Vyanada "Şuşanın dağları"
Bu ölkədə keçirilən
konsert hamını məftun etdi
İstedadlı və gənc dirijor Əyyub Quliyevin xoş sorağı dünyanın ən möhtəşəm konsert salonlarından gəlir. Sentyabr ayı bu istedadlı musiqiçinin həyatında yaddaqalan günlərlə naxışlandı. Ayın əvvəlində Rusiyanın Kislovodsk şəhərində keçirilən bir yubiley konsertində həmyerlimizin qazandığı uğurlar barədə nəinki bu ölkənin, eləcə də dünyanın çox tanınmış, məşhur musiqişünasları maraqlı fikirlər söylədilər. Dünya musiqisevərlərinin diqqət və pərəstiş mərkəzində dayanan Əyyub Quliyev Qafqaz Mineral Suları Filarmoniyasında bu mədəniyyət ocağının 115 illiyi ilə bağlı keçirilən yubiley konsertində Rusiya Akademik Simfonik Orkestrinə dirijorluq etdi. İki gün keçirilən konsert proqramında Əyyubun qeyri-adi dirijorluq məharəti barəsində Rusiya mətbuatında maraqlı yazılar getdi.
Sentyabrın
ortalarında isə Litvanın paytaxtı Vilnüs
şəhərində gənc dirijorların forumu
keçirildi. Almaniya bu
beynəlxalq tədbirə Berlin Kamera Filarmoniyasının təşəbbüsü
ilə göndərilən orkestrə dirijorluq
etmək üçün məhz azərbaycanlı
Əyyub Quliyevi seçdi.
10-dan artıq ölkənin iştirak etdiyi bu beynəlxalq forumda Əyyub Quliyev
növbəti uğura imza
atdı. O, Berlin Kamera Filarmoniyasının
diplom və
sertifikatı ilə təltif edildi.
Ölkə başçısı
İlham Əliyevin sərəncamı ilə
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin anadan
olmasının 125 illiyi
nəinki ölkəmizdə,
dünyanın bir çox möhtəşəm
konsert salonlarında qeyd edildi. Belə tədbirlərdən
biri də Avstriyanın paytaxtı Vyanada tarixə çevrildi. Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü, eləcə
də bu ölkədəki səfirliyimizin
əməyi nəticəsində
Vyananın mərkəzində
yerləşən Pallaviçini
sarayında Azərbaycan
və Avstriya musiqiçiləri böyük
bəstəkarımızın 125 illik yubileyinə həsr olunmuş birgə konsert proqramı ilə çıxış ediblər.
Azərbaycandan bu ölkəyə gələn
nümayəndə heyətinə
xalq artisti, professor Fərhad Bədəlbəyli rəhbərlik
edirdi. Konsertdən öncə nümayəndələr
Üzeyir Hacıbəylinin
(heykəltaraş Ömər
Eldarovdur) Vyananın Dunay parkında ucaldılmış abidəsinin
önünə çiçək
dəstələri düzdülər.
Azərbaycan musiqiçilərinin ilk debütü də elə bu heykəlin
önündə başladı.
"Koroğlu" uvertürasının möhtəşəm
sədaları altında
qanadlanan "Şuşanın
dağları" mahnısının
heyranedici ahəngi bütün əcnəbiləri
heyrət içində
saxladı. Bəllidir
ki, Şərqin ilk operettalarından sayılan
"Arşın mal alan" əsəri də 2006-cı ildə
ilk dəfə məhz
bu məkanda büstün açılışı
zamanı nümayiş
etdirilmişdir.
Redaksiyamızın qonağı
olan Əyyub Quliyev söylədi: "Vyana Kamera Orkestri
və azərbaycanlı
musiqiçilər Üzeyir
Hacıbəylinin "Koroğlu"
operasından, "Arşın
mal alan" operettasından və digər əsərlərindən
parçalar ifa etdilər. Vokalistlərdən
Fəridə Məmmədovanın,
Azər Zeynalovun ifaları tamaşaçılar
tərəfindən böyük
məhəbbətlə qarşılandı.
