Bakıda "Ölüm növbəsi" bədii filminin premyerası olmuşdur

 

Teatr Xadimləri İttifaqının tamaşa salonunda dövlət sifarişi ilə "Sınaq-film" prodüser mərkəzində çəkilmiş "Ölüm növbəsi" bədii filminin premyerası keçirilmişdir.

Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi, Fikrət Əliyev, operatoru Rafiq Quliyev, bəstəkarı Rauf Əliyev, prodüseri Tofiq Musayevdir. Rolları Şamil Süleymanov, Abbas Qəhrəmanov, Qorxmaz Əlili-Canzadə, Aytac Nuri, Mirkamil Kamilov, Cahangir Novruzov, Mirzə Ağabəyli və başqaları ifa edirlər.

Filmin ssenari müəlliflərindən biri olan İlqar Fəhmi AzərTAc-a bildirmişdir ki, bu ekran əsərini ötən il təhvil verməli idik, lakin bir az gecikdik. Film Bakıətrafı kəndlərin birində baş verən dramatik hadisələrdən bəhs edir. Yeni ekran əsərində cərəyan edən əhvalatın mərkəzində mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri durur. Film "Ölüm növbəsi" adlansa da, burada insanları həyata nikbin baxmağa sövq edən çox yaxşı məqamlar əks olunmuşdur. Filmin çəkilişləri əsasən Buzovnada aparılmışdır.

Yeni film tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2010.-26 sentyabr.- S. 6.