şərəfli bir elmi tədqiqatçı yolu keçmişdir.

Görkəmli alimin elmi fəaliyyəti hələ keçmiş SSRİ dövrünün məşhur sovet dilçi alimləri akademik A.Kononov, akademik E.Teneşev, professor A.Şerbak və başqaları tərəfindən yüksək qiymətləndirilmiş və o, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin, Türk Onomastikası Bölməsi bürosunun üzvü, Tədris-Metodiki Bölməsinin sədri və sonradan həmin komitənin sədr müavini (1985-1989) vəzifələrinədək yüksəlmişdir.

A.Qurbanov 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1988-ci ildə isə ilk alim-filoloq olmuşdur ki, onun namizədliyi SSRİ EA tərəfindən Azərbaycan EA-nın həqiqi üzvlüyünə, akademik seçilməsi üçün irəli sürülmüşdür.

Afad Qurbanovun elmi fəaliyyəti AMEA ilə sıx bağlı olmuşdur. O, Azərbaycan dilçilik elminin inkişafında öz səylərini əsirgəməmiş, MEA-nın Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, Nəsimi adına Dilçilik İnstitutunun Elmi və Müdafiə şuralarının, İctimai İşlər üzrə Əlaqələndirmə Şurasının və bir çox komissiyaların üzvü olmuş, gərgin və səmərəli fəaliyyəti ilə seçilmişdir.

Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra A.Qurbanov bütün qüvvə və səylərini xalqın arzusu və istəyi olan Azərbaycan əlifbasının latın qrafikasına keçməsinə həsr etmişdir. Onun latın qrafikalı yeni əlifbaya keçid dövründə Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində (1990) əlifba islahatçısı kimi xüsusi rolu danılmazdı. Tərtib etdiyi əlifba layihəsi həm komissiya üzvləri, həm də geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Eyni zamanda, alim Azərbaycan dilinin rəsmi dövlət dili kimi qanuniləşdirilməsində və geniş istifadə olunmasının təmin edilməsində fəal rol oynayan dilçilərimizdən olmuş, dövlət dili ilə bağlı yaradılmış komissiyanın üzvü kimi Azərbaycan xalqı üçün xeyli tarixi işlər görmüşdür.

A.Qurbanovun bütün türkdilli xalqlar üçün ortaq türk əlifbasının yaradılmasında da xüsusi xidmətləri olmuş, onun təşəbbüsü və iştirakı ilə tərtib edilmiş ortaq türk əlifbası layihəsi 1993-cü ildə Türkiyədə türkdilli dövlətlərin nümayəndələrinin toplantısında qəbul edilmişdir.

Azərbaycan dilçiliyinin korifeyləri - Ə.Dəmirçizadə (fonetika, dil tarixi), M.Şirəliyev (dialektologiya), Ə.Abdullayev (sintaksis), Ə.Orucov (lüğətçilik) və başqaları ilə adı bir sırada çəkilən akademik A.Qurbanovun (ümumi dilçilik, onomastika, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlili) üstün cəhəti ondan ibarət idi ki, görkəmli alim dilçiliyin əksər sahələrini əhatə edən çoxşaxəli elmi yaradıcılığa malik olmuşdur. O, dilçi korifeylər arasında elmi əsərlərinin sayına ğörə ən məhsuldar alim idi. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, Afad Qurbanov onu araşdırmasın və münasibət bildirməsin. O, ümumi dilçilik, türkoloji dilçilik, Azərbaycan dilçiliyi elminin tədqiqatlarına dair 70-dən çox irihəcmli kitabın və 500-dən artıq elmi-metodiki məqalənin müəllifidir. A.Qurbanovun "Ümumi dilçilik" (2 cilddə), "Türkoloji dilçilik" (5 cilddə), "Müasir Azərbaycan ədəbi dili" (2 cilddə), "Azərbaycan onomalogiyasının əsasları" (2 cilddə), "Bədii mətnin linqvistik təhlili", "Azərbaycan şəxs adları ensiklopediyası", "Dünyanın dil ailələri" və digər əsərləri dilçilik elminin fundamental tədqiqatlarındandır.

Professor A.Qurbanovun elmi tədqiqatlarının əsas mövzu və istiqamətlərinə ümumi dilçilik və türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, onomastika, bədii əsərlərin dili, ali məktəb pedaqogikası və metodikası sahələri daxildir.

Ölkəmizdə ümumi dilçilik tədqiqatlarını aparan ilk alim A.Qurbanov olmuşdur. Onun "Ümumi dilçilik" adlı dərsliyi (1977, 1989, 1993, 2004, 2010) Azərbaycanın pedaqoji universitetləri üçün milli zəmində yazılmış ilk dərslikdir və bu gün də bütün dilçi alimlərin, müəllim, tələbə və aspirantların stolüstü kitabıdır. Həmin kitab Türkiyədə və Rusiyada çap olunmuşdur.

Akademikin elmi yaradıcılığında türkoloji dilçilik məsələləri xüsusi yer tutur. Azərbaycan dilçiliyində "Türkoloji dilçilik" terminini də ilk dəfə A.Qurbanov işlətmişdir. Türk dünyasının geniş və dərindən tədqiqata cəlb olunması müasir elmin ən aktual problemlərindəndir və professor bu problemlər ətrafında düşünmüş, onun gərgin axtarışları və tədqiqatları nəticəsində "Türkoloji dilçilik" kitabı 1993-cü ildə nəşr edilmişdir.

