Geniş tərkibdə görüş

 

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Özbəkistan Prezidenti İslam Kərimov bu cür qarşılıqlı səfərlərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bildirdi. Ölkələrimizin zəngin və qədim tarixi köklərə malik olduğunu deyən Özbəkistan dövlətinin başçısı 2008-ci ildə Azərbaycana səfərini xatırlayaraq, Prezident İlham Əliyev ilə görüşlərindən məmnun qaldığını söylədi.

Müasir Azərbaycan dövlətinin yaradılmasında və Özbəkistan ilə respublikamız arasında əlaqələrin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edən İslam Kərimov dedi ki, Daşkənd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daim Azərbaycanın ədalətli mövqeyini müdafiə edir.

Daşkəndə səfərinə böyük önəm verdiyini bildirən dövlətimizin başçısı İlham Əliyev həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İslam Kərimovun ölkələrimiz arasında əlaqələrin inkişafında yaratdıqları ənənənin bu günuğurla davam etdiyini vurğuladı.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Özbəkistanın ölkəmizin haqq işini dəstəkləməsini yüksək qiymətləndirir.

Görüşdə regionaliqtisadi münasibətlərə, mədəniyyət, təhsil və bir sıra digər sahələrə dair geniş müzakirələr aparıldı.

(Tədbir barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 2.