Nümayəndə heyətinin rəhbəri
Fərhad Bədəlbəylinin
bəstəkar Tofiq Quliyev yaradıcılığından
fortepianoda ifa etdiyi "Qaytağı"
və özünün
müəllifi olduğu
"Dəniz" əsəri
alqışlara səbəb
oldu. Sonuncu əsər Üzeyir
Hacıbəyliyə həsr
edilmişdir. Tamaşaçılar bizim ifamızı, xüsusilə də Üzeyir Hacıbəylinin
əsərlərini, demək
olar ki, ayaq üstə alqışlayırdılar. Konsertdə bir məsələ həm mənim, həm də tamaşaçıların diqqətini
çəkdi. Məni həyəcanlandıran,
tamaşaçıları heyrətləndirən bu idi ki, tarzən
Ramiz Quliyev "Koroğlu"nun uvertürasını
müşayiət edən
zaman tarın iki simi qırıldı.
Tarzən olduğum üçün
bunun nə demək olduğunu yaxşı bilirəm.
Amma Tanrının köməyi və ustad sənətkarın istedadı sayəsində
heç nə hiss olunmadı. İfa daha möhtəşəm
və qeyri-adi alındı. Xüsusilə də gənc muğam ifaçısı
İlkin Əhmədovun
oxuduğu xalq mahnıları və muğamlar məhəbbət
və rəğbətlə
qarşılandı".
Bu, Əyyub Quliyevin məharətlə dirijorluq
etdiyi Vyana Kamera Orkestrinin azərbaycanlı musiqiçilərlə
keçirdiyi ikinci konsert idi. Qərara
alınıb ki, ənənəvi olaraq hər il
Vyanada sentyabrın
18-i Üzeyir Musiqi Günü birgə layihə əsasında həyata keçirilsin.
Səfər üstə olan Əyyub Quliyev bildirdi ki, İtaliyaya yola düşür. Bu Avropa şəhərinin iki ölkəsində müxtəlif musiqi kollektivlərinin iştirakı ilə klassik musiqi festivalı keçiriləcək. Əvvəlcə İtaliyanın Trento, sonra isə Parma şəhərlərində keçirilən bu beynəlxalq tədbirdə həmyerlimiz "Haydın" Simfonik Orkestrinə dirijorluq edəcək.
Vaxtilə özündən böyük tarı sinəsinə sıxıb ansambllarda məşhur müğənniləri müşayiət edən, adı gənc istedadların "Qızıl kitab"ına düşən, ümummilli lider Heydər Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülən Əyyub Quliyev bu gün dünya musiqi ictimaiyyətinin və mütəxəssislərin diqqətində dayanan məşhur dirijora çevrilib. Onu Avropa ölkələrinin hamısında, demək olar ki, tanıyırlar. Bu səbəbdən də keçirilən festivallarda, müsabiqələrdə qalib gəlmək üçün öz orkestrlərinin taleyini məhz azərbaycanlı dirijor Əyyub Quliyevə etibar edirlər. Onun hələ 27 yaşı var. Şöhrəti ellər dolaşan, sorağı uzaq, amma möhtəşəm konsert salonlarından gələn Əyyub Quliyevin bir müqəddəs arzusu var: babalarının, o cümlədən Azərbaycan milli musiqisinin yaradıcıları sayılan Hacıbəylilər nəslinin vətənində - "Koroğlu"nun uvertürasını ifa edən orkestrə dirijorluq edəydi. O söyləyir: "Şahidəm ki, "Qarabağ şikəstəsi", "Şuşanın dağları"... kimi muğam və xalq mahnılarımız Avropanı necə heyran edib. Bir vətəndaş və musiqiçi olaraq könlüm o zaman rahatlıq tapar ki, bu gözəl ifalar elə Şuşamızın özündə əks-səda versin!"
Arzuların çin olsun, Əyyub!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 4.