Alim "Müasir Azərbaycan ədəbi dili" adlı dərsliyi ilə (1968, 1985, 2003, 2010) Azərbaycan dilçiliyinə yeni ruhda bir əsər gətirmişdir. Bu, respublikada uzun illər istifadə edilən yeganə dərslikdir ki, ali pedaqoji məktəblərin filologiya və digər fakültələrində geniş tədris olunan kitaba çevrilmişdir. Həmin əsərdən xarici dövlətlərin də dilçi alimləri istinad mənbəyi kimi faydalanırlar.

Azərbaycanın dilçilik tarixində elmi məktəb yaratmış az sayda alimlərimiz mövcuddur. XX əsrin ikinci yarısı ölkəmizdə dilçiliyin inkişafında xüsusi mərhələ hesab oluna bilər və bu mərhələdə Azərbaycan dili onomalogiyasının müstəqil bir nəzəri dilçilik şöbəsinin elmi məktəb kimi formalaşması bilavasitə professor A.Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin bu sahədəki ən böyük müvəffəqiyyəti 1988-ci ildə "Azərbaycan onomalogiyasının əsasları" (2 cilddə) adlı monoqrafiyasının nəşri oldu. Bu əsər həm Azərbaycan, həm də türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik tədqiqinə həsr edilmişdir. Professor A.Qurbanov əsərində fundamental onomastik təlimin nəzəri əsasını yaratmışdır. Həmin kitab Türkiyədə və Rusiyada çap olunmuşdur. Bundan əlavə, A.Qurbanovun onomastika sahəsi ilə bağlı 100-ə qədər məqaləsi, onlarla kitabı çapdan çıxmışdır. Onun təşəbbüsü ilə hər il ardıcıl olaraq Azərbaycanın və müxtəlif ölkələrin tədqiqatçı alimlərinin iştirakı ilə genişmiqyaslı onomastika tədqiqatlarına dair elmi konfranslar keçirilmişdir.

Dil tarixinin tədqiqində bədii əsərlərin dilinin öyrənilməsinin xüsusi əhəmiyyəti var. Akademikin yaradıcılığında bu məsələlər xüsusi yer tutur. O, elmi fəaliyyətə başladığı ilk illərdən S.Vurğunun dramaturgiyasının dili üzərində araşdırmalar aparmış, bununla bərabər bir çox klassik Azərbaycan sənətkarlarının da bədii dilini tədqiq etmişdir. Bu sahədə ali məktəb üçün "Bədii mətnin linqvistik təhlili" fənninə dair proqram və ilk dərsliyi o, hazırlamışdır.

Professor A.Qurbanovun elmi yaradıcılığının mühüm bir hissəsini ali məktəb pedaqogikası və metodikası təşkil edir. Onun bir müddət orta məktəbdə, uzun müddət isə ali məktəbdə çalışması fəaliyyətində xüsusi bir iz qoymuşdur. Alimin nəşr etdirdiyi "Dilçilikdən kurs və diplom işləri" (1985), "Məktəb islahatı və pedaqoji təhsil problemləri" (1985), "Kurator və tələbə" (1989) adlı kitabları müəllimlər üçün faydalı vəsaitlərə çevrilmişdir. O, ilk dəfə olaraq respublikanın ali məktəblərində keçilən dilçilik fənlərini qruplaşdırmış və onların tədrisində bir sistem yaratmağa nail olmuşdur.

Hər bir elm xadiminin fəaliyyətinin bir hissəsini çalışdığı sahə üzrə elmi kadrlar yetişdirmək təşkil edir. A.Qurbanov güclü bir ziyalı mühiti yarada bilmişdir. Bu da onun işgüzarlığından, təşkilatçılıq bacarığından, istedadının sonsuzluğundan irəli gəlirdi. Onun yetirdiyi çoxlu elmi və pedaqoji kadrlar var. A.Qurbanov minlərlə filoloq-müəllim, 60-dan çox elmlər namizədi və elmlər doktoru hazırlamışdır. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, Afad müəllimin orada tələbəsi olmasın, onun yazdığı elmi kitablardan və dərsliklərdən bəhrələnməsin.

Görkəmli alim A.Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasını beynəlxalq elmi məclislərdə, konfranslarda və simpoziumlarda layiqincə təmsil edərək dəyərli məruzələrlə çıxış etmişdir.

Dünya şöhrətli akademik şərəfli bir ömür yaşamış, Azərbaycan elminə böyük töhfələr vermiş, adını xalqın tarixinə yazmış və bütün fəaliyyəti ilə nümunəyə çevrilərək böyük xalq sevgisinə sahib çıxmışdır.

Unudulmaz alim, gözəl insan, şəxsiyyətinə daim hörmətlə yanaşdığımız Afad Qurbanovun əziz xatirəsi yetirdiyi minlərlə elmi kadrın qəlbində və xalqın xatirəsində əbədi yaşayacaqdır.

 

 

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər Akademiyasının

prezidenti, akademik

 

Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 4.