Aşqabadda keçirilən "Xoca Əhməd Yasəvi və Şərqin sufi ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan alimləri də iştirak etmişlər

 

Aşqabadda "Xoca Əhməd Yasəvi və Şərqin sufi ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Konfransda ABŞ, Türkiyə, Rusiya, Əfqanıstan, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Özbəkistan, Türkmənistan və digər ölkələrdən gəlmiş alimlər iştirak etmişlər.

Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor Elman Quliyev və filologiya elmləri doktoru, professor Buludxan Xəlilov təmsil etmişlər.

Konfransın əvvəlində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakçılara ünvanlanmış təbriki oxunmuşdur.

Elmi konfransın iştirakçıları "Xoca Əhməd Yasəvinin əsərlərinin əlyazma mənbələri və onun öyrənilməsi", "Xoca Əhməd Yasəvinin dövrü və 12-ci əsr Şərq tarixi", "Xoca Əhməd Yasəvinin yaradıcılığı və türkmən klassik ədəbiyyatı", "Xoca Əhməd Yasəvinin yaradıcılığı və Səlcuqilər dövrünün türk ədəbiyyatı", "Xoca Əhməd Yasəvinin ədəbi irsi və türkmən dili" mövzuları üzrə bölmələrdə 100-dən artıq məruzə dinləmişlər.

Azərbaycan alimlərinin böyük mütəfəkkirin həyat və fəaliyyəti ilə bağlı çıxışları da maraqla qarşılanmışdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Aşqabad

 

Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 4.